Menu
  • 22-11-2018
      • Bakı +10+12

  • 08-11-2018
    • $ 1.7
      1.9423

1   2   3   4   5   6

Yazarlar

Müharibənin başlaması Ermənistanın məhvi deməkdir

19-10-2018 [ 19:04 ] [ oxunub:942 ]
A+ | A-

Siyasi ekspertlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində yeni şəraitin yarandığı qənaətindədirlər. Bu mülahizə bir neçə aspektdən özünü doğruldur.

İlk növbədə Ermənistanda hakimiyyətin dəyişməsi, uzun illər Ermənistanı öz maraqlarının girovuna çevirən “Qarabağ klanı”nın iqtidardan getməsi münaqişənin həllinə yanaşmada fərqli mövqenin olacağını deməyə əsas verir. Hazırda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın problemlə bağlı bəzən aqressiv, bəzən ziddiyyətli, bəzən də anlaşılmaz görünən bəyanatları sadəcə zahiri görüntü təəssüratı yaradır. Analitiklər hesab edirlər ki, bununla Paşinyan sadəcə vaxt qazanmaq, vəziyyəti öyrənmək, yerli auditoriyanı sakitləşdirmək və onun üçün əsas məqsəd olan hakimiyyətini möhkəmlətmək niyyəti güdür. Son hadisələr göstərir ki, Paşinyanın münaqişə və danışıqlarla bağlı ilk açıqlamaları ucuz populizmdən başqa bir şey deyil...

Xatırladaq ki, hakimiyyətə gəlişinin ilk günlərində Azərbaycanla danışıqlardan, ümumiyyətlə, imtina etmək, qondarma “Dağlıq Qarabağ Respublikası”nı masaya oturtmaq istəyən Paşinyan bu bəyanatlardan cəmi iki ay sonra Azərbaycan Prezidenti ilə Düşənbədə qısamüddətli də olsa görüşdü və ciddi qərarlar alındı. Dünən Ermənistan KİV-inə açıqlamasında Paşinyan vurğulayıb ki, Düşənbə razılaşmasına uyğun olaraq onunla Azərbaycan Prezidenti arasında operativ əlaqə qurulub: “Razılaşdığımız kimi, Azərbaycan tərəfi ilə etibarlı operativ əlaqə qurulub. Deyə bilərik ki, istənilən informasiya yarım saatdan sonra Azərbaycan Prezidentinə çatır. Təbii ki, onlar informasiyanı verəcəklərsə, mən də verəcəm”.

Bundan başqa, hər iki ölkənin xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə iki görüş keçirilib.

Əlbəttə, bütün bunlara Ermənistanda dekabrın 10-a təyin edilən seçkilərdən sonra daha dəqiq qiymət vermək mümkün olacaq. Lakin Paşinyanın siyasi oriyentasiyası da belə bir fikri təsdiqləyir ki, seçkilərdən sonra problemin həlli istiqamətində dəyişikliklər gözləniləndir. Ən azı ona görə ki, Paşinyan münaqişənin həllinə loyal münasibəti ilə tarixə düşən keçmiş prezident Levon Ter-Petrosyanın siyasi təsir dairəsində olan şəxslərdən hesab edilir. Digər tərəfdən, bu gün Paşinyanın ABŞ və digər Qərb mərkəzlərinin dəstəyi ilə hakimiyyətə gəldiyi heç kimə sirr deyil. Məlumdur ki, Qərb xüsusən son illərdə açıq şəkildə Ermənistandan Azərbaycanla münasibətləri normallaşdırmağı tələb edir. Normallaşmanın başlanğıcı isə Ermənistanın öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan əraizlərindən çəkməsi ilə başlayır.

Yeri gəlmişkən, ABŞ-ın Ermənistanda səlahiyyətləri başa çatan səfiri Riçard Millzin son açıqlamaları da yuxarıdakı fikirləri təsdiq edir. Millz açıq şəkildə bildirib ki, Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır, münaqişənin həlli bundan başlayır.

Bəzi ekspertlərin fikrincə, seçkilərdə Paşinyanın komandasının qalib gəlməsindən sonra da Ermənistanda vəziyyət gərgin olaraq qalacaq. Çünki güc strukturlarında hələ də Koçaryan və Sarkisyan komandasının sadiq əlaltıları kifayət qədərdir və onlar qarışıqlıq yaratmaq üçün cəbhə bölgəsində təxribatlar törədib müharibənin başlamasına şərait yarada bilərlər.

Ermənistanda da yaxşı bilirlər ki, müharibənin başlaması işğalçı ölkənin mütləq məğlubiyyəti deməkdir...

Taleh Turqut

DİGƏR YAZILAR