KÖŞƏ

Sevinc Azadi

Ermənistanda yeni dictator doğulur?

24 sentyabr 2018 22:09
2990

Paşinyan hökuməti işğalçı ölkənin məhvini sürətləndirir

Ermənistanda baş verən hadisələr ictimai rəylə yanaşı, bu ölkəni idarə etmiş bir sıra şəxslər tərəfindən də kəskin şəkildə qınanılmaqdadır. İstər yeni hökumətin, istərsə də köhnə hakimiyyət sisteminin arasında aparılan gizli və açıq savaş artıq vətəndaş qarşıdurmasına doğru irəliləməkdədir. Əbəs deyil ki, artıq bir çox yerli və xarici siyasi ekspertlər baş nazir Nikol Paşinyanın diplomatik uğursuzluqları barədə şərhlər və məqalələrlə çıxışlar edirlər. Xüsusilə onun Rusiya səfərinin uğursuzluğu ətrafında ciddi müzakirələr aparılmaqdadır. O cümlədən Paşinyanın “korrupsiya ilə mübarizə” və “demokratiya” adı altında avtoritar idarəçilik sisteminə keçid etməsi erməni ictimaiyyətini narahat etməyə başlayıb. Əbəs deyil ki, son bir neçə ayda baş nazirin komandasını tərk edənlər də var.

Bu arada Ermənistanın ikinci prezidenti Robert Koçaryan ölkəsindəki mövcud vəziyyəti şərh edərkən bildirib ki, siyasi-iqtisadi və s. sahələri əhatə edən böhranın əsas baiskarı hazırkı baş nazir Nikol Paşinyandır. Robert Koçaryan bu sözləri Yerevan.Today informasiya agentliyinə eksklüziv müsahibəsində deyib. R.Koçaryan sözügedən müsahibəsində Nikol Paşinyanı nəzərdə tutaraq, “Ermənistanda diktator doğulur” ifadəsini də işlədib. Fakt budur ki, Nikol Paşinyanın öz idarəçilik sistemində ard-arda buraxdığı ciddi səhvlər yaxın zamanlarda ona baha başa gələcəyi proqnozunu verməkdədir. Misal üçün, baş nazirin arvadının saç ustasını özünə şəxsi köməkçi təyin etməsi, ingilis dili müəlliməsini təhsil naziri vəzifəsinə çəkməsi və s. kimi hallar erməni ictimai rəyini qıcıqlandırmağa başlayıb. Artıq bir çoxları onu da deyirlər ki, adi saç ustası baş nazirin şəxsi köməkçisi olaraq, dövlət büdcəsindən məvacib alacaq və heç bir ali təhsili olmayan, siyasi bilgidən məhrum birinin belə bir yüksək vəzifəyə təyin edilməsi əlbəttə, narazılıqlara səbəb olmaqdadır. Yəni bütün baş verənlər, elə Robert Koçaryanın da dediyi kimi, Ermənistanda yeni diktatorun doğulması prosesinin tərkib hissəsi olaraq görünməkdədir.

Hazırda Ermənistanın siyasi səhnəsində ciddi böhranın yaşanmaqda olduğunu erməni ekspertlər özləri də açıq etiraf edirlər. Onlar başlıca olaraq prezidentlə baş nazir arasında siyasi fikir ayrılığının dərinliyini vurğulayırlar. Ekspertlər Ermənistanın daxili sosial-siyasi vəziyyətinin dərin böhrana doğru getdiyi haqqında proqnozlar verirlər. Özü də məsələ kifayət qədər ciddi məqamlardan qaynaqlanır. Hətta bir sıra mütəxəssislər məsələni, ümumiyyətlə, Ermənistan adlı dövlətin qalıb-qalmayacağı kontekstində qoyurlar. Məsələ yeni hakimiyyətin seçki ilə bağlı ölkəni böhranlı vəziyyətə sürükləməsi ilə əlaqədardır. Belə ki, Nikol Paşinyan seçki faktorundan hakimiyyətini möhkəmlətmək üçün istifadə etməyə çalışır. Hakimiyyət etiraf edir ki, növbədənkənar seçki keçirmək üçün problemlər yaranıb. Çünki növbədənkənar seçkinin keçirilməsi üçün konstitusiya islahatları lazımdır. Baş nazir istefa vermədən parlament buraxılmalıdır. Bundan başqa, N.Paşinyan bəyan edib ki, keçid xarakterli məhkəmə-hüquq sistemi yaradılmalıdır. Bu iki islahatı ekspertlər kifayət qədər ciddi hesab edirlər. Çünki mövcud sistemin geniş miqyasda dəyişdirilməsini tələb edir. Buna Ermənistan siyasi dairələrinin hazır olmadığı da vurğulanır. Getdikcə aydın olur ki, N.Paşinyanın hakimiyyət hərisliyi yüksək səviyyədədir. O, istənilən islahata özünün siyasi mövqeyini gücləndirmək şərti ilə getməyə hazırdır. Bundan kənarda N.Paşinyanı heç nə maraqlandırmır. Bundan əlavə Paşinyanın 4 aylıq hakimiyyəti həm xarici siyasi analitiklər, həm də erməni şərhçilər tərəfindən yeni diktatura rejiminin qurulması kimi şərh edilir. Hətta eks-prezident Koçaryanın həbs edilməsi ilə bağlı Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri ilə İstintaq Komissiyasının rəhbərlərinin gizli danışıqları, deşifrə olunduqdan sonra, Paşinyanın göstərişi ilə istənilən siyasi rəqibin həbsinin mümkünlüyü hər kəsə bəlli oldu.