KÖŞƏ

Taleh Turqut

“The Washington Post"u narahat edən nədir: Söz azadlığı, yoxsa?..

07 sentyabr 2017 00:44
3193

Azərbaycanın iqtisadi-siyasi qüdrəti artdıqca, bölgənin aparıcı söz sahiblərindən birinə çevrildikcə ölkəmizə qarşı təzyiqlər müxtəlif formalarda təzhür edir. Bu təzyiqlər hər zaman olduğu kimi, birbaşa deyil, QHT adı altında fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatlar və yaxud müəyyən qüvvələrin əlində alətə çevrilən mətbuat orqanları vasitəsilə həyata keçirilir. Bu zaman isə şər maşınları işə salınır, böhtan kampaniyasına start verilir.

Təəssüf doğuran hallardan biri də odur ki, bəzən özünü dünyanın ən aparıcı və nəhəng media qurumu hesab edən nəşr də bu oyunun iştirakçısına və təbliğat alətinə çevrilir. Belə mətbu orqanların bəzi çirkin niyyətli qrupların əlində oyuncağa çevrildiyini anlamaq çətindir.

Son günlərdə bir neçə Qərb media orqanlarında Azərbaycana və ölkəmizin siyasi elitasına qarşı böhtan dolu təbliğatın aparılmasına ABŞ-ın ciddi informasiya qurumlarından hesab edilən "The Washington Post" qəzeti də qoşulub. Lakin qəzetdə dərc edilən yazının gülünc "faktlara" söykənməsi və böhtanla zəngin olması adıçəkilən qəzetin ciddiliyini şübhə altına almağa əsas verir. Diqqəti çəkən məqamlardan biri də odur ki, özünü "azad Qərb mediası"nın ruporlarından hesab edən, Azərbaycanda söz və ifadə azadlığının pozulduğunu iddia edən qəzet bütün azadlıqların çərçivələrini aşıb, söz azadlığından sui istifadə hallarına yol verib, jurnalistikanın, medianın bütün prinsiplərini rahatlıqla ayaqlar altına alıb.

"The Washington Post"un qarayaxma "fəaliyyəti" həm də onunla diqqət çəkir ki, qəzet hansısa siyasi və hüquqi məsələrə deyil, elə jurnalistlərin özlərinə aid olan mövzuya toxunub. Həm də burada jurnalistlərin hansısa problemindən deyil, media mənsublarına göstərilən dövlət qayğısından, onların sosial şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərdən "narahat olub".

Qəzetdə bu ilin iyul ayında Azərbaycan Prezidentinin təşəbbüsü ilə jurnalistlərə mənzillərin verilməsi başqa mənalarda hallandırılıb. Guya bu addım jurnalistlərin sərbəstliklərini məhdudlaşdırmağa xidmət edirmiş, müəyyən təmənna güdürmüş və s. Qəzet açıqlamaqda çətinlik çəkir ki, ölkə rəhbərinin cəmiyyətin fəal təbəqəsi hesab edilən, dövlətin və cəmiyyətin inkişafında və təhlükəsizliyində özünəməxsus rol oynayan media işçilərinə göstərdiyi bu diqqət və hörmətin təmənna ilə nə əlaqəsi var? Jurnalistlər vətəndaşı olduqları dövlətdən niyə mənzil ala bilməzlər?..

Əlbəttə, bu qərəzli cızma-qaranı hazırlayanlar və hazırladanlar yuxarıdakı sualların cavabını bilirlər. Lakin onun doğru cavablandırılması sifarişçilərin maraqlarına uyğun deyil. Onlara bunu, qəribə də olsa, "ifadə azadlığının məhdudlaşdırılması" kimi "görmək" sərf edir.

"The Washington Post" kimi qəzetlər "unudurlar" ki, Azərbaycanda söz və mətbuat azadlığı onların çalışdığı ölkələrdən heç də zəif inkişaf etməyib. Hətta bəzi cəhətlərinə görə onlardan da xeyli öndədir. Çünki Azərbaycan jurnalisti, Azərbaycan mediası ayrı-ayrı mahiyyəti bəlli olmayan qaranlıq qruplaşmalara deyil, Azərbaycan dövlətinin milli maraqlarına xidmət edir! Qiymərləndirməni, mükafatı da hansısa qərəzli təşkilatlardan yox, elə öz dövlətindən gözləyir və alır!