KÖŞƏ

Zahid Rza

Xəyanət generatorları

14 mart 2018 23:06
6116

Ötən 25 ildə bu antimilli şəbəkənin mahiyyətində, fəaliyyət dinamikasında, hədəflərində, hərəkət trayektoriyasında müsbətə doğru heç bir dəyişiklik olmayıb. Aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində şəxsi maraqları və ambisiyaları naminə milli mənafelərimizə zidd əməllərinin rəngini daha da tündləşdirən bu marginal dəstənin dərin mənəvi-psixoloji sarsıntılar burulğanında çırpındığı aşıq-aşkar görünür. Bir qrup əqidədaşları ilə sosial şəbəklərdə meydan sulayaraq dövlətimizə, onun simvollarına şər-böhtan yağdıran, onları təhqir edən bu üzdəniraqlar təbii ki, cəmiyyətimiz tərəfindən öz layiqli cavablarını alırlar.

AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı kimilərin və onların tör-töküntülərinin burnunda hələ də ötən əsrin 90-cı illərinin “qoxusu” qalıb. O illərdə, tarixi torpaqlarımız olan Qarabağda erməni separatizminin tüğyan etdiyi bir dövrdə Azərbaycan Ali Sovetində “indi əsas məsələ Qarabaq deyil, hakimiyyət məsləsidir” deyərək ölkədə xaos, anarxiya yaradıb tankların və topların üstündə hakimiyyəti zəbt etmək üçün ən çirkin vasitələrə əl atan bu hakimiyyət, kreslo sevdalıları  deyəsən, o vaxt baş verənlərin yaddaşlardan silinmədiyini unudurlar. XXI əsrin gerçəklikləri və reallıqlarını dərk edə bilməyən, heç bir nəzəri-ideoloji bazası olmayan, hərəkət pradiqmasında satqınlığın, xəyanətkarlığın, antimilliliyin cəmləşdiyi dağıdıcı düşərgənin başbilənləri üçüncü minilliyin həqiqətlərinə hələ də o dövrlərin gözü ilə baxırlar.

 “Milli Şura”nın son illərdəki fəaliyyəti, xüsusilə martın 10-dakı mitinqi ə.kərimlilərin, c.həsənlilərin, a.hacılıların və onların qul-beçələrinin  əsl simasını, xarakterik (siz) liyini, məzmun-mahiyyətini tam dolğunluğu ilə ortaya qoyur. Dağıdıcı müxalifətin fəaliyyət proqramında dəyişən yalnız öz şəxsi maraqları naminə gündən-günə gücləndirdikləri antimilli fəaliyyətdə təkamülü, evolvasiyanı rədd edərək zoru, pozuculuğu, anarxizmi daha da şiddətləndirmək naminə onu yeni “texnologiyalar”la zənginləşdirmək üçün ən məkrli və avatürist metodlardan istifadə edilməsidir. Bütün bunların isə birmənalı olaraq  bu xəyanətkarların antiazərbaycançılıq fəlsəfəsinin imperativlərindən qaynaqlandığını desək, heç də yanılmarıq. Həmçinin erməni lobbisinin təsiri altında olan bəzi xarici təşkilatların və Azərbaycan əleyhdarlarının verdikləri pulların qarşılığında tələblərinin, basqı və həmlələrinin bu xəyanətkar dəstənin başı üzərində asılmış “Demokl qılıncı” olduğu da danılmaz faktdır.

Milli maraq və mənafeləri antiazərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, xəyalpərəstliyə, ifrat subyektivliyə yuvarlanan pozucu müxalifət “liderciklər”inin əli hər yerdən üzüldüyünə görə fəaliyyətlərində bu gün Avropanın müxtəlif ölkələrində daldalanan, antiazərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, ideya-syasi cəhətdən özünüdərkin sıfır nöqtəsində olan, milli düşüncədən məhrum, orduxan teymurxanlara, məhəmməd mirzəlilərə, tural sadıqlılara üstünlük vermələri əslində bəzi qaranlıq məqamları gün işığına çıxardır. Bu xəyanətkarlar isə özlərini azərbaycanlı adlandırsalar da, xaricdəki düşmənlərimizin dərsləri və təlimatları ilə Azərbaycan dövlətçiliyinin, onun simvollarının əleyhinə şər-böhtan və təhqirlər yağdıraraq ölkəmizin beynəlxalq nüfuzuna qarayaxmağa çalışsalar da heç nəyə nail ola bilmirlər. Əslində mənəvi-əxlaqi, ideya-siyasi cəhətdən ciddi rekonstruksiyaya  ehtiyacı olan həmin “cəfakeş mühacirlər”in çirkin fəaliyyətlərinin əsasında da Ə.Kərimli, C.Həsənli, A.Hacılı kimilərin və onların  “əqidədaşlarının” antiazərbaycan, antimilli, satqın və xəyanətkar “ideyalar”ı dayanır. Məhz buna görə də cəmiyyətimiz dağıdıcı müxalifətin milli-mənəvi, etik-əxlaqi, ideya-siyasi cəhətdən lümpenləşmiş “liderlər”ini xəyanət generatorları adlandırmaqda haqlıdır.