KÖŞƏ

Vəli İlyasov

El ağbirçəyi

07 mart 2017 23:50
1654

Azərbaycan qadını dünyanın ən mübariz  diplomatı, alimi, həkimi, yeri gələndə atası, qardaşı və əri ilə bərabər əldə silah döyüşən qadınları kimi tanınıblar.  Onlar bəşəriyyətə  dahi şəxsiyyətlər-dövlət xadimləri, sərkərdələr, filosoflar, mədəniyyət və incəsənət xadimləri bəxş ediblər. Əsrlər boyu  Anamız Tomirislə, Tuti Bikəmizlə, Nigarımızla, Həcərimizlə  fəxr etmişik. 

II Dünya müharibəsində və  Dağlıq Qarabağ savaşında  kişilərlə çiyin-çiyinə yüzlərcə qadınlarımız vuruşdular, cəbhədəkilərə kömək etdilər. Keçən əsrlərdə olduğu kimi,   indiki dövrdə də ölkəmizin başını dünyada ucaldan qadınlarımız az deyil. Yenicə ölkənin birinci  vitse-prezidenti təyin edilən Mehriban xanım Əliyeva atəşkəs şəraitində  istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə çox böyük işlər görərək Azərbaycanın mövqelərinin möhkəmlənməsinə samballı töhfələr verib. Azərbaycanın müstəqil dövlət kimi tanınmasında, ölkəmizin dostlarının sayının artmasında səmərəli fəaliyyət göstərib.

Milli Məclisin deputatları olan qadınlar qanunların yaradılmasında və qəbulunda fəallıq göstərirlər. Bir çox qadınlar  ölkənin ictimai, siyasi, mədəni və digər sahələrində  səmərəli əmək sərf edir, xalqın həyat şəraitinin yaxşılaşdırılmasına, sağlam, təhsilli  nəsil yetişdirilməsinə  öz  köməkliklərini əsirgəmirlər. Bir sözlə, Azərbaycan qadını evdə anadır, ictimaiyyətdə fəaldır,  döyüşdə  qəhrəmandır.

Elin başını ucaldan belə qəhrəman qadınlarımızdan biri həkim Paşayeva Məhəbbət Sabir qızıdır. Paşayevlər  Qarabağ savaşında ad-san qazanıblar. Sabir müəllim elin azman kişilərindən biri  idi və vətən torpaqları işğal edildikcə ürəyi dözmürdü. Doğulduğu keçmiş Ağdərə rayonunun  Umudlu kəndinə murdar erməni ayağı dəyəndə ürəyi tablamadı. Oğlanlarından hələ iyirmi yeddi yaşı tamam olmayan  kapitan Evarist Paşayev Qubadlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləsə də torpaq uğrunda mübarizədə şəhid oldu. Məhəbbət xanımın ikinci qardaşı, baş leytenant, Milli Ordunun bölük komandiri Ədalət Paşayev Ağdərə döyüşlərindən birində  igidliklə həlak oldu. Tərtər şəhərindəki küçələrdən biri indi onun adını daşıyır. Üçüncü qardaşı İlham  dəfələrlə yaralansa da yaşadı.

...Qarabağ müharibəsi başlayanda Məhəbbət Paşayeva Tərtər Rayon Mərkəzi Xəstəxanasının  baş həkimi təyin edilmişdi.  Hələ hospitalların təşkil olunmadığı bir zamanda kövrək ürək sahibi olan baş həkim nə qədər yaralının həyata qaytarılmasına sevindi, nə qədər igidimizin ölümünə ağladı, bunu bütün tərtərlilər bilir. Ən qorxulu döyüşlərdə belə qorxu nə olduğunu bilmirdi. Tibb baş leytenantı kimi döyüş meydanına gedir, şəhid və yaralıların çıxarılmasına həm rəhbərlik və həm də şəxsən kömək edirdi. Halbuki əsgərlər və komandirlər onun döyüş meydanına getməməsini xahiş edirdilər. Lakin Məhəbbət xanım: “Mənim qanım qardaşlarımın və sizin qanınızdan artıq deyil,”-deyə inadkarlıqla ön xəttə tələsirdi.

Bu gün həkim Məhəbbət Paşayevanın el içində üzü ağdır. İndi o, təkcə oğlunun, qızlarının anası, nəvələrinin nənəsi deyil, el ağbirçəyidir. Belə məqama çatmaq hər qadına nəsib olmur. Oğlu Tural “Qurdlar vadisi” filminin baş qəhrəmanı Polad Alemdarın oxşarıdır. Aktyor bir neçə il əvvəl Bakıya gələndə onunla  görüşüb və Necati  Şaşmaz Turalı Türkiyəyə dəvət edib. Qohum-əqrəba, tanış- bilişlər  Məhəbbət xanımı  zarafatla  “Polad Alemdarın anası” deyə çağırırlar.

Dünyanın hər üzünü görmüş Məhəbbət Paşayeva hazırda Bakı şəhərində yaşayır və işləyir. Bu əziz bayram günündə  Məhəbbət xanımı təbrik edirik!