KÖŞƏ

Taleh Turqut

Ordumuzun gücü Ermənistanı vahiməyə salıb

24 aprel 2017 16:55
1046

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun böyük bir hissəsi beş günlük genişmiqyaslı təlim keçirib. Aprelin 16-da başlayan təlimlər dünən başa çatıb.
30 min şəxsi heyətin iştirak etdiyi təlimlərdə 250-dən artıq zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğuları və digər tipli hərbi texnologiyalardan istifadə olunub. 

Ordumuz vaxtaşırı bu tipli təlimlər həyata keçirir. Lakin bu təlimin miqyası və seçilmiş zaman düşmən ölkəni-erməniləri əməlli-başlı təşvişə salıb. Təlimlərin ötən ilin aprelində baş verən “mini müharibə”nin tarixi ilə təqribən üst-üstə düşməsi bu qorxunu daha da artırıb. Artıq Ermənistan cəmiyyətində belə bir fikir formalaşıb ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə hazırlaşır. Bu, cəmiyyətdə böyük təşviş və narahatlıq yaradıb. Bu narahatlığı düşmən ölkənin mediasından və burada gedən müzakirələrdən aydın sezmək mümkündür. Bu müzakirələr bir tərəfdən Azərbaycanın hərbi gücünün etirafı, digər tərəfdən torpaqların Azərbaycana aid olmasının dolayısilə ermənilər tərəfindən təsdiqi kimi anlaşılır.

Erməni politoloq Ara Papyan hesab edir ki,  Azərbaycan belə hərbi təlimlərlə Ermənistana psixoloji təzyiq göstərməyi hədəfləyir və istəyinə nail olur: “Deyə bilərik ki, Bakı buna nail olur, xüsusilə erməni cəmiyyətində ciddi qorxular yaranır. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, münaqişədə ədalətin güc yolu ilə təmin olunması variantı hər an gündəmdədir. Hesab edirəm ki, ordunu daim bu varianta hazır vəziyyətdə saxlayırlar”. 

Ermənistandakı Qafqaz İnstitutunun direktor müavini, siyasi ekspert Sergey Minasyan isə təlimlərin tarixinə diqqət çəkərək bildirir ki, aprel döyüşlərinin ildönümü zamanı belə təlimlərin keçirilməsi Azərbaycanın əraziləri güc yolu ilə azad etmək prinsipinin üzərində qətiyyətlə dayandığını göstərir. O hesab edir ki, bu, həm də Ermənistanın pafoslu hərbi ritorikasına qarşı bir cavabdır: “Bakı Dağlıq Qarabağ danışıqları ətrafında yaranmış durğun vəziyyətlə barışmayacaq və məhz buna görə də ordunun hazır vəziyyətdə saxlanılması üzərində iş aparır. Ötən ilin aprelində baş vermiş hadisələr isə Ermənistanla müqayisədə Azərbaycan Ordusunun güclü olduğunu göstərdi”.

Ermənistan aprel döyüşlərindən sonra öz ordusunu komplektləşdirməkdə ciddi çətinliklərlə üzləşib. Artıq gənclər ordudan yayınmağa və özgə torpaqlarında mənasız ölümə düçar olmamağa çalışırlar. Cəmiyyətdəki qorxu ölkə rəhbərliyini gəncləri hərbi xidmətə cəlb etmək məqsədilə müxtəlif şirnikləndirici tədbirlərə əl atmağa məcbur edir. Xatırladaq ki, vaxtaşırı orduda əsgər çatışmazlığı üzündən qızların da hərbi xidmətə cəlb edilməsi məsələsi Ermənistanda gündəmə gətirilir. Lakin bu dəfə rəhbərlik erməni gənclərini pul mükafatları ilə həvəsləndirməyi planlaşdırır. 

Belə ki, düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanisyan sosial şəbəkə vasitəsilə bildirib ki, döyüş bölgəsində könüllü xidmət keçmək istəyən çağırışçılar yeni qaydalarla qəbul ediləcəklər. Onlar növbəli şəkildə bir həftə evdə, bir həftə təlimdə, iki həftə isə döyüş bölgəsində xidmət keçəcəklər. Xidmətin sonunda isə həmin hərbi qulluqçular 5 milyon dram, yəni təqribən 10 min ABŞ dolları pul alacaqlar. Lakin bu vəsait onlara nağd şəkildə deyil, köçürmə yolu ilə veriləcək.
Görünür, öz xislətlərinə bələd olan Ermənistan bu pulun vətəndaşları üçün nə qədər “qiymətli” olduğunu bilir. Axı ermənilər tarixən hər zaman kimlərinsə muzdlu xidmətçiləri olublar...