KÖŞƏ

Vəli İlyasov

Ermənilərin təhlükəli “referendum” oyunları

20 fevral 2017 23:18
816

Ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində “referendum” keçirməkdə güddükləri əsas niyyətlər puça çıxdı. Belə ki, fevralın 16-da ATƏT-in Daimi Şurasının iclasında Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən Ermənistanın işğal etdiyi ərazilərdə “referendum” keçirmək niyyəti ilə bağlı məsələ qaldırıb. Bildirilib ki, Ermənistan beynəlxalq hüquq normalarını və dövlətlər tərəfindən  tanınmış ərazi bütövlüyünə qəsd edərək dünyaya hörmətsizliyini göstərir.

Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradan ermənilərin Dağlıq Qarabağda ikinci qondarma  dövlət yaratmaq planları tamamilə qəbuledilməzdir. Azərbaycan nümayəndə heyətinin bəyanatına dəstək verən Türkiyə, Ukrayna və Gürcüstan nümayəndələri “referendum”un qanunsuz və legitim olmadığını, təmsil etdikləri ölkələr tərəfindən rədd edildiyini və tanınmayacağını bildiriblər. Digər ölkə nümayəndələrinin kəskin etirazları ilə pislənən oyuncaq “referendum” məsələsi qəbul edilmədi. İşğaldan  əziyyət çəkən  ölkələrin nümayəndələri bildirdilər ki, azsaylı xalqların və ya etnik qrupların yaşadıqları ölkənin ərazisində referendum keçirmələri tamamilə  yolverilməzdir. Əgər əksinə olsa, onda dünyada saysız-hesabsız “cırtdan”  dövlətlər yaranardı. Bununla da Ermənistanın hüquqi müstəvidə gözlədikləri nəticə alınmadı.

Maraq doğuran daha bir hal ondan ibarətdir ki, beynəlxalq miqyasda iflasa uğrayan “referendum” hətta Dağlıq Qarabağ erməniləri tərəfindən də qəbul olunmur. Bundan narahat olan Daşnaksütyun Partiyası bəyanat yayaraq separatçı rejimi və rəsmi İrəvanı geri addım atmağa çağırıb. Bəyanatda bildirilir  ki, qondarma  “DQR”də “referendum”  münaqişənin həllini çətinləşdirəcək:  “Bu,  daxili çaxnaşmalara da səbəb olacaq. Daxili çaxnaşma isə Qarabağın itirilməsinə gətirib çıxara bilər. Münaqişənin həlli danışıqlar masasına qayıtmalıdır.”

Narazı erməni siyasətçiləri və politoloqlar  bu qənaətdədirlər ki, prezident Serj Sarkisyan apreldə keçiriləcək parlament seçkiləri ilə eyni vaxtda qondarma “DQR”də “referendum” keçirmək ssenarisini ona görə işə salıb ki, ölkədə gərginlik yaratsın və öz məqsədlərinə çatsın. Serj Sarkisyanın məkrli hərəkətləri ona hesablanıb ki, Ermənistan xalqının diqqəti yalnız cəbhədə olsun. Belə gedişlə o, parlament seçkilərindəki qələbəsini seçki marafonu  ərəfəsində  qazanmağı  düşünür. Bu isə xalqın böyik bir qisminin kəskin narazılığına səbəb olur. Cana doymuş erməni xalqı Azərbaycanla yeni  müharibədən qalib çıxmağa ümidli deyil. Onlar Azərbaycan  Ordusunun 1992-ci  ildəki  ordu olmadığını da   yaxşı bilirlər.

Hazırda həm Ermənistanda, həm də Dağlıq Qarabağda ermənilər təşviş içindədirlər. Onlar Azərbaycanla yeni müharibənin başlanmasından  qorxurlar.  Erməni politoloqlar sosial şəbəkələrdə və mətbuatdakı bəyanatlarında qeyri-ixtiyari olaraq bu təşvişi büruzə verirlər. Erməni politoloqlar Aleksandr İskandaryan və Stepan Safaryan deyiblər ki, cəbhə xəttində gərginliyin pik həddə çatdığı bir vaxtda Ermənistan hakimiyyətinin addımları erməniləri daha çətin duruma salacaqdır.

Dünyanın aparıcı ölkələrində bilirlər ki,  Dağlıq Qarabağın yerli əhalisinin böyük bir hissəsi  azərbaycanlılardan ibarətdir. Onların rəyi olmadan orada belə tədbirlərin keçirilməsi  özbaşınalıq və qanunsuzluqdur. Yəni on minlərlə  azərbaycanlının rəyinin təsiredici hüquqi qüvvəsi var.

Serj Sarkisyanın isə oyunbazlığı göz qabağındadır: Ermənistan özü  indiyədək Dağlıq Qarabağın müstəqilliyini rəsmən tanımadığı halda onun keçirdiyi “referendum”un nəticələrini  hansı adla qəbul edəcək?  Dünya dövlətləri və beynəlxalq təşkilatların rədd etdiyi və  pislədiyi “referendum”un  hüquqi qüvvəsinin olmayacağını bilə-bilə bu yöndə aparılan işlərin mənası varmı?  Təbii ki, yoxdur və bunu Serj Sarkisyan bilməmiş deyil. Deməli, hakimiyyətdə mümkün qədər çox qalmaq həvəsi onu ağılsız tədbirlərə əl atmaqdan da çəkindirmir.  Bu yolda o, hətta   erməniləri yeni mənasız qırğına verməyə də hazırdır. Oyuncaq “DQR”-in “referendum”u ilə tarixdə əsrlərlə  “Qarabağ” yazılan və bu adla da tanınan Azərbaycan ərazisinin adını dəyişməklə görəsən nə dəyişəcək? 

Şübhəsiz bu gün  bütün bu oyunların qarşısında güclü Azərbaycan Ordusu durur.  Məqamı  gələndə  Ordumuz öz sözünü deyəcək və Dağlıq Qarabağda Azərbaycan qanunları bərpa ediləcək.