KÖŞƏ

Vəli İlyasov

Fərsiz oğul göz dağıdır ataya...

14 fevral 2017 14:49
1448

“Allah mənə belə oğul verdiyi yerdə kaş bir qara daş verəydi” - “Dədə Qorqud” filmində deyilən bu sözləri indi doxsan iki yaşlı ixtiyar Sayıl Niyaz oğlu Mirzəyev öz oğlu barədə tez-tez  işlədir. Haqqı var. Bədnam ad qazanan nankor övladı nəinki valideynlərinə, qohum-əqrəbasına, hətta el-obasına xəyanət edib. Oğlu Şahin Mirzəyevin bu günlərdə Ermənistandan siyasi sığınacaq istəməsi təkcə  Mirzəyevlər ailəsini deyil,  bütövlükdə Azərbaycan ictimaiyyətini qəzəbləndirib.

Rüsvayçılığa dözməyən ata vəziyyətdən çıxış yolunu  Vətənə xəyanət edən nankor övladından imtina etməkdə görüb. Yaşının bu çağında biabırçılıqdan qurtarmaq üçün sosial şəbəkələrdə oğlu Şahin Mirzəyevdən imtina etdiyini söyləyib. O bildirib: “Altı aydan çox olar ki, onunla bütün əlaqələri kəsmişəm. Xəstəlik adı ilə Gürcüstana getdiyini bilirdim. Mən altmış beş il müəllim işləmişəm. Azərbaycan dövlətinə bağlı insanam. Biz Azərbaycanın çörəyi ilə böyümüşük. Mənim şagirdlərim, tələbələrim akademiyalarda, universitetlərdə çalışırlar. Biz Azərbaycan dövlətini dəstəkləyir və ölkəmizlə qürur duyuruq.

Mən onun tutduğu yola nifrət edirəm. Bu səbəbdən Şahin Mirzəyevdən imtina etmişəm. Bunu özü də bilir. O, ailəsinə, dövlətinə qarşı nankorluq edib. Heç vaxt onu bağışlamayacağam. Biz hamımız azərbaycanlıyıq, ölkəmizdə firavan, heç bir problemimiz olmadan yaşayırıq. Dövlətimizdən narazılığımız  yoxdur, ola da bilməz. Mən Azərbaycandakı inkişafı, problemlərin həll edilməsini öz gözlərimlə görürəm. Ölkəmiz inkişaf edir, günü-gündən çiçəklənir”.

Təəssüflə qeyd etməliyik ki, Şahin Mirzəyev Talış Mədəniyyət Mərkəzi idarə heyətinin üzvü olub. Deyilənlərə görə,  əvvəllər Müsavat Partiyasının mitinqlərində iştirak edən Şahin nadürüstlüyə orada başlayıb. Məqsədi xarici ölkəyə qaçmaq olub, çünki mövcud iqtidarın apardığı geniş miqyaslı quruculuq işləri və ölkəmizin sürətli inkişafı gözlərini qıcıqlandırırmış. Ona görə də atasının dediyi kimi, xaricə müalicə adı ilə gedib. Şükürlər olsun ki, Azərbaycanda azsaylı xalqların nümayəndələri və etnik qruplar heç bir sıxıntı olmadan yaşayır. Yəni belə bir şəraitdə Şahin Mirzəyevin düşmən dövlətdən  siyasi sığınacaq istəməsinin  nankorluqdan başqa adı  yoxdur. İndi Lerik rayonunun Kəlvəz kəndinin camaatı  onun bu hərəkətini lənətləyir. Şahin bundan sonra nə qədər yaşasa, ömrünün sonunadək lənət və nifrət dolu bir yük daşıyacaqdır. Xalq bayatılarından birində deyildiyi kimi:

Fərsiz oğul göz dağıdır ataya,

Bivecindən nə qalıb ki, nə qala.