KÖŞƏ

Zahid Rza

Ermənistanda kütləvi vətəndaş itaətsizliyi tüğyan edir

17 aprel 2018 00:04
3977

Arxaik düşüncələrlə, qeyri-çevik, irrasional siyasətlə idarə olunan, absurd məqsədlər uğrunda don kixotluq edən rəhbərciklərin girovuna çevrilən, aclıq, işsizlik,  yoxsulluq, səfalət, mühacir axını girdabında çırpınan işğalçı Ermənistan artıq dalana dirənib.

Bütün bunlara, eləcə də Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir postunu ələ keçirməsinə qarşı aprelin 16-da tüğyan edən kütləvi vətəndaş itaətsizliyi tədbirləri paytaxt İrəvan şəhərində ciddi qarşıdurmalara gətirib çıxarıb. Baş nazirin namizədliyi parlamentin apreıin 17-də keçiriləcək iclasında təsdiqlənəcək. Ermənistan KİV-inin məlumatına  görə, həmin gün İrəvan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil ediblər. Onlar dərslərə girməyərək oturaq aksiya keçiriblər. Bundan əvvəl isə aprelin 13-də Sarkisyanın baş nazir vəzifəsini ələ keçirməsinə qarşı İrəvanda birgün fasiləsiz mitinq keçirilmişdi. Tələbələr əl-ələ verərək, necə deyərlər, ətdən divar çəkərək, paytaxtın Baqramyan prospektini bağlayaraq şəhərin mərkəz hissəsində nəqliyyatın hərəkətini ifliç edərək tıxac yaradıblar. Ən maraqlısı odur ki, tıxaca düşən vətəndaşlar maşınlardan düşərək etirazçılara qoşulublar. Polis aksiya iştirakçılarına güc tətbiq etdiyindən tərəflər arasında ciddi qarşıdurma yaranıb. Etirazların davam etdiyi əksər istiqmətlərdə polisin yolları açmaq istəyi baş tutmayıb. Fasiləsiz etiraz aksiyasının lideri, “Çıxış” blokunun parlament fraksiyasının rəhbəri, deputat Nikol Paşinyan yoldakı sürücü və vətəndaşlara müraciət edərək deyib ki, “müvəqqəti narahatlığa görə dözümlü olmağı xahiş edirik. Bu, daha böyük narahatlıqdan-Serj Sarkisyan mafiyasının hakimiyyətə qayıtmasından xilas olmaq üçün atılan məcburi addımdır”.

Nyus.am” saytı N.Paşinyanın tərəfdarlarının “Yertisardakan” metro stansiyasının fəaliyyətinə mane olmaq cəhdinə polisin imkan vermədiyini bildirib. Polis insidentin qarşısını alan zaman etirazçılara güc tətbiq edib. İrəvanın mərkəzində aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma olub. Polis parlament binasına doğru hərəkət etməyə çalışan etirazçıların qarşısını alarkən iğtişaş başlayıb. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Müxalif deputat Nikol Paşinyan da xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ermənistan mətbuatının verdiyi xəbərlərdən aydın olur ki, İrəvanın  mərkəzində güclənən etirazlardan çəkinən Sərkisyan artıq müxalifətlə partiyasının iclasını paytaxtın 50 kilometrliyində yerləşən Tsaxkadzor şəhərində keçirməyi qərara alıb.

Qeyd edək ki, 2015-ci il dekabrın 6-da keçirilən referundumda qəbul edilən konstitusiyaya görə, Ermənistan cari ildən parlamentli respublika idarəetmə üsuluna keçib. Elə o zaman da referendum zamanı baş vermiş ciddi qanun pozuntularına qarşı İrəvan şəhərində və digər bölgələrdə keçirilən etiraz mitinqləri ölkədəki vəziyyəti gərginləşdirmişdi. Etirazçılar günlərlə davam edən mitinqlərdə “Sarkisyan faktiki olaraq respublikada seçki mexanizmini məhv edib” şüarları səsləndirirlər. Hətta Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Riçard Milz seçkilərdə yol verilən ciddi qanun pozuntularından, saxtakarlıqlardan narahatlıq ifadə edərək nəticələrin düzgün araşdırılmasının vacibliyini bildirmişdi.

2015-ci ilin Konstitusiyasına əsasən, baş nazirin namizədliyini səs çoxluğu ilə parlament təsdiq etməlidir. Ona görə də hakim Ermənistan Respublikaçılar Partiyası daşnakları da yanına alaraq S.Sarkisyanın  namizədliyini baş nazir vəzifəsinə təqdim edib.  Ermənistan ictimaiyyətinin kəskin etirazlarına baxamayaraq, məhz həmin saxta referendumla konstitusiyanı dəyişən S.Sarkisyan indi də total saxtakarlıq və dələduzluq yolu ilə baş nazir postunu ələ keçirmək istəyir. Belə ki, bir müddət əvvəl “Qallup” sirkətinin keçirdiyi sorğuya görə, erməni cəmiyyətinin 27,3 faizi Karen Karapetyanı, 26,5 faizi isə biznesmen Haqik Sarukyanı baş nazir postunda görmək istəyir. Sorğunun nəticələrinə görə, S.Sarkisyan bu şəxslərdən sonrakı yerlərdə qərarlaşaraq cəmi 24,8 faizin dəsətəyini qazana bilib.

Şübhəsiz, Ermənistanda vətəndaşların S. Sarkisyanın baş nazir olaraq hakimiyyəti yenidən ələ keçirmə cəhdlərinə qarşı kütləvi itaətsizlik tədbirlərinin keçirilməsi təsadüfi deyil. Çünki S.Sarkisyan hakimiyyətdə olduğu müddətdə işğalçılıq siyasəti ilə özünütəcrid vəziyyətinə salan Ermənistanı çıxılmaz dalana dirəyərək, aclıq və səfalət girdabına yuvarladaraq bir dövlət kimi məhvolma təhlükəsi ilə üz-üzə qoyub. Rəsmi statistik məlumatlara görə, son 10 ildə Ermənistanı ildə orta hesabla 38 min nəfər birdəfəlik tərk edib. Deməli axırıncı on ildə, yəni  təkcə uşaq qatili Sarkisyanın prezidentliyi dövründə işğalçı ölkədən 380 min nəfər daimi yaşamaq üçün başqa ölkələrə köçüb. Rusiyada ermənilərin nəzarətində olan “EADaliy” saytı yazır ki, Sarkisyanın rəhbərliyi dövründə, daha dəqiq desək, 2016-cı ildə Ermənistandan köçənlərin sayı daha da yüksələrək 48200 nəfərə çatıb. Şübhəsiz, bütün bunlar işğalçı ölkədə əhalinin artımına maksimum dərəcədə mənfi təsir göstərir. Belə ki, Sarkisyanın iqtidarı dövründə işğalçı ölkədə əhali artımı ən aşağı həddə olub- 37 min 700 nəfər. BMT nin Əhali Fondunun hesablamalarında deyilir ki, əgər vəziyyət belə davam edərsə, 2040-cı ildə Ermənistada əhalinin sayı, 2,5 milyona qədər azalacaq. Ölkədə yoxsulluq 30 faizə, işsizliyin səviyyəsi isə 50 faizə yüksəlib.

Təbii ki,  bütün bunlar- işsizlik, yoxsulluq, səfalət, kütləvi mühacirət, özünütəcrid və marginallıq, işğalçılıq siyasəti, lidersizlik, siyasi-ideoloji bleflər Ermənistanı siaysi defolt və sosial-iqtisadi partlayış girdabına yuvarladıb.