KÖŞƏ

Vəli İlyasov

Cümhuriyyətin daxili işlər nazirini kim öldürdü?

18 yanvar 2018 23:19
3653

Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan bir həftə sonra demokratik qüvvələrin fəallarından biri olan Behbud xan Cavanşir gənc müstəqil dövlətin daxili işlər naziri təyin edildi. O, ixtisasca hüquqşünas olmasa da Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda əhəmiyyətli fəaliyyət göstərmişdi.

Behbud xan Cavanşir Qarabağ xanlığını yaradan Sarıcalılar tayfasından olan Pənahəli xan Cavanşirin nəslindəndir. O, 1877-ci ildə Tərtər qəzasının Qaraqoyunlu kəndində Azad ağanın ailəsində dünyaya gəlmişdi. Kiçik yaşlarından oxumağa, elmə maraq  göstərdiyinə görə atası onu Tiflisdə alman təmayüllü realnı gimnaziyaya qoymuşdu. Gimnaziyanı əla qiymətlərlə bitirən Behbud xan təhsilini Almaniyanın Frankfurt Dağ-Mədən Akademiyasında davam etdirərək oranı fərqlənmə ilə başa vurmuşdu.

Bakıda neft mədənlərində işləyən Behbud xan ictimai fəaliyyətə də başlamışdı. Əsrin əvvəllərində yaradılan və Azərbaycanın azadlığı üçün mübarizə aparan “Difai” partiyasının yaradıcılarından biri kimi fəal ictimai-siyasi iş aparırdı. 1918-ci il mayın 28-də Azərbaycan müstəqil respublika  elan ediləndən sonra ilk dəfə demokratik əsaslara uyğun olaraq hökumət təşkil edildi. Behbud xan Cavanşir respublikanın daxili işlər naziri vəzifəsinə təyin olundu.   Çünki o zaman təhsilli kadrlar çatışmırdı, Cümhuriyyət hökuməti onu bu vəzifəyə təyin etməklə bərabər, neft sənayesinə rəhbərliyi də ona tapşırmışdı.

Azərbaycanda o zaman şərait olduqca ağır idi. Mürtəce bolşevik hakimiyyəti və bəzi xarici dairələr erməniləri silahlandıraraq Azərbaycanın üzərinə qaldırmışdı. Ölkədə qətllər və digər cinayətlər baş alıb gedirdi. Hər cür yaramaz ünsürlər, xain və satqınlar Bakıda yuva salmışdılar. Gənc demokratik respublikanın düşmənləri onu  hər vasitə ilə məhv etməyə çalışırdılar. General Denikinin  ordusundan fərarilik edən silahlı əsgər və zabitlər daşnaklara qoşulub onlarla bərabər azərbaycanlılara qarşı döyüşürdülər. 

Daxili işlər naziri kimi Behbud xan Cavanşir daxili və xarici müdaxiləçilərə qarşı var qüvvəsi ilə mübarizə aparırdı. AXC hakimiyyətə gələndən sonra da  Bakı silahlı ermənilərlə, çar ordusunun tör-töküntüləri ilə dolu idi. Onlar terrorlar törədir, Cümhuriyyətin görkəmli nümayəndələrini sıradan çıxarırdılar. “Ölüm siyahısı”na salınmış bu adamlar gözlənilməz vaxtda və gözlənilməz yerlərdə qətlə yetirilirdilər. General Səməd bəy       Mehmandarovun tələsik təşkil etdiyi 15 minlik ordu hissələri Şuşa və Laçın ətrafında ermənilərlə döyüşə cəlb olunmuşdular. Yenicə yaradılmaqda olan güc nazirliklərinin silah-sursat  bazası çox zəif idi və üzərlərinə düşən vəzifələri yerinə yetirməkdə çətinlik çəkirdilər. Silah-sursatla yaxşı təmin olunmuş irticaçı qüvvələr isə öz üstünlüklərindən maksimum istifadə edirdilər.

Lenin başda olmaqla sovet hökuməti Bakı neftini ələ keçirmək üçün xüsusi zirehli qatarla ordunu Dağıstanda hazır vəziyyətə gətirib lazımi siyasi məqam gözləyirdi. Bakıya təslim olmaq barədə ultimatumlar göndərilirdi.

Nəhayət, 1920-ci ilin 27 aprel günü Azərbaycanın sərhədində hazır dayanmış işğalçı XI qırmızı ordu komandanlığı bir xəbərdarlıqdan sonra ertəsi gün torpağımıza soxuldu. Qarşısını kəsən kiçik qrupu məhv edən cinayətkar ordu Bakını tutub sovet hakimiyyətinin qurulduğunu elan etdi.

İşğaldan əvvəl AXC rəhbərlərinin siyahısı hazırlanmışdı və onların öldürülməsinə fərman verilmişdi. Ona görə də “qırmızı terror”dan qurtarmağa çalışanlar xarici ölkələrə mühacirət etdilər.

Azərbaycanda bolşevik hakimiyyətinin başına gələn Nəriman Nərimanov milli kadrların bir çoxunu bolşeviklərin iti caynağından xilas edərək lazımlı kadr kimi onlara vəzifə verdi. Beləliklə, Behbud xan Cavanşir Azərbaycanda neft sənayesində rəhbər vəzifəyə təyin edildi. Nəriman Nərimanov bu addımı ilə həm bir soydaşımızı labüd ölümdən xilas etdi, digər tərəfdən, neft sənayesini dirçəltməyə çalışdı. Behbud xan neft sənayesinin inkişafı üçün əlindən gələni əsirgəmirdi, lakin köhnəlmiş texnika və avadanlıqlar inkişafa imkan vermirdi.

AXC rəhbərləri hakimiyyətdən getmələrinə baxmayaraq “Daşnaksütyun” partiyasının terrorçuları onları hər yerdə axtarır və qətlə yetirirdilər. Belə qurbanlardan biri də Behbud xan Cavanşir oldu. O, 1921-ci ilin iyun ayında Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə Almaniyaya göndərildi. Məqsəd oradan Azərbaycana müasir neft avadanlıqları gətirmək idi.

Səfərə ailəsi və qardaşı Cümşüd bəylə çıxan Behbud xan yolunu İstanbuldan saldı. Bir neçə gün orada qalmaq, sonra yoluna davam etmək istəyirdi. İyulun 18-də  saat 11 radələrində şəhəri seyr edərkən küçədə qəflətən onlara aramsız atəş açıldı. İlk güllə Behbud xanın başından dəydi, ikinci güllə Cümşüd bəyin üzünü yaraladı. Məlum oldu ki, sifarişi yerinə yetirən qatil erməni Mişek Toplaqyan onları çoxdan izləyirmiş və Behbud xanı öldürmək üçün fürsət axtarırmış.

Ömrünü canından da çox sevdiyi Azərbaycanın yolunda qurban verən Behbud xan Cavanşir qardaş Türkiyənin İstanbul şəhərinin  Beşiktaş rayonunun Yəhya Əfəndi qəbiristanlığında dəfn olunub. Onun şərəfli əməlləri qədirbilən Azərbaycan xalqı tərəfindən daim minnətdarlıqla yad edilir.