KÖŞƏ

Zahid Rza

Avropa Parlamentinin qətnaməsi qərəzli və uydurmadır

21 iyun 2017 14:16
2052

Dünyanı  bürüyən maliyyə böhranı şəraitində, region ölkələrinin ciddi iqtisadi və sosial problemlərlə üzləşdiyi dövrdə  Azərbaycanda siyasi və makroiqtisadi sabitliyin, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, maliyyə resurslarının getdikcə möhkəmlənməsi, ölkəmizin təşəbbüskarı olduğu nəhəng enerji, nəqliyyat-kommunikasiya layihələrinə ciddi maliyyə dəstəyi, beynəlxalq sistemdə nüfuzunun artması bəzi dövlətləri, antiazərbaycan dairələri, erməni lobbisini narahat edərək yuxularını ərşə çəkir. Azərbaycanın gündən-günə güclənməsini həzm edə bilməyən həmin şər qüvvələr bəzi beynəlxalq təşkilatları, eləcə də Avropanın müxtəlif qurumlarındakı ələbaxan dostlarını  min bir hiylə ilə qurduqları tora salaraq ölkəmizə qarşı qarayaxma kampaniyasına cəlb edirlər. Dəfələrlə şahid olmuşuq ki, “qoca qitə”nin bəzi təşkilatlarında yuva salmış, erməni lobbisinin çirkli pulları ilə “qidalanan”, islamofob və antitürk dairələr əsassız iddialarla, uydurma bəhanələrlə min bir hiylə ilə Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsində xüsusi canfəşanlıq göstəriblər. Təbii ki,  qərəzli, qeyri-obyektiv xarakterli belə “qətnamələr” lazımsız kağız parçası kimi kənara atılıb, onlara əhəmiyyət verilməyib. Azərbaycan ictimaiyyəti, xalqımız   daxildə və xaricdəki peşəkar ermənipərəst qüvvələrin belə çirkin oyunlarının mahiyyətinə yaxşı bələddir.

Bu günlərdə Avropa Parlamentində  (AP) ölkəmizə qarşı qəbul edilən qətnamə ilə tanış olduqda onun mayasındakı antiazərbaycançılığı, qərəzi, qeyri-obyektivliyi, uydurmaçılığı asanlıqla görmək olur. Elə AP-nin özündə də bu sənəd birmənalı qarşılanmayıb. Belə ki, deputatların 272 nəfəri sənədin təxirə salınması təklifi ilə çıxış edib, 27-si isə səsvermədə bitərəf qalıb.

 Fəhmli adamlar o dəqiqə anlayırlar ki,  Azərbaycanın uğurları, müstəqil siyasəti, beynəlxalq aləmdə nüfuzunun artması Qərbdəki antiazərbaycan qüvvələri, üzdəniraq erməni lobbisini narahat edir. Ona görə də cəmiyyətimiz adətən başqalarına “demokratiya”, “insan haqları” dərsi keçməyə çalışan Avropa Parlamenti kimi ciddi qurumun belə yanlış işə qol qoymasını təəssüflə qarşılayır. Çünki Azərbaycanla Avropa  İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Respublikamızın xarici siyasətində strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, mənbələrin şaxələndirilməsinə böyük töhfələr verir. Bir müddət əvvəl Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bəyan etmişdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatı üçün olduqca əhəmiyyətli bir tərəfdaşdır. O, həmçinin Azərbaycanda gedən demokratik proseslərin ardıcıllığını və davamlılığını, “Cənub Qaz Dəhlizi” ilə bağlı öhdəliklərə Avropa İttifaqının da sadiq qaldığını, bu əməkdaşlığın hər iki tərəf üçün əlverişli olduğunu xüsusi vurğulamışdı. Ötən ilin sentyabr ayından Azərbaycanın “Avronest”də fəaliyyəti bərpa olundu. Yeri gəlmişkən onu da qeyd edək ki, bundan əvvəl də AP-nin qərəzli, obyektivlikdən uzaq belə qərar və qətnamələri Azərbaycanın “Avronest”lə əməkdaşlığı dayanadırmağa məcbur etmişdi.

Belə bir əədalətsiz, qərəzli qətnamənin qəbulu kimə gərək idi? Təbii ki, erməni lobbisinə, antiazərbaycan qüvvələrə və ölkəmizin inkişaf və tərəqqisini istəməyən dövlətlərə. Məhz həmin qüvvələrin təsiri ilə Azərbaycanın dövlət sərhədlərini, qanunvericiliyini pozmuş bir şəxsə-Əfqan Muxtarlıya görə belə bir qətnaməni qəbul edib, münasibətlərə xələl gətirmək yolverilməzdir. Axı sözügedən şəxs barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Həmin məlumata əsasən, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və xidmətin əməkdaşları tərəfindən saxlanılmışdır. Yəqin ki, avropalılar öz ölkələrində baş verən belə kobud qanun pozuntusuna  göz yummazdılar.

Təbii ki, Avropa Parlamentinin antiazərbaycan qüvvələrin dirijorluğu ilə qəbul etdiyi məlum qətnamə ağla sığacaq, idrak ediləcək bir şey deyil. Məncə, avropalı parlamentarilar öz dünyagörüşünlərində, təfəkkür tərzi və  iş üslubunlarında dəyişiklik etsələr, demokratik dəyərlərə sayğı ilə yanaşsalar, qarşılıqlı hörmət və tələbkarlığı özlərinin “fəaliyyət düstüru”na çevirsələr daha yaxşı olardı.