KÖŞƏ

Taleh Turqut

Ermənistanın “müsəlman qardaşı”

28 dekabr 2016 14:23
2129

Bir neçə gün əvvəl İran Prezidenti Həsən Ruhani Ermənistanda rəsmi səfərdə olub. İlk baxışdan bəlkə də bu səfəri iki dövlət arasındakı adi münasibətlərin inkişafı, eləcə də üçüncü dövlətə dəxli olmayan hadisə kimi qiymətləndirmək olardı. Əlbəttə, ortada Azərbaycan faktoru olmasaydı. Məsələ burasındadır ki, müsəlman dövlətin rəhbərinin səfər etdiyi Ermənistan Azərbaycan torpaqlarını işğal edən təcavüzkar dövlətdir, səfəri reallaşdıran İran isə özünün daim iddia etdiyi kimi, İslam dəyərləri ilə idarə olunan müsəlman ölkəsidir. Ən əsası isə hər iki dövlət Azərbaycanın yaxın qonşusudur.

İlk növbədə onu vurğulayaq ki, bir sıra ekspertlər tərəfindən İran prezidentinin Ermənistana səfəri müsəlman aləminə qarşı ədalətsizlik kimi dəyərləndirilir. Ən əsası ona görə ki, İran dövlətinin siyasətinin ana xəttini İslam qaydaları təşkil edir və bu dövlətin rəsmiləri bütün addımlarında islami qanunlara əməl etdiklərini iddia edirlər. Lakin bir milyondan çox şiə-müsəlmanı yurd-yuvasından didərgin salan, minlərlə günahsız insanı məhz müsəlman olduğuna görə qətlə yetirən bir dövlətlə “qardaşlıq əlaqələri”nin qurulması heç bir İslam prinsipinə uyğun gəlmir...

Əlbəttə, əgər H.Ruhani səfəri çərçivəsində heç olmasa bir dəfə Ermənistanın onun müsəlman qardaşlarının başına gətirdiyi zülmləri dilinə gətirsəydi və sözdə də olsa, buna narazılığını bildirsəydi, o zaman irad tutmağa yer də qalmazdı.

Əksinə, hər iki dövlət başçısı qarşılıqlı əlaqələrin ən yüksək səviyyədə olmasından və iki xalqın tarixi dostluğundan və qardaşlığından bəhs etdilər. Hətta cənab Ruhani bir az da irəli gedərək fars və erməni xalqlarının eyni kökə və mədəniyyətə sahib olmasından ağızdolusu danışıb.

İran Prezidentinin səfərindən və bəyanatlarından məmnun qalan Ermənistan mediası hələ də bu “təşrifin” yaratdığı “xoş təəssüratların” təsiri altındadır. Ermənistanın “Armenpress” saytı yazır ki, Ermənistanla İran arasında dostluq münasibətləri əsrlərdir davam edir. Ermənistanın müstəqillik dövründə müxtəlif müqavilələrlə bu dostluq daha da möhkəmləndirilib. Sayt qeyd edir ki, İran 25 dekabr 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. 9 fevral 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Həmin ilin aprelində İranda Ermənistan səfirliyinin təntənəli açılışı olub, payızında isə İranın Ermənistanda səfirliyi yaradılıb. Bu müddətdə iki ölkə arasında 70-dək saziş, müqavilə və anlaşma imzalanıb.

Yalnız göstərilən faktlar İranın Ermənistanın ayaqda qalmasında və inkişaf etməsində əsas dəstəkçi dövlət olduğunu söyləməyə kifayət edir. Onu da əlavə etsək ki, son 20 ildə İran Ermənistana 2 milyard (!) dollarlıq müxtəlif formada yardımlar edib cənab Ruhaninin “iki xalqın eyni kökə və mədəniyyətə sahib olması” barədə dediklərinin heç də gəlişigözəl sözlər olmadığı aydın görünür.

Bütün deyilənlərin fonunda İsrailin Baş nazirinin Bakıya səfərinə İran rəsmilərinin sərgilədiyi münasibəti izah etmək çətindir. Üstəlik nəzərə alsaq ki, İsrail nəinki heç vaxt İranın 20 faiz torpağını işğal etməyib, heç ona qarşı belə iddiada da olmayıb. Əksinə, istər şah üsuli-idarəsi dövründə, istərsə də İslam inqilabından sonra İranın bir çox məsələlərdə İsraillə aşkar və gizli formada əməkdaşlıq etdiyini bilməyən yoxdur. Ümumiyyətlə, İsraillə İran arasında ciddi siyasi və hərbi gərginlik mövcud olmayıb və İsrailin təkcə Azərbaycanla deyil, bir çox müsəlman dövlətləri ilə sıx əlaqələri var. Belə olan halda niyə məhz Azərbaycanla münasibətlərə qısqanclıqla yanaşıldığı anlaşılan deyil...

Lakin İslam aləminə dərin nifrətini hər zaman büruzə verən Ermənistanla günü-gündən dərinləşdirilən qardaşlıq əlaqələrini başa düşmək daha çətindir. Həm də özünü İslam dövləti adlandıran bir müsəlman ölkəsi tərəfindən...