KÖŞƏ

Günel Eyyubova

“Savadsız” milyarderlər

17 fevral 2017 23:59
3704

İnsanın “pul gölü”ndə üzməsi üçün ali və orta təhsilin heç bir önəmi yoxdur, təki bacarığın, məqsədə çatmaq naminə möhkəm iradən olsun

Əgər milyoner olmaq istəyirsinizsə, əsla təhsil almayın! Əlbəttə bu bir zarafatdır. Amma deyirlər hər zarafatda da bir həqiqət var. Deyəsən ikibaşlı danışdım, axı. Əgər yazını sona qədər oxusanız, birinci fikrin doğruluğuna haqq qazandıracaqsınız. Məsələ burasındadır ki, dünyada onlarla ali təhsil almayan milyonerlər var. Lakin ali təhsilsiz olmaları heç də həmin şəxslərə öz bizneslərini qurmaqda çətinlik yaratmayıb. 

Ali təhsilsiz milyarderlər sırasında Bill Qeyts, Stiv Cobs, Mark Zukerberqin də adları var. Onlar təhsil aldıqları nüfuzlu universitetləri, məhz biznesə görə başa vura bilməyiblər. Qısası, tanıdığımız varlılar arasında kifayət qədər ali təhsilsiz, hətta orta savadı belə olmayanlar var.

Məsələn, elə Bill Qeytsin özü.  Planetin ən məşhur milyarderi öz simvolik diplomunu Harvarda qəbul olunduqdan 34 il sonra alıb. Halbuki, o, 2010-cu ilə qədər dünyanın ən varlı biznesmeni idi. Tələbə olduğu ilk illərdə universitetin ən tənbəl, laqeyd tələbəsi kimi tanınıb. Valideynlərindən biri vəkil, digəri müəllim olub. 1973-cü ilin payızında Harvard Universitetinə qəbul olunsa da güc-bəla ilə  2 il buradakı rejimə tab gətirə bildi. Sonra o universitetdə oxumağa son qoyub, uşaqlıq dostu Paull Allenlə birlikdə “Microsoft” şirkətini qurdu. Bu şəxs Harvard Universitetinin tarixində məzun ola bilməyən, amma ən varlı şəxs kimi qalır. Təhsilini başa vurmadığına baxmayaraq, əldə etdiyi ciddi uğurlar sayəsində 2007-ci ildə isə o, Harvard Universitetinin fəxri doktoru adına layiq görüldü.

Stiv Cobs Suriya əsilli ailədə dünyaya göz açsa da, sonradan Kaliforniyada yaşayan Cobs cütlüyü tərəfindən övladlığa götürülüb. O, biznes dünyasında ən şanslı insanlardan, universitetdə isə ən uğursuz tələbələrdən biri olub. Əgər Stiv təhsilini tam başa vurmuş olsaydı görəsən indi iPhone, iPod, iPad, MAC olardımı? Universitetdən qovulduqdan sonra o, özünə olan inamını itirmədi,  “Apple”, “Next Compyuter” və “Pixar” şirkətlərini yaratdı.

Frank Loyd Rayt Amerika Birləşmiş Ştatlarının çox məşhur memarlarındandır. 1879-cu ildən 1883-cü ilə qədər Medisondakı məktəbdə təhsil alıb. Bundan sonra riyaziyyata maraq göstərib. Bu səbəbdən Çikaqoda “müasirliyin atası” ləqəbini daşıyan Cozep Limən Silsbinin yanında çalışmaq üçün məktəbdən ayrılıb. Ölümündən sonra bir-birindən mükəmməl 500 layihə, habelə Nyu-Yorkdakı məşhur Solomon R. Gugguenheim muzeyini miras qoyub.

Bakminster Fuller- tanınmış memar, filosof və ixtiraçıdır. Onunla bağlı olan ən maraqlı məqam isə düz 2 dəfə Harvard Universitetindən kənarlaşdırılmasıdır. Sonralar universitet həyatındakı uğursuzluq onu iş və ailə həyatında da izlədi. Buna baxmayaraq o, hündürmərtəbəli binaların və avtomobillərin müasir vəziyyətinin formalaşmasında əvəzedilməz rol oynadı.

“İnditex” şirkətinin yaradıcısı Amansio Orteqanın varidatı 57 milyard dollardır. İspaniyalı A.Orteqa dünyanın ən varlı 3 şəxsi sırasında öz adını yazdıra bilib. 2013-cü ildə onun varidatı 19,5 milyard dollara qədər yüksəldi və o, “Forbes”un reytinq cədvəlinə daxil edildi. “Zara”, “Mussimo Dutti”, “Oysho” kimi brendlərin sahibi orta məktəblə hələ 13 yaşında olarkən vidalaşıb.  Amansio Orteqanın atası dəmir yolunda, anası isə xidmətçi işləyirdi. Gələcək milyarderin də orta təhsil belə almamasının başlıca səbəbi ailənin olduqca kasıb olması idi.

Gələk, Oskar mükafatını qazanmış bir rejissora. Ceyms Kamerona... Kanadada anadan olsa da, ailəsi sonradan Kaliforniyaya köçüb. Fullerton Universitetinin Psixologiya fakültəsinə qəbul olunsa da, bir müddət sonra universitetdən qovuldu. Universitet həyatı ilə vidalaşdıqdan sonra o, bir ofisiant qızla ailə quraraq yük maşınında sürücü işləməyə başladı. Beləliklə, “Star Wars”a baxdıqdan sonra o, rejissor olmaq qərarına gəldi və indi hamımızın yaxşı tanıdığı “Avatar” filminin rejissoru da məhz odur.

Planetin ən gənc multimilyoneri, Feysbuker Zukerberq, yəni Mark Zukerberqdən danışmasaq, haqsızlıq etmiş olarıq. Dünyanın ən məşhur sosial şəbəkəsi olan “Facebook”u o, universitet yataqxanasındakı otağında olarkən yaratdı və qısa zaman ərzində ona olan marağı və sevgini gördükdən sonra təhsil aldığı Harvard Universitetini tərk edərək, sırf sosial şəbəkənin işləri ilə məşğul oldu. Hazırda “Facebook” ona milyonlar qazandırır. Onun gəliri günbəgün yox, saatbasaat artır.

Bu siyahını istənilən qədər uzatmaq olardı. Qısası, belə məlum oldu ki, insanın “pul gölündə” üzməsi üçün təhsilin aliliyinin və ya orta səviyyədə olmasının heç bir önəmi yoxdur. Əgər sənin möhkəm iradən, özünə inamın, əqidənə sadiqliyin, əməksevərliyin yoxdursa, heç bir ali təhsil sənə maliyyə uğuru gətirməyəcək.