KÖŞƏ

Zahid Rza

Antiazərbaycan qüvvələrin Xəzər fiaskosu

15 avqust 2018 21:33
4264

Bu gün müstəqil siyasət yürüdən, inkişaf yolunda inamla irəliləyən, sabitlik, əmin-amanlıq adası olan Azərbaycan dünya miqyasında diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin hərtərəfli əsaslandırılmış strateji inkişaf kursu əlverişli geosiyasi mövqeyə, zəngin təbii-iqtisadi potensiala malik olan respublikamızı bütün dünyaya siyasi və makroiqtisadi baxımdan sabit məkan, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal  və regional enerji, nəqliyyat-kommunikasiya layihələrinin fəal iştirakçısı, tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini  daim inkişaf etdirən,   bütün bəşəriyyəti narahat edən məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq tədbirlər məkanı kimi tanıtdı, ona olan etimadı daha da möhkəmləndirdi.    

Ölkəmizin beynəlxalq aləmə sürətli  inteqrasiyası  Azərbaycanın kifayət qədər güclü, qüdrətli, nüfuzlu dövlət olduğunu təsdiqlədi. Bu gün ölkə başçısının düşünülmüş xarici siyasi strategiyası nəticəsində respublikamız ayrı-ayrı beynəlxalq təşkilatlarda, eləcə də regional və qlobal təşəbbüslərdə iştirakı ilə  öz milli maraqlarını gerçəkləşdirir, regional və qlobal əməkdaşlığa, dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verir. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində və səmərəliliyinin artırılmasında mühüm rol oynayır.

Hazırda Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rol oynaması, onun dünya birliyindəki mövqeyinin getdikcə güclənməsi hətta düşmənlərimiz tərəfindən etiraf olunur. Məsələn, bu günlərdə energi təhlükəsizliyi üzrə erməni ekspert, beynəlxalq politoloq Bahe Davtyanın avqustun 12-də  Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə Toplantısında Xəzərin hüquqi statusuna dair imzalanan Konvensiya ilə bağlı dedikləri bunun əyani sübutudur. B.Davtyan bildirib ki, geosiyasi baxımdan, Konvensiyanın imzalanmasının nəticəsində Ermənistan qismən də olsa regionda özünün hərbi-siyasi və geosiyasi əhəmiyyətini itirir. Erməni ekspert, həmçinin əlavə edib ki, Konvensiyanın imzalanması Rusiya, İran və Azərbaycan arasında bir çox sahələrdə, ələlxüsus iqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirəcək ki, bu da Yerevanın maraqlarına toxunur: “Bu gün biz artıq görürük ki, Ermənistan və Azərbaycan ərazilərindən keçməli olan əsas nəqliyyat-logistik layihələr tamamilə Azərbaycan ərazisinə istiqamətlənib. Təbii ki, Xəzər Konvensiyası bu prosesin fəallaşması üçün zəmin yaradacaq. Söhbət İran-Ermənistan dəmir yolu layihəsinin dondurulması və həmin marşrutun Azərbaycan-İran ərazisinə keçməsindən gedir”,

B.Davtyanın fikrincə, bütün bunlar Ermənistanın regional geosiyasi proseslərdən izolə olunmasına vurğudur.

Təbii ki, Azərbaycan Xəzərin hüquqi statusu ilə bağlı danışıqların getdiyi müddətdə beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafelərini müdafiə edib, digər qonşu ölkələr də xoş məram nümayiş etdirərək ölkəmizin milli maraqlarının müdafiəsi qarşısında müəyyən güzəştlər etmişlər.

Şübhəsiz, bütün bunlar Azərbaycan əleyhdarlarının, onların maşası olan antimilli ünsürləri bərk narahat edib, yuxularını ərşə çəkib. Belə ki, bu məsələ ilə bağlı müzakirələrin getdiyi bütün dövr ərzində, xüsusən Konvensiyanın imzalanması ərəfəsində xaricdəki antiazərbaycan qüvvələr, erməni lobbisinə yaxın dairələr həm  digər Xəzəryanı paytaxtlarda, həm də Qərbdə “Xəzər beşliyi” ölkələri arasında ziddiyyətləri qabartmağa çalışır, anlaşmanın baş tutmaması üçün çirkin fəaliyyət  göstərirdilər. Lakin onların bütün cəhdləri fiaskoya uğradı. Onların züy tutanları, “sapı özümüzdən olan baltlar”ın da  bu məsələ ilə bağlı sosial şəbəkələrdəki  mənfur fəaliyyəti də cəmiyyətimiz tərəfindən ikrahla qarşılanaraq birmənalı şəkildə rədd edildi.