KÖŞƏ

Taleh Turqut

Minsk qrupunun ikibaşlı oyunu kimə sərf edir?

22 may 2017 14:34
2955

İki gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti bəyanat yayıb. Bəyanatda mayın 15-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus raket kompleksinin Azərbaycanın işğal olunmuş ərazisində, təmas xəttinə yaxın məsafədə vurulmasından “xüsusi narahatlıq” ifadə olunub. Həmsədrlərin sözügedən bəyanatı may ayının 18-də açıqlamaları da çoxmənalıdır. Məhz bu tarixdə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən Laçın rayonunu işğal etməsinin 25 ili tamam olurdu və işğalçı dövlətin prezidenti Serj Sarkisyan yeni seçilən parlamentin ilk iclasında məhz həmsədrlər tərəfindən təklif edilən Madrid prinsiplərindən imtina etdiklərini açıqlayırdı... 

“Fəaliyyət” göstərdiyi 23 illik dövrdə Minsk qrupu münaqişənin həll edilməsindən daha çox ya onun uzadılması yönündə, ya da bu və digər üsullarla işğala məruz qalan Azərbaycana qarşı bəyanatlar səsləndirməklə məşğul olub və beləliklə, əslində, işğalçı Ermənistana himayədarlıq etdiyini gizlətməyib. Sözügedən bəyanat haqlı olaraq Azərbaycan ictimaiyyətində və ölkəmizin rəsmi dövlət qurumlarında narazılıqla qarşılanıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bəyanatı şərh edərkən bildirib ki, Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək yenilənmiş Madrid prinsiplərini inkar edən açıqlamasının müqabilində ATƏT-in Minsk qrupunun həmsədrlərinin yalnız atəşkəs haqqında mayın 18-də verdikləri standart bəyanat simptomatik xarakter daşıyır. H. Hacıyev vurğulayıb ki, mayın 16 və 17-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc yaşayış məntəqələrinə müxtəlif çaplı silahlardan atəş açması faktına isə həmsədrlərin heç bir reaksiya verməməsi anlaşılan deyil.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun münaqişə ilə bağlı bu cür ikili və bəzən də qərəzli münasibət sərgiləməsi ilk dəfə deyil. Həmsədr statusunda olan hər üç dövlət bu və digər formada Ermənistanı ya açıq müdafiə edir, ya da ən azı təcavüzkar ölkənin beynəlxalq cinayətlərinə göz yumur.

Hazırda cəmiyyətdə ATƏT-in Minsk qrupunun gərəksiz və bəzi hallarda da əngəlləyici bir struktur olması düşüncəsi hakim kəsilib. İndi belə bir sual aktualdır: münaqişənin həllində heç bir təsir mexanizmi olmayan, bəzən isə təcavüzkarın yanında olduğunu gizlətməyən Minsk qrupu kimə və nəyə lazımdır?..