KÖŞƏ

Vəli İlyasov

İkili standartlara qulluq edən Avropa

16 mart 2017 14:56
797

Dünyada iki adla - həm Hollandiya , həm də Niderland kimi tanınan bu ölkənin ikinci sifəti olduğu üzə çıxdı. İllər boyu Türkiyə ilə səmərəli iqtisadi əməkdaşlıq əlaqələri saxlayan Niderland qəflətən  normal münasibətləri korlayaraq ikinci sifətini göstərdi. Özünü sivil cəmiyyət, demokratik ölkə adlandıran,  əslində hərəkətləri ilə bunların əksini nümayiş etdirən hollandların hakimiyyəti qanunları və  hamılıqla qəbul olunmuş  beynəlxalq hüquq normalarını kobudcasına pozaraq hətta insanlığa yaraşmayan əməllərə rəvac verdi. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Niderlanda uçuş icazəsinin gözlənilmədən ləğv edilməsi, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyə Respublikasının Rotterdamdakı konsulluğuna buraxılmayaraq geri qaytarılması  iki ölkə arasında gərginlik yaradıb. Əlbəttə, bunlar nə diplomatiya, nə də beynəlxalq hüquqa sığışır. Konsulluğa gedən xanım nazirin avtomobilinin qarşısını kəsib onun sənədlərini yoxlayan polis əməkdaşları sonra ona qarşı hörmətsizlik ediblər. Polis əməkdaşları öz nazirləri ilə görüşməyə gələn türk vətəndaşlarını  uzaqlaşdırmağa cəhd göstəriblər və bu zaman xoşagəlməz vəziyyət yaranıb. Baş verənlərlə bağlı ölkə hakimiyyəti Türkiyədən üzr istəməyib və beləliklə də məsələ uzanaraq hətta diplomatik əlaqələrin kəsilməsi vəziyyətinə gəlib  çatıb.

Bütün bunlar nəyə görə baş verdi?  Axı, Niderland Krallığı ilə Türkiyənin 400 illik tarixi əlaqələri var. Türkiyə İqtisadiyyat Nazirliyinin məlumatına görə,  2016-cı ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard 604 milyon dollar təşkil edib. Türkiyədən Niderlanda əsasən maşın və tekstil malları, oradan  isə qardaş ölkəyə dəmir-polad, neft məhsulları və traktorlar ixrac olunur. Niderland Türkiyəyə ən çox sərmayə yatıran ölkələrdən biridir - 22 milyard dollar. Bundan başqa, Niderlandın Türkiyədə 2711 şirkəti fəaliyyət göstərir.

Nazirlik bildirir ki, Krallıqda 23 min türk sahibkar çalışır və indiyədək onlara qarşı  elə bir təzyiq qeydə alınmayıb.   Həmişə sülh və barış tərəfdarı olan Türkiyə Prezidentinin baş müşaviri Cəmil Erten qeyd edib ki, baş verənlərə rəğmən Niderland şirkətləri Tükiyədən qorxmamalıdır.

Gözlənilmədən atılan addımlar ondan xəbər verir ki, hələ orta əsrlər təfəkkürü ilə düşünən Hollandiya hakimiyyətinin başçıları islamofobiyaya uyaraq  müsəlman Türkiyəsinə qarşı təşkil edilən kampaniyaya qoşularaq 400 illik münasibətləri yaddan çıxarırlar.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyasındakı liderliyi Avropadakı  bəzi ölkələrin “geri zəkalı” başçıları tərəfindən həzm olunmur. Onlar Türkiyəni Avropa Birliyinə yaxın buraxmamaq üçün hər cür süni  maneə yaratmağa çalışırlar. Niderlandda gözlənilmədən təşkil edilən əsassız şoular həmin “ssenani”nin bəndlərindən biridir. Türkiyəyə qarşı siyasi qısqanclıq, ikili standartlardan istifadə göz qabağındadır. Türkiyənin inkişafı, getdikcə nüfuzunun daha da artması Avropadakı siyasi şoumenləri hərəkətə gətirir və son nəticədə onlar  türk dünyasının  zəiflədilməsi üçün zərərli ssenariləri işə salırlar.

Türkiyə böyük və qüdrətli dövlətdir, o, Niderlandsız da , Avropasız da öz xalqını yaşada bilər. Ancaq xalqlar arasında yüz illərlə formalaşmış normal münasibətləri pozmaq və onu düşmənçilik həddinə çatdırmaq nə üçün və kimə  lazımdır?  Süni surətdə yaradılan düşmənçilikdən  kim nə qazanacaq?  Görəsən bu sual Niderland Krallığının rəhbərlərini də düşündürürmü?