KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ermənistan vətəndaş müharibəsi ərəfəsində

03 oktyabr 2018 23:09
4278

Ermənistanda vəziyyət yenidən gərginləşib. Buna səbəb isə növbədənkənar parlament seçkiləri ilə bağlı baş nazir Nikol Paşinyanla ona müxalif olan qüvvələr arasında yaranan kəskin fikir ayrılığıdır. Belə ki, Nikol Paşinyan hazırkı vəziyyətin onun lehinə olmasını nəzərə alaraq, ilin sonunadək növbədənkənar seçki keçirməyə cəhd edir. Ancaq parlamentdə səs çoxluğuna malik Respublikaçılar Partiyası belə bir addım atmaq istəmir. Çünki onlar yaxşı dərk edirlər ki, yeni parlamentin formalaşdırılması üçün qanunverici orqan buraxılarsa, Paşinyan istefa verib yenidən baş nazir postuna namizədliyini irəli sürərsə, köhnə sistemdən olanların yenidən deputat seçilmələri məsələsi birdəfəlik qapanacaq.

 Həmin partiya üzvlərinin açıqladıqları fikirlərə nəzər salsaq görərik ki, onlar parlamentə seçkilərin yalnız 2022-ci ildə keçirilməli olduğunu bildirirlər. Üstəlik ərz edirlər ki, bunun üçün vaxt lazımdır ki, siyasi güclər seçkilərə hazırlaşmaq imkanına malik olsunlar. Qısa müddətdə isə bu mümkün deyil.

Məlumata görə, belə bir fikrin formalaşmasında Respublikaçılar Partiyasının sədri, Ermənistanın istefaya məcbur edilən sabiq prezidenti Serj Sarkisyanın yenidən partiyanın iclaslarına başçılıq etməsi və öz “silahdaşlarını”aktiv fəaliyyətə səsləməsi əsas rol oynayıb. Üstəlik, bu məsələdə ona sabiq prezident Robert Koçaryan da dəstək verir. Bu isə onu göstərir ki,  Paşinyana qarşı daha güclü müxalifət mərkəzi yaranmaqdadır. Bu mənada Sarkisyanın parlamentin Paşinyanın nəzarətinə keçməsinin qarşısının alınmasına çalışmasını qisas da adlandırmaq olar. Bu isə o deməkdir ki, bu payız və qışda Ermənistanda nə siyasi yağışlar ara verəcək, nə də siyasi qar.

“Dediyim dedikdir, çaldığım düdükdür” prinsipinə sadiqliyini nümayiş etdirən Nikol Paşinyan da öz fikrindən dönmək niyyətində deyil. Belə ki, o da nəyin bahasına olursa olsun parlamenti ələ keçirməkdə israrlıdır.

Bir neçə gün öncə ölkən parlamentinin “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini ikinci oxunuşda qəbul etməsi Nikol Paşinyanı lap özündən çıxarıb. Buna da səbəb var. Çünki qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Bu isə qanunvericili orqanın buraxılmasına yol verməyən və beləliklə də növbədənkənar parlament seçkilərini mümkünsüz edən bu qərardır. Bununla da Paşinyanın növbədənkənar seçki planları alt-üst olub.

Yeri gəlmişkən, Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi - vitse-spiker Eduard Şarmazanov bəyan edib ki, onlar parlamentin Paşinyanın istəyinə uyğun seçilməsinə imkan verməyəcəklər, çünki hazırda ölkə parlamenti Paşinyanın şəxsi hakimiyyətini balanslaşdıran yeganə siyasi orqandır. İctimai rəy onun üçün sonuncu instansiya demək deyil deyən Şarmazanov Paşinyana görə hər altı aydan bir seçki keçirmək zorunda olmadıqlarını da bəyan edib. Həmin partiyadan olan deputat Qalust Saakyan isə “hazırda bütün hakimiyyət yalnız Nikol Paşinyanındır, dövlət bir adamla yaradılmır” fikrini irəli sürüb.

Bir neçə gün öncə növbədənkənar parlament seçkilərinin dekabrda keçiriləcəyini əminliklə bildirən Nikol Paşinyan Respublikaçılar Partiyası və digərlərinin parlamentdə qəbul etdikləri bu qanun layihəsini faktiki olaraq əks-inqilabi fəaliyyət və qiyam kimi dəyərləndirib. Həmçinin qeyd edib ki, ancaq belə bir addım atmaq istəyənlərin də heç bir şansı yoxdur. Üstəlik vurğulayıb ki, heç kim xalqdan qələbəni oğurlaya bilməz. Odur ki, Paşinyan ənənəsinə sadiq qalaraq yenidən xalqı küçələrə səsləyib.

Politoloq Elxan Şahinoğlu Ermənistanda yaranmış vəziyyətlə bağlı “İki sahil” qəzetinə açıqlamasında deyib ki, xalqın təkidi ilə Ermənistan parlamentinin geri addım atacağı istisna deyil: “Yəni xalqdan kifayət qədər yararlanmağı bacaran Nikol Paşinyan buna nail olmağa çalışacaq. Unutmayaq ki, o, xalqın təzyiqi ilə bir neçə dəfə istəklərinə də naıl olub. Amma orada baş verəcək hadisələri qabaqlamaq istəməzdim. Bunu bir kənara qoyaq. Belə bir sual da qarşıya çıxır. Bəs qarşı tərəf bununla razılaşmayacağı təqdirdə Ermənistanda nələr baş verəcək? Şübhəsiz ki, o zaman ölkədə vətəndaş müharibəsi qaçılmaz olacaq. Bununla da hazırda səfalət içində olan Ermənistan daha ağır günlərini yaşamalı olacaq”.