KÖŞƏ

Taleh Turqut

Ermənistan təşviş içində

18 noyabr 2016 00:40
537

Ermənistan təşviş içində: Azərbaycan Prezidentinin sözləri erməniləri qorxuya salıb

Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün öncə bu ilin aprelində işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində olması və burada səsləndirdiyi fikirlər ekspertlərin müzakirə mövzusu olaraq qalmaqdadır. Müşahidəçilər hesab edirlər ki, Ali Baş Komandan burada Azərbaycan əsgərlərinin qarşısında çıxış edərkən hazırkı mərhələ üçün vacib olan mesajlar səsləndirib. Təbii ki, bu mesajların ünvanı, əsasən, işğal etdiyi Azərbaycan ərazilərini boşaltmaq istəməyən Ermənistan və onun havadarlarıdır. 

Ölkə başçısı çıxışında bu ilin aprel ayında baş verən hərbi toqquşmanı və onun nəticələrini bir daha xatırladıb və qeyd edib ki, əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasa, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar təkrar olunacaq. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır:”Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə-bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”.

Azərbaycan Prezidentinin bəzi fikirləri münaqişənin həllində ölkəmizin prinsipial mövqeyini bir daha ortaya qoydu. Ölkə başçısı bildirib ki, təkcə Lələtəpə və digər işğaldan azad edilən ərazilər deyil, “Şuşa və Xankəndi də Azərbaycandır”. Ekspertlərin fikrincə, Azərbaycan rəhbərinin bu sözləri ermənilərə açıq mesajdır. Bu, o deməkdir ki, təkcə ətraf rayonların deyil, Dağlıq Qarabağın özünün dəazad edilməsiAzərbaycanın vaz keçməyəcəyi məqsədidir.

Ermənistan ictimaiyyətində və mediasında son günlər səsləndirilən fikirlər göstərir ki, Prezident İlham Əliyevin ismarıcları lazımi ünvana yetişib. Ermənilər Azərbaycan rəhbərinin sözlərinin arxasında ciddi mesajlarının dayandığını yaxşı anlayırlar və buna görə də böyük təlaş və narahatlıq içərisindədirlər. Bunu erməni politoloqların və jurnalistlərin şərhlərindən aydın müşahidə etmək olur.

Ermənistanın Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisyan Azərbaycan Prezidentinin Lələtəpədə verdiyi mesajları şərh edərkən bildirib ki, Azərbaycan apreldə Ermənistana verdiyi dərsi davam etdirmək istəyir. Ermənistan cəmiyyəti isə gözləyir ki, hakimiyyət nə vaxt çıxış yolu tapacaq. O, bu fikri Azərbaycan Ordusunun noyabrın 12-də başladığı hərbi təlimləri və Azərbaycan Prezidentinin təlimlərdə səsləndirdiyi bəyanatları şərh edərkən söyləyib. Politoloq qeyd edib ki, Azərbaycan istədiyini əldə edənə kimi dayanmayacaq: “Azərbaycan rəhbərliyi heç vaxt müharibə planından imtina etməyib. Sülh danışıqları isə yerində ilişib qalıb. Ona görədə müharibə etmək Azərbaycanın haqqıdır. Görünən odur ki, Azərbaycan apreldə Ermənistana verdiyi dərsi davam etdirmək istəyir. Ermənistan cəmiyyəti isə gözləyir ki, hakimiyyət nə vaxt çıxış yolu tapacaq”.

M. Sarkisyan Ermənistan rəhbərliyinin son dövrlərdə həyata keçirdiyi silahlanmaya da münasibət bildirib. O bildirib ki, Ermənistan əldə etdiyi yeni silahlarla, o cümlədən, “İsgəndər” raketləri ilə qürrələnməyə başlayıb: “Amma xatırladım ki, bundan əvvəldə bizdə o tip silahlar olub. Ancaq Azərbaycan tərəfinin Xankəndi və İrəvanı məhv edəcəyi barədə bəyanatlarından sonra bizimkilər susub, səsləri çıxmır. Qarabağda aparılan müharibə bu tip silahların istifadəsinə imkan vermir. Ona görədə Azərbaycan tərəfi düzgün taktika seçərək yüngül silahlardan istifadə etməklə aprel ayında Ermənistana dərs verdi”.

Hazırda Ermənistanda bu tipli yanaşmalar kifayət qədərdir. Bəzi erməni yazarlar qeyd edirlər ki, Ermənistanın hansı dövlətlə hərbi ittifaqda olmasından asılı olmayaraq onun güclü Azərbaycan qarşısında davam gətirməsi mümkünsüzdür.

Manvel Sarkisyanın da vurğuladığı kimi, ermənilərin Azərbaycanla dil tapmaqdan başqa yolları qalmır. Bu isə Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasından keçir.