KÖŞƏ

Taleh Turqut

Sarkisyanın hakimiyyət hərisliyi Ermənistanı xaosa sürükləyir

13 mart 2018 23:59
3752

Martın 2-də keçirilən prezident seçkilərindən sonra Ermənistanda daxili ictimai-siyasi vəziyyət daha da gərginləşib. Müxalif qüvvələr aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sarkisyanın baş nazir kimi hakimiyətinin ömrünü uzatmaq planlarına qarşı çıxırlar və görünən odur ki, bütün Ermənistan əhalisi əslində bu vəziyyətdən razı deyil.

Erməni politoloq Levon Şirinyan ölkədəki siyasi vəziyyətin gərginliyindən danışarkən bildirib ki, Ermənistanda hər an inqilabın baş verməsi üçün münbit şərait formalaşıb. Onun sözlərinə görə, S.Sarkisyan prezidentlikdən sonra da hakimiyyəti əlində saxlamağa çalışır. Bu isə ölkədə ciddi narazılıqlar yaradır. L. Şirinyan hesab edir ki, əhalinin sosial vəziyyətinin gündən-günə ağırlaşması əsas verir ki, bu hadisələr hər an siyasi müstəviyə keçsin: “Əgər müxalif “Yelk” partiyası etirazların kütləviliyini təşkil edə bilsə vəziyyət dəyişə bilər”.

Yeri gəlmişkən, müxalifətdə olan “Yelk” partiyası ilə hakim Respublika Partiyası arasında son günlərdə daha ciddi qalmaqallar və qarşılıqlı ittihamlar ortaya çıxır. “Yelk”in rəhbəri Nikol Paşinyan parlamentin son iclaslarının birində 2008-ci il martın 1-də İrəvanda baş verən qanlı faciəni xatırladıb və Sarkisyan hakimiyyətinə qarşı sərt ittihamlar səsləndirib. Deputat hesab edir ki, günahsız dinc insanların öldürülməsində Serj Sarkisyan birbaşa günahkardır və hökumət qətlə yetirilən insanların ailələrinə heç olmasa konpensasiya verməlidir.

Xatırladaq ki, həmin tarixdə hökumətlə dinc etirazçılar arasında baş verən qanlı toqquşmalarda 10 dinc sakin öldürülüb, 200 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 100 nəfər isə həbs edilib. Lakin üstündən on il keçməsinə baxmayaraq hələ də hadisədə məsuliyyət daşıyan şəxslər aşkarlanmayıb. Bundan istifadə edən müxalifət yenidən həmin hadisələri gündəmə gətirməklə Sarkisyanın qanla hakimiyyətə gəldiyini və artıq iqtidardan getməli olduğunu vuğulayır.

Məlumdur ki, aprelin 9-da səlahiyyətləri başa çatan Serj Sarkisyan konstitusiyanı dəyişməklə ölkədə parlament üsul idarəsi formalaşdırmaq və baş nazir kimi hakimiyyəti yenidən öz əlində saxlamaq istəyir. Lakin bu, göründüyü qədər də asan başa gəlmir. Müxalifətlə yanaşı, ölkədəki və xaricdəki bir sıra erməni təşkilatalrı da onun fəaliyyətindən narazıdır. Etirazçılar hesab edirlər ki, Sarkisyan ölkəni tamamilə Rusiyanın vassalına çevirib və əhalinin sosial şəraitinin nəinki yaxşılaşmasına nail olmayıb, əksinə, dözülməz yaşayış səviyyəsinə görə hər il orta hesabla 35-40 min insan Ermənistanı birdəfəlik tərk edir.

 Bəzi siyasi ekspertlərin fikrincə, yaranmış narazılıq elə bir müstəviyə qədəm qoyur ki, bu, ölkədə silahlı qarşıdurmaya da gətirib çıxara bilər. Ermənistanın yaxın tarixində belə nümunələr yetərincədir. Elə 1 mart hadisələrini və ötən il baş verən silahlı etirazları xartırlatmaq kifayətdir.

Martın 10-da İrəvanda birləşmiş müxalifətin birgə mitinqində də əsas tələb Sarkisyanın hakimiyyətdən əl çəkməsi və siyasi məhbusların azad edilməsi olub. Ermənistan parlamentinin keçmiş sədr müavini, “Ermənistan dövləti uğrunda” hərəkatının lideri Karapet Rubinyan ölkədə ağır böhran vəziyyətinin yarandığını, bunu aradan qaldırmaq üçün hakimiyyətin dəyişdirilməsinin və konstitusion nizamın bərpa olunmasının vacib olduğunu söyləyib: “İnsanların hüquq və azadlıqlarını tapdalayan hakimiyyət kütləvi miqrasiyaya səbəb verərək ölkənin inkişaf perspektivini heçə endirib”.

Lakin əhalinin narazılığının artması müqabilində etirazların lazımı kütləviliyə nail olmaması da diqqət çəkir. Ekspertlər bunu erməni əhalisinin siyasətçilərə və bir-birinə olan inamsızlığı ilə izah edirlər.

“İrəvan Mətbuat Klubu”nun rəhbəri Boris Navasadaryan cəmiyyətdə kifayət qədər radikal əhval-ruhiyyənin olmasına baxmayaraq əhalinin passiv mövqedə olmasını inamsızlıqla əsaslandırıb: “Bununla belə, cəmiyyət kütlələri mübarizəyə qaldıra biləcək hər hansı bir şəxsə inanmır. Ermənilər indi nəinki müxalifətə, heç bir-birlərinə də inanmırlar, “Birdən mən gələrəm, başqaları gəlməz”, deyə...”

Daxili amillərlə yanaşı, Azərbaycan Ordusunun gücünün yaratdığı xof da Ermənistanda ciddi gərginliklə müşayiət olunur. Ordumuzun hazırda davam etən hərbi təlimləri ermənilərdə böyük təşviş yaradıb. Ermənistan Demokrat Partiyasının rəhbəri Aram Sarkisyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, həm Azərbaycan Ordusunun son davranışları, həm də Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlar Ermənistan üçün təhdiddir: “Aydındır ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa, Azərbaycan Türkiyənin birbaşa dəstəyi ilə Naxçıvan ərazisindən Ermənistana zərbə endirməkdə tərəddüd etməyəcək. Nəzərə alanda ki, muxtar respublikadan İrəvana qədər məsafə cəmi 80 kilometrdir, bu məsafə reaktiv yaylım atəşi sistemləri üçün tamamilə əlçatandır”.