Menu
  • 20-07-2018
      • Bakı +30+35

  • 20-07-2018
    • $ 1.7
      1.9801

1   2   3   4   5   6

Yazarlar

Bir inci saflığı varsa da suda...

18-12-2017 [ 11:01 ] [ oxunub:1199 ]
A+ | A-

Yeraltı suların növləri içərisində mineral sular böyük əhəmiyyətə malikdir. Yer kürəsində olan suların ümumi miqdarı 1,8 milyard km3-ə bərabərdir. Onun da 400 milyon km3-i yeraltı suların payına düşür. Yeraltı suların çoxu da mineral sulardan ibarətdir. Mineral su mənbələrinin əksəriyyəti Şimali Qafqaz, Cənubi Qafqaz, Ukrayna, Krım və az miqdarda Orta Asiyadadır.

Ölkəmiz mineral sularla zəngindir. Burada əsas mineral su mənbələri Hacıkənd, İstisu, Turşsu, Şuşa, Naftalan, Badamlı, Sirab, Vayxır və digər sahələrdə yerləşir. Azərbaycanda 1000-dən çox su bulağı var. Bir qayda olaraq bu bulaqların çoxu ölkəmizin dağlıq rayonlarında yayılıb. Düzən rayonlarda təbii su bulaqlarına az rast gəlinir. Buna baxmayaraq buruq qazma üsulu ilə mineral sular çıxarılır.

Mineral sular tərkibinə görə adi sulardan seçilir. Onların tərkibində həll olmuş qazlar, duzlar və mikroelementlər vardır. Tərkibində olan maddələrin miqdarı və növlərinə görə mineral sular müxtəlif fiziki, kimyəvi xassələrə və keyfiyyətə malik olur.

Azərbaycanın mineral sularının temperaturu 4 dərəcədən 65 dərəcəyə kimi dəyişir. Bu, ancaq təbii su çıxarlarına aiddir. Lakin buruq qazma üsulu ilə Azərbaycanda yerin dərin qatlarından temperaturu 95 dərəcəyə çatan su çıxır. Respublikamızda yüksək temperaturlu mineral sulardan Qoturlu (64 dərəcə), Donuzütən (64 dərəcə, Masallı rayonu), İstisu (62 dərəcə, Kəlbəcər rayonu) bulaqları var.

Digər növ sulardan fərqli olaraq, mineral sular əksər hallarda rəngli olur. Suların rəngi, onların tərkibində həll olan maddələrdən asılıdır. Məsələn, tərkibində dəmir olan sular pas rəngində görünür.

Mineral suların əhəmiyyətinə gəlincə, bu sulardan bir sıra xəstəliklərin müalicəsində istifadə olunur. Belə ki, mineral sular böyümə çağında, yaşlılıqda artan mineral ehtiyacları qarşılayır. Güclü sümük quruluşunun meydana gəlməsi və qorunmasını təmin edir. Dəriyə lazımlı olan su və mineral ehtiyacı qarşılayır.

Təəssüf ki, bir çox hallarda Azərbaycanda vətəndaşların sağlamlığını düşünməyən, öz şəxsi mənafeyini hər şeydən üstün tutan bəzi işbazlar mineral su adı ilə qablaşdırılmış mənşəyi bəlli olmayan suların istehsalı və satışı ilə məşğul olurlar. Bu cür sular insanlarda mədə-bağırsaq xəstəlikləri, baş ağrısı, ürək bulanması yaradır. Belə bir xoşagəlməz vəziyyətlə rastlaşanda istər-istəməz dahi Nizaminin bu misralarını xatırlamalı oluruq: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da...” Bəs görəsən bu işbazlar “inci saflığı” olmalı olan həyat mənbəyini - mineral suları bu vəziyyətə salanda nə üçün böyük Nizaminin bu misralarını yada salıb əməllərindən xəcalət çəkmirlər?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qəzetimizə açıqlamasında söylədi ki, alıcılar bu cür məhsulları alarkən, əgər şübhələri varsa, uyğunluq sertifikatı tələb etsinlər: “Əgər məhsulun təsbitedici sənədi - uyğunluq sertifikatı varsa, deməli, həmin məhsulun təhlükəsizlik keyfiyyəti yoxlanılıb və standarta uyğundur”.

Cavid Əkbərov

DİGƏR YAZILAR