KÖŞƏ

Taleh Turqut

Azərbaycanın diplomatik təzyiqləri: Ermənistanın iç üzü açılır

25 iyul 2017 22:14
3002

Ermənistan hər vəchlə işğal etdiyi Azərbaycan torpaqlarını azad etməkdən yayınır və müxtəlif təxribatlarla münaqişənin həllini yubadır. Vaxtaşırı baş verən silahlı təxribatlarla yanaşı, təcavüzkar ölkə həmin ərazilərdə müxtəlif vaxtlarda seçki şouları təşkil edərək bu əməllərinə siyasi don geyindirməyə çalışır. Lakin əvvəlki illərdən fərqli olaraq ermənilərin riyakar oyunları indi daha az beynəlxalq dəstək qazanır. Bu dəstək isə rəsmi olmayıb, əsasən, informasiya və təbliğat xarakteri daşıyır. 
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan sonuncu iclasında iyulun 19-da qondarma “DQR”də keçirilən “prezident seçkiləri”ni nəzərdə tutaraq haqlı olaraq vurğuladı ki, Ermənistan işğal etdiyi ərazilərdə qondarma seçkilər keçirməklə beynəlxalq aləmdə özünü rüsvay edir. Ermənilərin seçki şousuna sərgilənən beynəlxalq münasibət göstərdi ki, Azərbaycan rəhbəri fikirlərində tamamilə haqlıdır. “Seçki” ilə bağlı səsləndirilən azsaylı bəyanatların məzmunu Ermənistanın özünü bir daha rəzil vəziyyətə saldığını nümayiş etdirdi.

Burada bir nüansı vurğulayaq ki, ümumiyyətlə, müəyyən məqamlarda bəzən ikili standartlara söykənən münasibətlərin şahidi olsaq da, son illərdə Ermənistanın beynəlxalq aləmdə təklənməsi və qınanması prosesi sürətləndiyi müşahidə olunur. Ötən ilin aprel ayında baş verən “dördgünlük müharibə”dən sonra bu tendensiya daha da güclənməkdədir. Məhz həmin hadisələrin dünya ictimaiyyətində doğurduğu əks-səda Ermənistanın iç üzünün açılmasının, işğalçı simasının ifşa olunmasının bariz nümunəsi idi. İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzulinin Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi, iki yaşlı körpənin vəhşicəsinə öldürülməsi ermənilərin iç üzlərini bütün dünyada nümayiş etdirdi. Onun ardınca isə keçirilən “prezident seçkiləri”nə sərgilənən reaksiyalar bu münasibətin növbəti təzahürü idi.

Vurğulamaq lazımdır ki, Ermənistanın təcavüzkar xislətinin ifşa olunmasında və beynəlxalq aləmdə qınanmasında Azərbaycanın apardığı hücum taktikasının və diplomatik fəaliyyətinin də mühüm təsiri danılmazdır. Azərbaycan dövlətinin və ictimaiyyətinin vahid qüvvə kimi planlı fəaliyyəti, nəhayət, 25 illik münaqişədə ermənilərin yaratdığı “əzilən xalq” yalanını ifşa edə bildi. İndi hətta hər zaman ermənilərin dəstəkçisi kimi tanınanlar belə onların yalanlarını müdafiə etməyə səbəb tapa bilmirlər.

Yuxarıda bəhs etdiyimiz “prezident seçki”si də dünya ictimaiyyəti tərəfindən təxribat və münaqişənin sülh yolu ilə həllinə mane olan faktor kimi qiymətləndirilib. Bəzi böyük dövlətlər hadisəyə rəsmi münasibətlərini bildirən bəyanatlarla çıxış ediblər və faktı birmənalı olaraq pisləyiblər. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin bəyanatı özünün siyasi əhəmiyyətinə görə diqqətəlayiqdir. “ABŞ Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərin nəticələrini tanımır”. Bu fikirlər sözügedən bəyanatdandır. ABŞ bir daha Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığını, bu “seçkilərin” Dağlıq Qarabağın hüquqi statusuna təsir etməyəcəyini və qondarma seçkilərin münaqişənin həllinə təsir etməyəcəyini xüsusi vurğulayıb. Əlbəttə, bu bəyanatın mahiyyətində ABŞ-Azərbaycan əlaqələrinin son dövrlərdə daha da strateji xarakter alması da özünün göstərir.

Azərbaycanın beynəlxalq aləmdə Ermənistanı sıxışdırması və onun təcavüzkar simasını ifşa etməsi erməniləri ciddi narahat edir. Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan yerli mediaya açıqlamasında bildirib ki, artıq Ermənistanın Azərbaycanın təzyiqlərinə tab gətirmədiyi göz önündədir: “Ermənistanın bu cür sıxışdırıldığı bir durumda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ məsələsinin həllində önəmli bir addımla nəticələnə bilər”.  Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryan Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşündən sonra etiraf edib ki, Qərb ölkələri də münaqişənin həllinin yubanmasından narahatdırlar. 

Bütün bunlar Ermənistanın küncə sıxışdırıldığının və təzyiqlərə tab gətirə bilməyəcəyinin bariz təzahürüdür.