KÖŞƏ

Taleh Bağırov

Öz gözündə tiri görməyənlər...

13 iyun 2018 23:23
6169

Son zamanlar ölkəmizin uğurlarını, inkişafını gözü götürməyən müəyyən xarici qüvvələr Azərbaycanın imicinə qara yaxmaq üçün yenidən hərəkətə keçiblər. Uzun illərdir ölkəmizin artan qüdrəti ilə barışa bilməyən belə qurumlar hər dəfə müxtəlif yollarla, müəyyən qurumlar yaratmaqla, antimilli ünsürlərin küllü miqdarda pul qarşılığında köməkliyi ilə Azərbaycanı qeyri-demokratik, insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi təqdim etməyə çalışırlar. Yayılan məlumata görə, bu günlərdə qarayaxma kampaniyasının növbəti mərhələsinə start verilib. Kampaniyanın əsas təşkilatçısı isə ermənipərəstliyi hər kəsə məlum olan Soros fondudur.

Əsasən dağıdıcı müxalifətlə iş birliyinə üstünlük verən himayədarlar bu dəfə media üzərindən plan qurmaq istəyir. Belə ki, bir neçə gün öncə Azərbaycanda internet mediasının problemləri mövzusunda geniş müzakirə keçirilib. Müzakirələri “Media klubu” adlanan və əsasən “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin idarə etdiyi qurumun üzvləri aparıblar. Müzakirələrin tam mahiyyəti bəlli olmasa da “Media klub”un təsisçilərinin yaydıqları açıqlamada qeyd olunur ki, onlar Azərbaycanda müstəqil, keyfiyyətli və məsuliyyətli kütləvi informasiya vasitələrinin təşəkkülünə və ona olan ictimai etimadın bərpasına kömək edəcək mühitin yaradılması, o cümlədən informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədilə səylərin birləşdirilməsini zəruri hesab edirlər. Təbii ki, bu istək normal haldır, çünki Azərbaycan müstəqil, demokratik, müxtəlif dəyərlərə hörmətlə yanaşan bir ölkədir. Lakin belə fikirləri səsləndirən kəslərin də ən azından sözləri ilə əməlləri uyğun gəlməlidir. Bəs, gəlin görək “Media klub”da təmsil olunanlar necə, onlar da dediklərinə uyğun profildədirlərmi?

Elə başlayaq “Azadlıq” qəzetinin baş redaktor əvəzi olmuş Rövşən Hacıbəylidən. Qəzetin manipulyasiya, təcavüz, təhqir, yalan və böhtan sisteminə çevrilməsinin məsuliyyətini daşıyanlara “peşka” olan, ancaq indi yaxasını qırağa çəkənlərdəndir.

“Media klub”un digər üzvü, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru olmuş Elçin Şıxlı qəzetçilkdə yüksək menecmentlik bacarığı olan şəxs kimi göstərilirdi və hər iki qəzeti fasiləsiz olaraq nəşr olunurdu. Lakin sonradan məlum olan maliyyə oliqarxları tərəfindən gələn maddiyyat kəsildi və həmin qəzetləri saxlamaq üçün Elçin Şıxlı yüksək menecmentlik qabiliyyəti sərgiləyə bilmədi. Qəzetlər isə tez bir zamanda fəaliyyətini dayandırdı. Ciddi bir yazının altında imzası olmayan, menecer kimi ad çıxaran, o adı da qısa zamanda batıran Elçin Şıxlı hazırda adı olub özü olmayan, jurnalistlərin heç vaxt dərdinə əlac etməyən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Azərbaycanda müasir medianın müzakirəsini aparanlardan biri də “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyevdir. Müasir media dedikdə təbii ki, yada düşən ən önəmli faktorlardan biri də internet resurslarından maksimum istifadədir. Lakin Arif Əliyevin rəhbəri olduğu qurumun, ümumiyyətlə, web-səhifəsi belə yoxdur. Bu qurumun internetlə əlaqəsi yalnız Facebook sosial şəbəkəsində yaradılıb ki, burada da son palyaşım nə az, nə çox, düz 5 il bundan əvvəl olub. Arif Əliyevlə bağlı yazılası çox şey var. Lakin bu yerdə bir fakt lap yerinə düşür. Bir vaxtlar bu adam yaxşı maliyyəsi olan “Gün səhər” qəzetini yaratmışdı. Bu layihənin yalnız birinci mərhələsinə təxminən 300 min dollar qrant almışdı. Amma heç birinci mərhələni belə axıra çatdıra bilmədi, pul da, qəzet də bir anda göyə sovruldu.

Nəhayət “Media klub”un əsas təsisçisi elə ən böyük maxinator olan Mehman Əliyevdir. Onun üzünün açıqlamasına görə, 2000-2010-cu illərdə Azərbaycan mediasına 150 milyondan çox qrant ayırılıb. Ən yağlı tikələri, heç şübhəsiz ki, Mehman Əliyev öz boşqabına çəkib. Ona görə ki, o, həm Soros fondunun yerli bürosunun rəhbəri, həm də digər donorlar tərəfindən qrantların bölüşdürülməsində birbaşa iştirak edib.

Yəqin ki, digərlərini yazmağa elə də ehtiyac yoxdur. Çünki hamısı eyni əməllərin, çirkin oyunların, antimilli qüvvələrlə iş birliyinin mütləq iştirakçısılarıdır. Biriləri müxtəlif çeşidli maxinasiyalarla beynəlxalq fondların ayrıdığı milyonları mənimsəmək üzrə, digərləri də məmurları şantaj edib pul qoparmaq üzrə mütəxəssisdirlər. Lakin hər kəs yaxşı bilsin ki, Azərbaycan mətbuatı düzgün, davamlı inkişaf yolundadır və öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaranlara ehtiyacı yoxdur.