KÖŞƏ

Vəli İlyasov

Xalq seçki, müxalifət isə söyüş əhval-ruhiyyəsində

10 aprel 2018 01:02
4475

İslam dininin mübariz mücahidlərindən biri, ərəb xilafətinin dördüncü xəlifəsi İmam Əlinin müdrik kəlamları çoxdur. Həmin kəlamlar o qədər uzaqgörənliklə deyilib ki, aradan min beş yüz ildən də artıq keçməsinə baxmayaraq bu gün də dəyərini qoruyub saxlamaqdadır. İmam Əli deyirdi: “ Mübahisə etmə ki, tərbiyəsizin kim olduğunu görsünlər.”

Çox sərrast deyilib və nə düzəlişə, nə də əlavəyə ehtiyac var. Ancaq təəssüf ki, aramızda elə nadir “nüsxə” şəxslər mövcuddur ki, onlar ədəb-ərkandan ifrat dərəcədə çıxır, hətta öz tərbiyəsizliklərini mənsub olduqları dar bir dairədən kənarda-xalq arasında yaymaqdan belə çəkinmirlər. Bu, etik-əxlaqi dəyərlərimizin ayaq altına atılması və  tərbiyəsizliyin zirvəsidir. Neçə vaxtdır ki, dağıdıcı müxalifət  və bir qrup tör-töküntü söyüş kampaniyasına qurşanıb.

Kimdir bu adamlar və onların züytutanları? Onları bu cür rüsvayçılığa vadar edən nədir? Nə üçün  min illərlə qoruyub saxladığımız etik və əxlaqi dəyərlərimizi tapdayırlar?

  Qısaca desək, bu bir ovuc şəxs 1988-ci ildən bəri milli-azadlıq hərəkatına yeridilən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən namərdcəsinə işğalına dolayısı ilə şərait yaradan və rəsmi olaraq ifşa olunmamış satqınlardır. Bunların bəziləri AXC-Müsavat cütlüyü hakimiyyətdə olanda  mühüm dövlət vəzifələrində “işləyərkən” ermənilər müdafiəsiz qoyulmuş Qarabağda soydaşlarımızın qanını su yerinə  axıdırdılar. Həmin illərdə başabəla “bəy”lər öz varidatlarını çoxaltmaqla məşğul idilər. İndi meydanlarda “Qarabağ” deyib bağıranlar hakimiyyətdə olanda iddiaları və bacarıqsızlıqları ucbatından Qarabağı düşmənin cənginə verirdilər.

1993-cü ilin yayında orda-burda döyüşlər getsə də, vahid cəbhə xətti yox idi. Mən də xalqın vətənpərvər bir oğlu kimi ortaya çıxıb diversiya taboru yaratmaq və pərakəndə halda olan erməni quldur dəstələrini, onların  texnikalarını məhv etmək, silah və ərzaq daşınan yollarını nəzarətdə saxlamaq planını irəli sürdüm. Altmış beş nəfər cəsur oğul mənə qoşuldu. Kəlbəcər və Ağdərə dağlarının hər bir cığırını əzbər bilən bələdçilər də bizimlə idi. Mən müraciət edib  təminat  istədim. Əvvəl bu planı bəyəndiklərini bildirdilər. Bir neçə gündən sonra dedilər ki, “bəy razı deyil.”  Nə üçün? Bu suala heç kim cavab vermədi.

İndi həmin adamlar və onların “yetişdirdikləri” ordunu və xanı biabır edən orduxanlar və onun cığırdaşları Azərbaycan hakimiyyətinə qarşı nalayiq kampaniya aparırlar. Özlərini cəmiyyətdən təcrid vəziyyətinə salan bu nankor  şəkkaklar layiq olmadıqları məqamları zəbt etmək üçün şeytanla da əməkdaşlığa gedəcəklərini aşıq-aşkar bəyan ediblər.

Bəla orasındadır ki, sosial şəbəkələri leksikonumuzda işlədilməyən sözlərlə doldurmaqdan çəkinməyən bu adamlar hakimiyyət davası çəkirlər. İndi daha heç kəsə sirr deyil ki, onlar xaricdən idarə olunur, Azərbaycanı müstəqil dövlət kimi görmək istəməyənlərə lakeylik edirlər. Dövlətçiliyimizə ağalarının ödədikləri pullar hesabına zərbə vurmaq qəsdində olanlar hakimiyyət nümayəndələrini xalqın gözündən salmağa və onlara etimadsızlıq  şəraiti yaratmağa çalışırlar. Ancaq bu, dəryada balıq sövdasına bənzəyən bir xülyadır. Xalqımızın onların səsinə səs vermədiyini, əksinə ana-bacılarımızın da olduğu sosial şəbəkələrdə rüsvayçı ifadə və hərəkətlərini, böhtan, şantaj və iftiralarını ifşa etdikcə daha da azğınlaşırlar. Mənəvi müvazinətlərini saxlaya bilməyib əxlaqsızlıq girdabına yuvarlananlar yapışmağa dəstək axtarsalar da tapa bilmirlər. Qəzəb və qısqanclıq tünd sirkə öz qabını çatlatdığı kimi bunları da çatlamaq həddinə gətirib.  Müdrik atalar sözümüz var: “İt hürər, karvan keçər, yel qayadan nə aparar?”

Bu çirkin əməllərin seçki kampaniyasının qaynar çağında ortaya atılması təsadüfi olmayıb axmaqcasına düşünülmüş mənasız çabalamaqdan başqa heç nə deyil. Elə vəziyyət yaranıb ki, siyasətdən uzaq olan sadə adamlar  tələb edirlər ki, sosial şəbəkələri nalayiq söz  və küçə söyüşləri ilə doldurmaqdan utansınlar və əgər bacarırlarsa sivil mübarizə aparsınlar. Bacarmırlarsa milli mentalitetimizi murdarlamasınlar, pul üçün simalarını itirməsinlər. Belələri bilməlidirlər ki,  xalq artıq öz seçimini edib və sabah seçki məntəqələrində öz iradəsini rəsmiləşdirəcəkdir.

 Artıq müdrik  xalqımız  görür ki, yersiz və mənasız mübahisə edən ağılsız iddiaçılar kimdir.