KÖŞƏ

Zahid Rza

Moskva erməni lobbisinin xəyanətkar əməllərinin mərkəzinə çevrilməməlidir

13 dekabr 2017 23:11
3651

Bu gün Azərbaycan- Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. İki ölkə ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir, Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlarənın əlaqələri səmərəli və dinamik inkişaf edir.

Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumu iştirakçılarına göndərdikləri  təbrik məktublarında hər iki ölkənin dostluq əlaqələrindən, strateji tərəfdaşlıq münasibətlərindən söz açılıb. Prezidentlərin  məktublarında bildirilib ki, bu Forum dövlət, hakimiyyət və biznes strukturlarını, vətəndaş cəmiyyəti institutlarını birləşdirir, Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərində mühüm rol oynayır, ikitərəfli əməkdaşlığa effektli yardım edir.

Qeyd etmək lazımdır ki, VIII Rusiya-Azərbaycan Forumu  ölkələrimiz arasındakı münasibətlərin  yüksək səviyyədə davam etdiyini bir daha sübut etdi. Ötən 25 il ərzində Azərbaycan Rusiyanın strateji tərəfdaşına çevrilib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin  dövlətimizin başçısına ünvanladığı məktubda bu  barədə deyilir: “...Ötən iyirmi beş il ərzində biz Rusiya və Azərbaycan xalqlarını ənənəvi şəkildə bir-birinə bağlayan dostluq və qarşılıqlı hörmət münasibətlərini qoruyub saxlamağa, yeni, dövlətlərarası əsasda inkişaf etdirməyə nail olmuşuq. Məzmunlu siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Moskva ilə Bakı regional və qlobal gündəliyin aktual məsələlərinin həllində səylərini əlaqələndirir, müxtəlif beynəlxalq strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir”.

Rusiyanın 17 regionu ilə Azərbaycan arasında iqtisadi, mədəni və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb. Son beş ildə 5 mindən çox iş adamının iştirakı ilə 30-dan artıq iqtisadi tədbir keçirilib. Son illərdə Rusiya ilə Azərbaycan, o cümlədən iki ölkənin rəhbərliyi arasında daim qarşılıqlı anlaşma mühiti hökm sürüb. Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə alıb. İki ölkə mütəmadi olaraq terrorizm və ekstremizmin yayılmasının qarşısının alınması məqsədilə birgə əməliyyatlar keçiriblər. Təqdirəlayiq haldır ki, Azərbaycan KİV və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə qardaş xalqlarımızın  əlaqələrinin ruhuna zidd mövqe tutmaqdan çəkiniblər. Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil. Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin antiazərbaycan siyasəti üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədir. Belə ki, bir müddət əvvəl Ermənistanda Azərbaycan əleyhinə “ikinci cəbhə” açmaq məqsədilə Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları Cənub bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə və Zabil Məhərrəmov kimilərdən istifadə edilərək  telekanal və mərkəzlər açılmışdı. Azərbaycan ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını  dəyişərək  həmin qurumların fəaliyyətini Moskvaya köçürüblər. 

Bu fəaliyyətlərdə  adı keçən F.Aboszadə 1981-1995-ci illərdə BDU-da işləyib. Onun əvvəl Kommunist Partiyası, sonra isə AXC hakimiyyəti dövründə sürətli karyera sıçrayışı etmək cəhdləri uğursuzluqla nəticələnib. Maraqlıdır ki, FAboszadənin “Politologiya” dərsliyi adı ilə AXC-ni və onun sədrini öyən kitab yazması da “lazımınca” qiymətləndirilməyib. Mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasına çəkmək cəhdi isə bölgə əhalisinin qətiyyətli səyi ilə iflasa uğrayıb. Bundan sonra Rusiyaya sığınan F. Aboszadə erməni xüsusi xidmət orqanlarının və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyət göstərir. Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil  Məhərrəmov da hazırda “fəaliyyəti”ni Yerevandan Moskvaya köçürmüş və bu təxribatçı planlarını da elə oradan həyata keçirir.  Bir müddət əvvəl bu şəxs mətbuatda “bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı ilə çıxış edən  satqın, Vətən xainidir. Azərbaycan  əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Bununla yalnız Azərbaycana deyil, Rusiyanın mənafelərinə xəyanət edilir. Rusiya tərəfi erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsini, onun geosiyasi maraqlarına ciddi zərbə vurmasını nəzərə alaraq bu üzdəniraq qüvvələrlə ciddi mübarizə aparmalı, Moskva bu xəyanətkarlardan təmizlənməlidir.