Menu
  • 21-09-2017
      • Bakı 30+35

  • 21-09-2017
    • $ 1.7007
      2.0209

1   2   3   4   5   6

Yazarlar
  • Taleh Turqut
    ikisahil@mail.ru

Separatçılıq siyasəti Ermənistanı uçuruma sürükləyir

12-09-2017 [ 19:12 ] [ oxunub:11 ]
A+ | A-

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması işğalçı Ermənistanın separatçılıq mahiyyəti daşıyan siyasəti ucbatından yubanır. Düşmən ölkə rəhbərliyinin pozucu, hətta bəzən izah olunması çətin olan davranışları problemin həllində ciddi əngəllər yaradır. Bu nizamsız və təcavüzkar siyasət yalnız Azərbaycanın ərazilərinin işğalda saxlanması faktı olmayıb, həm də bütövlükdə regionun təhlükəsizliyi üçün böyük təhdiddir. Separatizm, terrora söykənən siyasət Ermənistanın dövlət siyasətinə çevrilib. Bu isə bölgə dövlətlərinin hər birini narahat edən faktordur.

Azərbaycan rəhbərliyi demək olar ki, bütün beynəlxalq tədbirlərdə torpaqlarımızın işğalı faktı ilə yanaşı, Ermənistanın bütövlükdə regionu təhlükəyə sürüklədiyini dəfələrlə səsləndirib və bunun gələcək fəsadlarını diqqətə çatdırıb. Burada Azərbaycan Prezidenti İlham Əliyevin siyasi xarizması ilə ehtiva olunan təzyiq siyasətini xüsusi olaraq vurğulamaq vacibdir. Son dövrlərdə siyasi ekspertlər tərəfindən Prezident İlham Əliyevin qətiyyətli və hücum xarakterli xarici siyasəti nəticəsində Ermənistanın ciddi şəkildə “küncə sıxıldığını” tez-tez dilə gətirirlər...

Bir neçə gün əvvəl Qazaxıstanda keçirilən  İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində də Azərbaycan lideri işğalçı Ermənistanın siyasətini kəskin tənqid edən fikirlər söyləyib. Prezident təcavüzkar Ermənistanın bəşəri cinayətlərini və vandalizm siyasətini bir daha yüksək tribunadan səsləndirib: “Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirmişdir. Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir... İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur”.

Əlbəttə, yalnız siyasi çağırışlar və faktların ifşa edilməsini düşmən ölkəyə təzyiqlərin artması amili kimi xarakterizə etmək doğru olmazdı. Şübhəsiz ki, Ermənistanın regional və beynəlxalq layihələrdən təcrid olunması Azərbaycanın iqtisadi və siyasi gücü fonunda ölkəmizin regional gücə və aparıcı dövlətə çevrilməsi faktoru ilə sıx bağlıdır. Artıq ermənilərin özləri də bu baxımdan gələcəklərinin qaranlıq olduğunu tez-tez dillərinə gətirirlər.

Qeyd edək ki, dörd il əvvəl Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmaqla ölkənin gələcəyinin sığortalandığını düşünən Ermənistan ictimaiyyəti ümidlərinin doğrulmadığını etiraf etməyə məcbur olub. İndi yerli mediada AİB-in Ermənistana fayda verməməsi barədə pessimist şərhlər intensivləşib. Araşdırmaçı jurnalist Ayk Gevorkyan “armtims.com” saytındakı məqaləsində yazır ki, Ermənistan AİB-ə üzv olduqdan sonra iqtisadi cəhətdən daha da zəifləyib. Əgər 2013-cü ildə Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 11.2 milyard dollar təşkil edirdisə, AİB-ə qoşulduqdan üç il sonra- 2016-cı ildə Ermənistan ÜDM-i 10.3 milyard dollar olub: “Səkkiz faizdən çox azalma. Bu, Ermənistan iqtisadiyyatının süqutudur”.

İndi Ermənistanda bəzi qüvvələr ölkənin Rusiyanın liderliyi ilə yaradılan AİB-dən çıxması uğrunda mübarizəyə başlayıblar. Parlamentdəki “Yelk” (Çıxış) bloku bununla bağlı qanun layihəsi də hazırlayıb müzakirəyə təklif edib. Lakin onlar özləri də Rusiyanın forpostu olan Ermənistanda belə qanunun qəbul ediləcəyinə inanmırlar. Hətta artıq bununla bağlı Rusiyadan ilk xəbərdarlıq mesajı da yayılıb. Rusiyada  ermənipərəst mövqeyi ilə tanınan “Reqnum” agentliyinin baş redaktoru Modest Kolerov bildirib ki, belə təşəbbüslər Ermənistanın təhlükəsizliyi üçün yaxşı gələcək vəd etmir: “İqtisadi münasibətlərin korlanması hərbi münasibətlərə də təsir göstərir. Əminəm ki, belə təşəbbüslərin nəticəsi olaraq, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası haqqında məsələ ortaya çıxacaq. Çünki Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacaqsa, avtomatik olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da çıxmış olacaq”. Siyasi ekspertlər bunu Rusiyanın Ermənistana “səni meydanda tək qoyarıq” mesajı kimi qiymətləndirirlər.

Müşahidə olunan odur ki, düşmən ölkədə bəziləri artıq Ermənistanın uçurumun kandarında olduğunu anlayırlar. Lakin siyasi və korrupsiya maraqları bu uçurumdan xilas olmağa mane olur. 

Taleh Turqut

DİGƏR YAZILAR