KÖŞƏ

Taleh Turqut

Rusiyada bəzi qüvvələr ermənilərin girovuna çevrilib

16 may 2017 14:30
2901

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi sensasiya xarakterli hadisə hesab edilə bilər. Rusiya ilə Azərbaycan arasındakı qarşılıqlı siyasi və iqtisadi əlaqələrin səviyyəsi belə düşünməyə əsas verir.

Azərbaycanla Rusiyanın siyasi əlaqələri müstəqillik illərində də sıx şəkildə davam etdirilib. İki ölkə arasındakı münasibətlər hər zaman ən yüksək səviyyədə olub və bu gün də eyni səviyyədə davam etdirilir. Rusiya ilə münasibətlər təkcə iki qonşu dövlət arasındakı əlaqələr formasında deyil, qarşılıqlı maraqların təmin edilməsinə yönələn strateji əməkdaşlıq müstəvisində mövcud olmuşdur. Azərbaycan beynəlxalq müstəvidə də hər zaman Rusiyanın regiondakı maraqlarını nəzərə alıb və atdığı bütün addımlarda bu qonşuluq münasibətlərinə zərər verməmək prinsipinə sadiq qalıb.

Belə bir şəraitdə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi təəccüblə qarşılanmaqla yanaşı, iki ölkə arasında münasibətlərin gərginləşməsində maraqlı olan qüvvələrin mövcudluğunu da təsdiq edir. Ümumiyyətlə, son dövrlərdə Rusiyanın bəzi dövlət strukturlarında Azərbaycana qarşı təxribat xarakterli faktların artması diqqətçəkəndir. Bəzi dövlət qurumlarında ermənilərə yaxınlığı ilə tanınan şəxslərin antiazərbaycan ritorikası son günlərdə daha çox intensivləşməyə başlayıb. Bu amildən çıxış edərək söyləmək mümkündür ki, ÜAK-ın ləğvi bilavasitə ermənilərin və onların maraqlarına xidmət edən bəzi şəxslərin “özfəaliyyətlərinin” təzahürüdür.

Görünən odur ki, Rusiyada fəaliyyət göstərən erməni lobbisi və bəzi antiazərbaycan dairələr iki dövlət arasındakı münasibətləri yenidən “sınağa çəkmək” iddiasındadırlar.

İndiki məqamda yenidən belə bir nüansın ortaya çıxması düşündürücüdür. Qeyd edək ki, son bir ildə Rusiyanın bir sıra siyasi dairələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çağırışların sayı artmaqdadır. Bir sıra siyasi ekspertlər və rəsmi şəxslər Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməli olduğu barədə bəyanatlar səsləndirirlər. ÜAK-ın qeydiyyatının ləğvi qaranlıq suallar doğurur.

Qeyd edək ki, Rusiya çoxmillətli və tolerant bir ölkə kimi tanınır. Burada bir sıra xalqların və etnik qrupların çoxsaylı təşkilatları fəaliyyət göstərir. Belə olan halda Azərbaycan icmasının ən böyük ictimai təşkilatının ləğv edilməsi çoxmədəniyyətli Rusiya cəmiyyətinin xarakterinə ziddir və millətlərarası münasibətlərin pozulmasına qarşı yönəlmiş təhlükəli amildir.

Rusiyada fəaliyyət göstərən Azərbaycan icması hər zaman bu ölkənin milli maraqlarının qorunması və Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi sahəsində fəal rol oynayıb. İcma üzvləri Rusiyanın ictimai-siyasi və sosial həyatında aktiv olmaqla bərabər, ölkənin iqtisadi həyatında da həlledici rola malikdirlər. Bu baxımdan məhz azərbaycanlılara məxsus ictimai təşkilatın ləğvi məsələsinin gündəmə gəlməsi qərəzli və qeyri-obyektiv münasibətin təzahürüdür. Burada hansısa texniki məsələlərdən söbət gedə bilməz.

Onu da vurğulayaq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçilik edən dövlətlərdən biridir. Eyni zamanda, Ermənistan üzərində Rusiyanın təsir imkanlarının olduğu da heç kimə sirr deyil. Bu baxımdan Rusiyanın münaqişənin həlli prosesində təsiredici rolu danılmazdır. Lakin belə bir halın ortaya çıxması Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki tərəfsiz vasitəçilik missiyasını sual altına alır.

Rusiya Ədliyyə Nazirliyinin bu addımı haqlı olaraq Azərbaycanda fəaliyyət göstərən rus icmasının, Azərbaycan diaspor təşkilatlarının və ictimaiyyətin ciddi narazılığına səbəb olub. Həmin qurumların da qeyd etdikləri kimi, bu, Rusiya hökumətində bəzi qüvvələrin erməni lobbisinin girovuna çevrildiyi təəssüratını möhkəmləndirir.