KÖŞƏ

Taleh Turqut

Ermənilər niyə təşvişə düşüblər?

29 sentyabr 2017 23:40
3444

Son günlərdə baş verən bir sıra ardıcıl hadisələr Ermənistanda böyük müharibənin baş verəcəyi təşvişini artırıb. Sentyabrın 29-da Ermənistanda Daşnaksütun İnqilabi Federasiyasının rəhbəri Kiro Manoyan jurnalistlərə açıqlama verərək bildirib ki, Azərbaycan tərəfinin davranışları müharibə hazırlıqlarından xəbər verir. Erməni siyasətçi daha çox Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də BMT Baş Assambleyasındakı qətiyyətli çıxışından qorxuya düşdüyünü gizlətməyib: “Azərbaycan böyük hərbi əməliyyatlara hazırlaşır. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Məclisində davakar çıxışı, nəhayət, bizə əsas verir ki, Ermənistanla “Dağlıq Qarabağ Respublikası” arasında hərbi-siyasi müqavilə imzalayaq. Çünki bütün bu hazırlıqlar - hansını ki, onlar həm Naxçıvanda, həm də Ermənistanla sərhəddə və “DQR”lə təmas xəttində aparırlar, Bakının böyükmiqyaslı hərbi əməliyyatlara hazırlıqlarından xəbər verir. Hərçənd, bu, hələ o demək deyil ki, müharibə mütləq olacaq”.

Təbii ki, Azərbaycan rəhbərinin BMT-dəki sözügedən çıxışının əhatəliliyi və kəskinliyini nəzərə alsaq, erməni daşnakının qorxusunu anlamaq çətin deyil. Ali Baş Komandan İlham Əliyev bu çıxışında Ermənistanın təcavüzkar simasını bir daha ifşa etdi və Azərbaycanın öz torpaqlarını azad etməkdə israrlı olduğunu nümayiş etdirdi. Siyasi ekspertlər hesab edirlər ki, Prezidentin bu çıxışı göstərdi ki, BMT-nin məlum dörd qətnaməsinin yerinə yetirilməməsi səbəbindən Ermənistanın davam edən təcavüzünə Azərbaycan Ordusu son qoymağa hazırlaşır. Erməniləri də təşvişə salan məhz budur...

Ermənistanda müharibə qorxusunu artıran faktorlardan biri də sentyabrın 18-də başlayan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri və bu təlimlərin miqyasıdır. Sözügedən təlimlər qoşun birləşmələrinin bir neçə növünü, həm də ən müasir texnika və texnologiyaların tətbiqini əhatə edirdi. Bunun ardınca qardaş ölkənin yeni təyin olunan milli müdafiə naziri Nurəddin Caniklinin ilk xarici səfərini Azərbaycana etməsi və səfər müddətində keçirdiyi görüşlər, səsləndirdiyi bəyanatlar da deməyə əsas verir ki, iki ölkənin hərbi təlimləri sadəcə göstəriş üçün olmayıb, dərin və geniş tərəfdaşlığa söykənir.   

N. Caniklinin açıqlamaları ermənilərin təşvişini bir az da artırıb. Türkiyənin milli müdafiə naziri bildirib ki, Türkiyə və Azərbaycan ən ağır məqamlarda xarici dövlətlərdən silah alınması problemi ilə üzləşib. Ona görə də biz müdafiə sənayesi sahəsində səylərimizi gücləndirməliyik. Lakin əsas diqqətçəkən məqam nazirin iki ölkənin hərbi qüvvələrinin bir olduğunu söyləməsidir: “Biz Azərbaycanla vahid dövlət kimi hərəkət edirik. Bizim gücümüz - Azərbaycanın gücü, Azərbaycanın gücü - Türkiyənin gücüdür. Hərbi təlimlər əməkdaşlığımızın yalnız bir hissəsidir. Belə təlimlər daha böyük sayda hərbi qüvvə və texnikalar cəlb olunmaqla artacaq və davam edəcək. Biz Azərbaycana bütün sahələrdə dəstək verməyə hazırıq. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri vahiddir. Bunu hər kəs bilməlidir. Silahlı Qüvvələrimiz lazım gələn anda bir-birinə hər cür dəstək verməyə hazırdır”.

N. Caniklinin “Azərbaycan və Türkiyə Silahlı Qüvvələri vahiddir” fikri ermənilərin qorxusunu daha da artırıb. Bu, o deməkdir ki, müharibə olacağı təqdirdə Ermənistan qarşısında təkcə Azərbaycan əsgərini deyil, həm də Türkiyə əsgərini görəcək...

Siyasi şərhçilərin fikrincə, son aylarda danışıqlar prosesindən yayınan Ermənistan rəsmilərinin real müharibə qorxusu iki ölkənin xarici işlər nazirlərinin görüşməsi və prezidentlərin görüşünün keçirilməsinə razılıq verməsi ilə nəticələnib. Lakin Sarkisyan hakimiyyətinin artıq danışıqlar prosesini imitasiya etmək limiti tükənib. Bu isə müharibənin başlayacağı təqdirdə  Ermənistanın məhvi deməkdir. Ermənistanın günü-gündən artan qorxusu da bununla bağlıdır...