KÖŞƏ

Yeganə Əliyeva

Ermənistan prezidentinin təxribatçı çağırışları

23 may 2017 14:17
909

Serj Sarkisyan: Dağlıq Qarabağın işğal zonasında separatçı mübarizə “yeganə doğru yoldur”

Son bir həftədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat xarakterli müzakirələr yenidən aktuallaşıb. Xüsusilə ermənilərin cəbhənin ön xəttinə çıxardığı yaxın mənzilli “OSA” zenit-raket kompleksinin vurulmasından sonra müzakirələr daha da qızışıb. Paralel olaraq cəbhə xəttində də gərginlik artmaqdadır. Belə ki, Azərbaycan Ordusu mayın 16-da işğal altındakı ərazidə Ermənistana məxsus “OSA” zenit-raket kompleksini məhv etdikdən sonra Ermənistanın ordu birləşmələri Ağdam və Tərtər istiqamətində təxribatlar törədir,  cəbhə bölgəsinə yaxın yaşayış ərazilərini atəşə tutmaqdan belə çəkinmirlər.

Ermənistanın bu cür təxribatları isə Dağlıq Qarabağ bölgəsində müharibə təhlükəsini bir qədər də artırır. İş o yerə çatıb ki, Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin işğalçılıq siyasətinin bundan sonra da davam edəcəyini gizlətməyib.  İşğalçı dövlətin başçısı, hətta bir qədər də uzağa gedərək bölgədə sülhə nail olmaq üçün şərt də irəli sürüb. Ermənistan prezidenti ötən ay keçirilən seçkilərdən sonra yenidən “formalaşdırılmış” parlamentin ilk iclasında deyib ki, bölgədə sülhün əldə olunması Azərbaycanın “Dağlıq Qarabağın müstəqilliyi”ni tanımasından asılıdr. O, iddia edib ki, status-kvonun  dəyişməsinin yolu Dağlıq Qarabağın müstəqilliyinin Azərbaycan tərəfindən tanınması və erməni xalqının öz müqəddəratının təyinindən keçir: “Azərbaycanın antierməni siyasətini neytrallaşdırmaq üçün beynəlxalq arenada daha fəal siyasət aparılmalıdır”.

Çıxışında Dağlıq Qarabağ probleminə geniş yer verən Serj Sarkisyan bu dəfə də münaqişənin nizama salınmasında Ermənistan siyasi rəhbərliyinin irticaçı mövqeyini bir daha nümayiş etdirib. Belə ki, işğalçı dövlətin başçısı yeni “seçilmiş” deputatlar qarşısındakı çıxışında rəsmi İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir güzəştə getməyəcəyini bəyan edib. Bundan başqa, erməni prezidenti ATƏT-in Minsk qrupunun himayəsi altında uzunmüddətli proseslərin və danışıqların gedişatında formalaşdırılmış sülh nizamlanmasının bütün əvvəlki prinsiplərini də rədd edib.

Ermənistan prezidenti işğal etdikləri Azərbaycan torpaqlarının geri qaytarılmasının mümkün olmadığını söyləyib və bildirib ki, Dağlıq Qarabağın işğal zonasında separatçı mübarizə “yeganə doğru yoldur”. Sarkisyanın sözlərinə görə, hazırda 1988-ci ildə olduğu kimi, öz müqəddəratını təyin etmək üçün mübarizə ən doğru yoldur: “Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququnu reallaşdırmasının və təhlükəsizliyinə zəmanət yaratmasının alternativi yoxdur. Bu mövqe danışıqlar prosesində də əks olunub”.

Sarkisyan deputatlar qarşısındakı sərsəm çıxışında deyib ki, Qarabağ münaqişəsinin indiyə qədər nizama salınmamasının günahkarı Ermənistan və ya beynəlxalq vasitəçilər deyil. Onun sözlərinə görə, guya danışıqlar prosesində mövcud status-kvonun saxlanmasını dəstəkləyən və bunu gizlətməyən Azərbaycandır. O bildirib ki, bu, Azərbaycan tərəfindən daim təşəbbüs göstərilən bəyannamə və layihələrin sayının azaldılması üçün lazımdır. Onun sözlərinə görə,  aparılan sülh danışıqlarında vəziyyət fərqlidir və masanın üzərində “Kazan prinsipləri” var.

Sarkisyanın bu açıqlamasını özünəməxsus şəkildə şərh edən erməni mediasının yazdığına görə, Ermənistan “Madrid prinsipləri”ndən imtina etməyə hazırlaşır.

Ermənistanın siyasi hakimiyyətinin və işğalçı ordunun təxribatlarına baxmayaraq, Azərbaycan münaqişənin danışıqlar masası arxasında həllinin tərəfdarı olduğunu baş verənlərə təmkinli münasibəti ilə bir daha ortaya qoyur. Bunu ötən həftə Bolqarıstanda səfərdə olan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bir daha bəyan edib. Nazir müavini Dağlıq Qarabağ münaqişəsinin həllinin, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, regiondakı münaqişələrə seçmə yanaşma Azərbaycan və Ermənistan əhalisinə ziyan vurur: “Azərbaycan torpaqlarının 20 faizi işğal olunub və nəticədə bir milyondan çox adam qaçqın və məcburi köçkünə çevrilib. Biz münaqişənin həllini üç mərhələdə görürük: torpaqların tədricən azad edilməsi, onların bərpa edilməsi və məcburi köçkünlərin tədricən geri qaytarılması”.

Yeri gəlmişkən, Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının 23-cü ili tamam oldu. 1994-cü il mayın 12-də imzalanmış Bişkek razılaşması Dağlıq Qarabağ münaqişəsinin həlli baxımdan hələ heç bir real nəticəyə gətirib çıxarmayıb. Belə ki, Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün öz torpaqlarına qayıda bilməyib.  Başqa sözlə, 1994-cü il mayın 12-də Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi Dağlıq Qarabağa sülh gətirməyib. Ermənistan isə həm siyasi meydanlarda, həm də cəbhə xəttində Azərbaycana qarşı təxribatlarını davam etdirir. Ermənilər siyasi müstəvidə növbəti təxribatlarını Azərbaycanın 28 May - Respublika Gününə planlaşdırıb. Belə ki, Erməni Gənclər Assosiasiyası həmin gün Rusiyanın Kursk şəhərində “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” keçirməyə hazırlaşır.