KÖŞƏ

Taleh Turqut

Nalbandyanın susqunluğu və Ermənistanda müharibə qorxusu

01 may 2017 23:15
1814

Aprelin 28-də Rusiyanın paytaxtı Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilib. Ötən ilin yay aylarında prezidentlərin son görüşündən sonra bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ilk danışıqlar faktıdır.

Ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusu tərəfindən aldığı sarsıdıcı zərbələrdən başını itirən və rüsvayçı məğlubiyyətə uğrayan Ermənistan atəşkəsin bərpa olunması və danışıqların davam etdirilməsi üçün Azərbaycanı razı salmaq xahişilə yalvarmadığı dövlət qalmadı. Lakin sonradan müəyyən havadarlarından aldığı siyasi dəstəyin də təsiri ilə Ermənistan rəhbərliyinin əsl erməni siması üzə çıxdı və Sarkisyan komandası danışıqlar prosesini pozmağa, status-kvonu olduğu kimi saxlamağa cəhdlər göstərdi.   

Bununla belə, siyasi ekspertlər hesab edirlər ki, danışıqlar prosesinin ara verdiyi aylar ərzində vəziyyət heç də Ermənistanın deyil, Azərbaycanın xeyrinə dəyişib. Ermənistan rəhbərliyinin pafoslu ritorikasının arxasında dağılmış iqtisadiyyatdan və zəif ordudan başqa heç nə yoxdur, işğalıçı dövlətin hərbi gücünün artırılması barədə söyləntilər əslində sabun köpüyündən başqa bir şey deyil.

Lakin bu müddət ərzində Azərbaycan həm beynəlxalq aləmdə özünün iqtisadi və siyasi dayaqlarını daha da möhkəmləndirib, həm də müasir ordu quruculuğu sahəsində daha böyük uğurlara nail olub. Bunu bir sıra beynəlxalq müşahidəçilərlə yanaşı, elə erməni ekspertlərinin özləri də etiraf edirlər.

Yeri gəlmişkən, beynəlxalq “Global Firepower Index” təşkilatı silahlı qüvvələrin səviyyəsinə görə dünya dövlətlərinin son reytinqini açıqlayıb. 50-dən artıq müxtəlif göstəricilər üzrə aparılan araşdırmalarda Azərbaycan Silahlı Qüvvələri 59-cu yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstan siyahıda 80-ci, Azərbaycanla hərbi münaqişədə olan Ermənistan isə 95-ci pillədədir. Onu da vurğulayaq ki, sözügedən qurumun hesabatları bütün dünyada ciddi araşdırmalar kimi qəbul edilir.

Son hesabatlardan da göründüyü kimi, Ermənistanın hərbi gücü ölkəmizlə müqayisə edilməyəcək dərəcədə bərbaddır. Belə olan halda Ermənistan rəhbərliyinin son dövrlərdə müharibə ritorikasına üstünlük verməsi sadəcə olaraq sərsəmlikdir. Erməni siyasi şərhçilər son dövrlərdə ölkələrinin siyasi rəhbərliyini yarıtmaz siyasətinə görə daha intensiv tənqid hədəfinə çeviriblər. Son Moskva görüşü ilə bağlı da onların hədəfində daha çox Edvard Nalbandyan olub. Düşmən ölkənin ekspertləri hesab edirlər ki, sözügedən görüşdə Nalbandyanın ortaya çıxan suallara aydın cavabı olmayıb. Erməni ekspert Stepan Qriqoryan Ermənistan hakimiyyətinin müəmmalı susqunluğunu “Rusiyadan asılı olmaları və onların dediklərindən kənara çıxa bilməmələri” ilə izah edib.

Ümumiyyətlə, münaqişənin həlli istiqamətində Ermənistanın pozuculuq fəaliyyətinin onun öz iradəsi ilə baş verməməsi qənaəti ekspertlər arasında hakimdir. Belə vəziyyətdə Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək seçiminin aktuallaşması yenidən gündəmdədir. Yeri gəlmişkən, Moskva görüşü ərəfəsində Azərbaycan Ordusu qardaş Türkiyə Silahlı Qüvvələri ilə birlikdə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu, ermənilərin yuxusunu əməlli-başlı ərşə çəkib...