Menu
  • 20-04-2018
      • Bakı +14+18

  • 20-04-2018
    • $ 1.7
      2.1043

1   2   3   4   5   6

Yazarlar
  • Zahid Rza
    ikisahil@mail.ru

Erməni separatizminin “feyk təzahürü”

26-12-2017 [ 19:47 ] [ oxunub:551 ]
A+ | A-

Təcavüzkar ölkənin beynəlxalq birlik tərəfindən cəzalandırılmaması absurd, ikili standartların nümayişi və riyakarlıqdır

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, erməni separatçılığı nəticəsində meydana çıxan, minlərlə azərbaycanlının qətlinə, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olan Dağlıq Qarabağ münaqişəsi  qlobal sülhə ciddi təhlükədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin öz havadarlarının köməyi ilə 25 ildən artıq müddətdə “millətlərin öz müqəddəratını təyinetmə hüququ” kimi saxta tezislə davam etdirdikləri separatçılıq hərəkatı Azərbaycanın ərazi bütövlüyünü pozub, Cənubi Qafqazda xalqların birgəyaşayış inamını sarsıdıb, regionun inkişafına ağır sərbə vurub, sülhü, sabitliyi, təhlükəsizliyi ciddi şəkildə təhdid edən qlobal problemə çevrilib.

XX əsrin əvvəllərindən ABŞ-ın 28-ci prezidenti Vidro Vilsondan qalma, bu gün ayrı-ayrı dövlətlərin ərazi bütövlüyünün parçalanmasına, etnik-dini bölücülüyə və ayrımçılığa rəvac verən “millətlərin öz müqəddəratını təyinetmə hüququ” hazırda bütün dünyanı separatizm adlı təhlükə ilə təhdid edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi açıq-aydın bir işğal, etnik-dini təmizləmədir. Dövlətimizin başçısı Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Sammitində separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməsinin vacibliyini vurğulayaraq bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır.

Ölkəmizin başçısı daim bildirir ki, ermənilər artıq bir dəfə öz müqəddəratlarını təyinetmə hüququnu reallaşdırıblar. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək: “İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır, digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri,- bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur,- tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. O ki qaldı, xalqların öz müqəddəratını təyin etməsi məsələsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.

Şübhəsiz, forpost Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlaması bəzi dövlətlərin, güc mərkəzlərinin neoimperialist, geosiyasi, geoiqtisadi maraqları naminə separatizmi dəstəkləməsi və beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasətinin əyani sübutudur. Təcavüzkar Ermənistanın münaqişə ilə bağlı BMT-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsi artıq Azərbaycanın beynəlxalq birliyə inamını sarsıdıb. Artıq Azərbaycan xalqı erməni separatizminin necə deyərlər, “feyk təzahür”ünün mahiyyətini çox yaxşı anlayır. Bunu yalnız biz demirik. Tanınmış, siyasətçilər, nüfuzlu elm və mədəniyyət xadimləri, sülhsevər insanlar müxtəlif beynəlxalq tədbirlərdə bunu dönə-dönə dilə gətiriblər.

 2017-ci il noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən Beynəlxalq Forumda tanınmış fizik, keçmiş briqada generalı Sneh Efraim Ermənistanın əleyhinə sərt danışaraq çox haqlı olaraq separatizmin dünyada kök salmasında beynəlxalq gücləri təqsirləndirib: “Azərbaycanın ərazi bütövlüyü müqəddəsdir, beynəlxalq birlik hər kəsə şamil etdiyi prinsipləri Ermənistana etmir. Bunun səbəbi nədir?” Dünyada Qarabağ probleminin həlli ilə bağlı ikili standart var. Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana gəldikdə dəyişir. Onlar bunu xalqların öz müqəddəratını təyinetmə hüququ adlandırırlar. Məgər hərbi təcavüzlə öz müqəddəratını təyinetmə mümkündürmü? Bu, absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar”.

Moldovanın sabiq ombudsmanı və parlament vəkili Aureliy Qriqoriu bildirib ki, Ermənistanın indiki rəhbərləri Xocalıda azərbaycanlılara qarşı soyqırımında iştirak ediblər. Avropa İttifaqı isə münaqişənin həllini ATƏT-in fəaliyyətsiz Minsk qrupunun öhdəsinə buraxaraq dəvəquşu mövqeyi nümayiş etdirir.

Bu gün yeni dünya nizamı yaradanlar, planetin idarəolunmasını öz üzərlərinə götürmək iddiasında olan qüvvələr artıq müxtəlif manipulyativ yanaşmalara, ikili standartlara son qoyaraq işğalçı Ermənistanı cilovlamalı, bu təcavüzkar ölkəni münaqişə ilə bağlı BMT-nin müvafiq qətnamələrini yerinə yetirməyə məcbur etməli, məsələnin sülh yolu ilə həll olunmasını tezləşdirməlidirlər. Əks halda gündən-günə güclənən Azərbaycan Ordusu öz Ali Baş Komandanının əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək.

Zahid Rza

DİGƏR YAZILAR