KÖŞƏ

Taleh Turqut

Ollanddan Sarkisyana 8 Mart hədiyyəsi

15 fevral 2017 14:41
1113

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi qeyri-obyektiv fikirlər haqlı olaraq ona qarşı tənqidi fikirlərin artmasına səbəb olub. Fransa prezidentinin sözləri münaqişənin obyektiv həllinə çalışan vasitəçidən daha çox tərəflərdən birinə xüsusi rəğbət bəsləyən dəstəkçi təsiri bağışlayır. Fransanın “erməni sevgisi”nin ənənəvi olduğunu nəzərə alsaq, bu, təsadüfi deyil...

Qeyd edək ki, Fransanın ermənipərəst mövqeyi hər kəsə aydın olan həqiqətdir. Bu ölkənin parlamentinin uydurma erməni soyqırımı ilə bağlı qəbul etdiyi cəza qanunu dünyada analoqu olmayan fakt kimi tarixə düşüb. Elə həmin “soyqırımı”nın yüz illik “yubileyi” ilə bağlı Ermənistana ən böyük heyətlə gələn ölkələrdən biri də Fransa idi, həm də Ollandın prezident kimi şəxsən rəhbərliyi ilə. Sözügedən tədbirdə Fransa rəhbərinin öz doğmalarının itkisinə üzülürmüş kimi davranışları heç kəsin gözündən yayınmamışdı...

Bəzi ekspertlər F.Ollandın sözlərini qarşıdan gələn seçkilərlə əlaqələndirsələr də, bir qrup siyasi şərhçi bunu doğru hesab etmir. Onların fikrincə, Olland seçkidə iştirak etməyəcəyini bildirib, bu üzdən onun Fransadakı ermənilərin dəstəyini qazanmaq məqsədilə belə bir addım atması məntiqli görünmür. Bunun sadəcə bir izahı var: erməni sevgisi. 

Əlbəttə, ATƏT-in Minsk qrupunun yararsız bir turist təşkilatına çevrilməsi haqqında tənqidi fikirlər artıq neçə illərdir ki, səsləndirilir. Digər həmsədr ölkələrin də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşması halları dəfələrlə özünü göstərib. Sözügedən dövlətlər rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, bu ərazi bütövlüyünü işğal nəticəsində pozan Ermənistanı təcavüzkar kimi tanımayıblar. Münaqişənin onillərdən bəri davam etməsinin və hələ də həll edilməməsinin başlıca səbəblərindən biri də məhz budur.

Həmsədrlərdən biri kimi Fransanın ermənipərəst mövqe nümayiş etdirməsi ilk dəfə deyil. Qərb dünyasında Ermənistana ən böyük siyasi dəstəyin verildiyi ölkə də Fransadır. Lakin Ollandın çıxışında “Qarabağ xalqı” ifadəsini işlətməsi və münaqişənin “xalqların öz müqəddəratını təyinetmə prinsipi”nə uyğun həll edilməli olduğunu bildirməsi açıq-aşkar təcavüzkarın müdafiə edilməsi kimi qiymətləndirilir. Bu, beynəlxalq hüquq normalarının ən kobud formada pozulması və Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dövrlərdə daha da genişlənməsinə qarşı yönələn təxribatdır.

Milli Məclisin dünənki iclasında çıxış edən deputatlar məsələ ilə bağlı etirazlarını bildirərkən Fransa prezidentinin fikirlərini kəskin tənqid ediblər. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov hesab edir ki, Olland bu hərəkəti ilə Fransanın imicinə zərbə vurmaqla daha çox öz ölkəsinə zərər verir. Deputat Azay Quliyev isə qeyd edib ki, Fransa prezidentinin fikirlərinə görə bu ölkədən izahat istənməli və Xarici İşlər Nazirliyi Fransaya nota verməlidir.

Qeyd edək ki, Fransa rəhbərlərinin “erməni sevgisi”nin artıq müəyyən ənənəsi mövcuddur. Vurğulayaq ki, Olland Fransa ermənilərinin Əlaqələndirmə Şurasının illik şam yeməyindəki məlum çıxışında bildirib ki, o, Ermənistan prezidenti S.Sarkisyanı münaqişənin həlli yollarını müzakirə etmək məqsədilə ölkəsinə dəvət edib. Həmin dəvət bütün dünyada, elə Fransanın özündə də Beynəlxalq Qadınlar Günü kimi qeyd edilən 8 martda reallaşacaq. Bir qədər mübaliğəli görünsə də, görüşün məhz həmin tarixdə keçirilməsi təsadüfi sayıla bilməz. Yaddaşlı oxucular xatırlayarsa, bir neçə il əvvəl Fransanın sabiq prezidenti Nikola Sarkozi Ermənistanı “Fransanın kiçik bacısı” adlandırmışdı. Bu baxımdan, Sarkisyanın, yəni “kiçik bacı”nın 8 Mart günündə Parisə dəvət edilməsini təsadüfi hesab etmək düzgün olmazdı...