KÖŞƏ

Zahid Rza

7 oktyabr Əli Kərimlinin siyasi meyit olduğunu bir daha təsdiqlədi

11 oktyabr 2017 15:47
3824

Dağıdıcı müxalifətin “lideri” fırıldaqçı, oyunbaz AXCP sədri Əli Kərimli oktyabrın 7-də yenə “Məhsul” stadionunda “siyasi” kəndirbazlıq edirdi. Onun marionetkası, “Milli Şura”nın sədri Cəmil Həsənli, hansı işin-peşənin sahibi olduğu bilinməyən Eldəniz Quliyev, mitinq-şouların yengəsi kimi tanınan Gültəkin Hacıyeva və tribunada yeni peyda olan Zümrüd Yağmur  da yalançı pəhləvanlar sayağı meydanda təlxəllik və “amiqo”luq edirdilər. Əslində bu, özünü müxalifət adlandıran bir qüvvənin mitinqindən çox yeniyetmə yaşına çatmamış məhəllə uşaqlarının öz aralarında keçirdikləri futbol yarışlarının mənzərəsini xatırladırdı: qara-qışqırıq, hay-küy, söyüş, rabitəsiz və məntiqsiz kəlmələr, öz uğursuzluğunu başqalarının adına yazmaq və s.

Təxminən 1000 nəfərin toplaşdığı bu mitinq-şouda Ə.Kərimlinin və yanındakıların pafoslu çıxışları, yalançı, reallıqdan uzaq, qeyri-səmimi vədləri, erməni lobbisinin çirkli pulları ilə ələ alınan “ştatnı” mitinqçilərin səsləndirdikləri şüarlar o qədər cansıxıcı və qaragüruhçu idi ki, hətta nəyəsə aldanıb stadiona gələnlərin çoxu bezib “tədbiri” yarımçıq tərk edirdilər. Deyəsən, Ə.Kərimli-C.Həsənli cütlüyünün kələyi bu dəfə də baş tutmadı. Ancaq bütün bunlar mitinqin tribunasında dayananların heç vecinə də deyildi. Çünki onlar Azərbaycan əleyhdarlarından və erməni lobbisindən aldıqları pulların müqabilində bir-iki saat orada ölkəmizin əleyhinə öz yalan və böhtanlarını üyüdüb-tökməli idilər. Yoxsa Qərbdəki ağaları bunlardan hesab sorar, verdikləri tula payını geri alar. Mitinqdə diqqəti çəkən məqamlardan biri də o idi ki, həmişə olduğu kimi, başlarının üstündə Avropa İttifaqının bayrağını tutanlar, dini şüarlar səsləndirənlər eyni sırada dayanaraq poz verir, kameralara düşmək üçün dəridən-qabıqdan çıxırdılar. Bu, çox maraqlı nüansdır.  Avropa İttifaqından danışarkən, diqqət çəkiləsi bir nüans var. Mitinq-şoular Avropa ölkələrinə getmək istəyənlər üçün gözəl imkandır. Onlar burada şəkil çəkdirirlər, bunu sosial şəbəkələrdə yayıb müxalif olduqlarını, guya hakimiyyət tərəfindən təzyiqlərə məruz qaldıqlarını göstərirlər. Sonra da mühacir alverindən çoxlu  pul qazanan Ə.Kərimliyə yaxşıca pul verərək AXCP-nin vəsiqəsini alıb o ölkələrə üz tuturlar.

  Bir sözlə, AXCP sədri Ə.Kərimlinin və “Milli Şura”nın sədri C.Həsənlinin oktyabrın 7-dəki absurd teatrları dağıdıcı müxalifətin heç bir sosial bazasının olmadığını bir daha ortaya qoydu. “Məhsul”dakı tragikomik səhnə “Milli Şura”nın təşkil etdiyi mitinqlərin konkret olaraq  yalnız Ə.Kərimli-C.Həsənli cütlüyünün  şəxsi maraqlarına xidmət etdiyini  bir daha qətiləşdirdi. “Məhsul” stadionundakı 7 oktyabr mitinq-şou  həm də  mənəvi-psixoloji  sarsıntılar burulğanında çırpınan bu cütlüyün artıq siyasi meyitlərə çevrildiyini sübuta yetirdi.