KÖŞƏ

Taleh Turqut

Ermənistan danışıqlar masasına qayıtmağa məcbur oldu

17 iyul 2017 16:06
2766

Azərbaycanda həyata keçirilən siyasət ölkəmizin iqtisadi imkanlarını artırmağa xidmət edir. Güclü iqtisadiyyat güclü dövlət deməkdir. Təbii ki, bütün bunlar Azərbaycanın əsas və ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həllində mühüm rol oynayan faktorlardır.

Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyevin geniş nitqinin məzmunu Azərbaycanın real vəziyyəti haqqında dolğun təəssürat yaradır. Ölkə həyatının bütün sferalarına toxunan dövlət başçısının nitqinin bir hissəsi də Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolunda atılan addımlarla bağlı olmuşdur. Prezidentin məsələ ilə bağlı fikirləri hazırkı vəziyyət haqqında ətraflı və konkret qənaətin hasil olmasına xidmət edir.

Dövlət başçısı vurğulamışdır ki, ərazi bütövlüyümüzün təmin edilməsi, itirilmiş torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın xarici siyasətinin prioritet məsələsidir: “Bizim xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə - danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir. Bununla bərabər, hesab edirəm ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır”.

Prezidentin nitqində münaqişə ilə bağlı yaranmış real vəziyyət düzgün qiymətləndirilmiş, ölkəmizin bu istiqamətdə atdığı addımların məcmusu ümumiləşdirilərək problemin ümumi mənzərəsi düzgün ifadə edilmişdir. Azərbaycan lideri ölkəmizin bu sahədə addım-addım uğura doğru yaxınlaşdığını, çətinlikləri və üstünlükləri düzgün nəzərə çatdırmışdır. Ümumiyyətlə, Prezident sözügedən iclasdakı nitqində Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu və perspektivləri barədə dəqiq mənzərə yaratmışdır. Bu baxımdan ölkə başçısının münaqişə barədə fikirlərinin məzmununu əsasən iki cəhətdən qiymətləndirmək mümkündür. Birincisi, Prezident Ermənistanın danışıqlar prosesini pozmaq üçün bütün çirkin oyunlara əl atdığını, təxribatlar törətdiyini bir daha xüsusi faktlarla əsaslandırmışdır. İkincisi və ən əhəmiyyətlisi isə odur ki, ölkə başçısı Ermənistanın təxribatlarına rəğmən Azərbaycanın apardığı düzgün siyasi kurs nəticəsində beynəlxalq vəziyyətin ölkəmizin xeyrinə dəyişməsi, işğalçı ölkənin iç üzünün açılması və beləliklə, münaqişənin həllində real imkanların yarandığını ifadə etmişdir: “Aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu. Dünən (iyulun 11-də-red.) Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir”.

 Prezidentin nitqindən məlum olur ki, xarici işlər nazirlərinin görüşü və danışıqların bərpa edilməsi Azərbaycanın qətiyyətli mövqeyinin və xarici siyasətinin mühüm uğurudur. Dövlət başçısı vurğulayıb ki, bu, Azərbaycanın mövqeyidir və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəstəklənmişdir. Ona görə də işğalçı Ermənistan danışıqlar masasına qayıtmağa məcbur oldu: “İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil”.

Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti nitqində Ermənistanın beynəlxalq aləmdə nüfuzunu itirməsini həm Azərbaycanın uğurlu diplomatik fəaliyyəti ilə izah etmiş, həm də düşmən ölkənin səbatsız kriminal rəhbərliyinin “ağılsız siyasəti” ilə bağlı olduğunu əsaslandırmışdır. Ölkə başçısı vurğulamışdır ki, bu il qondarma DQR-də keçirilən “referendum” heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamaqla yanaşı, ermənilərin bütün dünyada rüsvay olmasına səbəb olan “axmaqlıq olmuşdur”: “Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq”.

Dövlət başçısının sözlərinə görə, Ermənistan bütün bu addımları danışıqlar prosesini pozmaq və mövcud status-kvonu saxlamaq niyyəti ilə atır. Xüsusilə son illərdə Ermənistanın münaqişənin həllinə mane olmaq məqsədilə törətdiyi təxribatları xronoloji olaraq nəzərə çatdıran Prezident bütün bunların düşmən ölkəni beynəlxalq arenada gözdən saldığını, Ermənistanın əsl simasını ifşa etdiyini və Azərbaycanın haqlı mövqeyini ortaya çıxardığını vurğulamışdır: “Ermənistan isə həmişə çalışırdı ki, həm danışıqları pozsun və onlara təzyiq artdıqca təxribat törətsin... Danışıqlara başlamamaq üçün onlar keçən ay növbəti hərbi təxribat törətdilər, bir əsgərimiz həlak oldu. Yenə də Azərbaycan Ordusu onları cəzalandırdı. Azərbaycan Ordusunun zərbəsi nəticəsində bir çox işğalçı məhv edildi. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu, hərbi cinayətdir. Bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi”.

Dövlət başçısı ümumi vəziyyəti xarakterizə edərək bildirmişdir ki, bu il Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib, Ermənistan isə, əksinə, xeyli zəifləyib. Azərbaycan Ordusunun müasir vəziyyətini yüksək qiymətləndirən Ali Baş Komandan qeyd edib ki, silahlı qüvvələrimizin gücü torpaqlarımızı hər an azad etməyə imkan verir. Əgər Ermənistan təxribatlardan əl çəkməsə və torpaqlarımızı işğaldan danışıqlar yolu ilə azad etməsə, o halda ordumuzun gücü qarşısında darmadağın olacaqdır.