KÖŞƏ

Vəli İlyasov

“Kaspi” qəzetinin redaksiyasını kim yandırmışdı?

29 mart 2017 14:46
1641

1918-ci ilin əvvəllərində Bakıda olduqca gərgin ictimai-siyasi vəziyyət yaranmışdı. Bakı  Sovetinin sədri Stepan Şaumyanla icraiyyə komitəsinin sədri Prokofi (Alyoşa) Caparidze Azərbaycan xalqına qarşı soyqırımı  həyata keçirməyə ciddi hazırlıq görürdülər. Onlar Rusiyanı qana boyamış inqilab rəhbəri Vladimir Lenindən razılıq alaraq guya sovet hakimiyyətinə qarşı çıxan yerli əks-inqilabi qüvvələri məhv edəcəklərini bildirmişdilər. Ancaq məqsəd bu deyildi. Əsas məqsəd nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmaq idi. Bunun üçün isə qarşıda duran strateji məsələ  azərbaycanlıları təslim etmək və bütün şərtlərini qəbul etdirmək idi.

Təbii ki, onlar həmin planları nə qədər məxfi saxlasalar da, apardıqları işlər niyyətlərinin üstünü açırdı. Bakıda rus dilində  nəşr olunan “Kaspi” qəzetinin kollektivi ermənilərin məkrli niyyətlərini, Stepan Şaumyanın və tərəfdarlarının oynadıqları oyunları görür və ifşa edirdi. Qəzetin yaradıcı işçiləri birbaşa olmasa da, sətiraltı mənalarla xalqı ayıldır, dostunu, düşmənini tanıdır, siyasi proseslərin əsl mahiyyətini açırdılar. Ona görə də Bakı kommunası komissarlarının “Kaspi”ni görən gözləri yox idi. Onların tapşırığı ilə Bakıda qırğınlar ərəfəsində təxribatçılar  qəzetin redaksiyasını ciddi nəzarətdə saxladılar. Bakı  Sovetinin daşnak rəhbərləri ətraf regionların və ölkələrin Bakıda törədiləcək qırğından xəbər tutmamaları üçün “Kaspi”ni yandırmağı planlaşdırmışdılar. Şaumyan informasiyanın tezliklə yayılmaması üçün bir neçə vətənpərvər qəzeti, o cümlədən “Kaspi”ni, “Açıq söz”ü  sıradan çıxarmağı qətiləşdirmişdi. Beləliklə, “Kaspi” qəzetinin redaksiyası 1918-ci il martın 30-da yandırıldı. Həmin gün ermənilər “Metropol” mehmanxanasının (indiki Nizami adına Ədəbiyyat Muzeyi) damında qurduqları topdan “Kaspi”nin indiki Sabir bağında yerləşən binasına atəş açaraq darmadağın etdilər. Yanğın da elə həmin atəşdən sonra başlandı. Qeyd edək ki, binada “Kaspi”dən  başqa bir neçə qəzetin də redaksiyası fəaliyyət göstərirdi.    

Bununla da Stepan Şaumyan və əlaltıları Sovet hökumətinin köməyi ilə qırğının miqyasını gizlətməyə, kiçiltməyə və ona antisovet üsyanı  donu geyindirməyə müvəffəq oldular.

“Kaspi” qəzeti 1881-ci ildən nəşr olunan burjua mətbuatı olsa da, Azərbaycan xalqının mənafeyini həmişə üstün tuturdu. Qəzetə görkəmli şəxsiyyətlər naşirlik etmişdilər. İlk redaktoru Viktor Vasilyeviç Kuzmin olan qəzetə təxminən otuz il müddətində milliyyətcə ruslar rəhbərlik etmişdilər. Bu, çar hökumətinin milli kadrlara inamsızlığından və müstəmləkə siyasətindən irəli gəlirdi. İrticaçı hökumət yerli kadrlara etibar etmir, onların inkişafına hər vəchlə mane olurdu.

1918-ci ildə neftxuda Hacı Zeynalabdin Tağıyev qəzetin nəşrini öz üzərinə götürərək onun redaktorluğunu Əlimərdan bəy Topçubaşova tapşırmışdı. Həsən bəy Zərdabi, Yusif Vəzir Çəmənzəminli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Sultanməcid Qənizadə, Məhəmməd ağa Şahtaxtinski və digər mütəfəkkirlər qəzetdə xalqın mənafeyini müdafiə edən  maraqlı məqalələri ilə çıxış edirdilər. Onların çap etdirdikləri məqalələrdə qaldırılan milli məsələlər çar hökumətinin milli siyasəti ilə daban-dabana zidd idi. 38 il xalqın haqqını-hüququnu müdafiə edən demokratik ruhlu mətbu orqan 1920-ci ildə bolşeviklərin hakimiyyətə gəlməsi ilə öz fəaliyyətini dayandırmalı oldu.

Müasir Azərbaycanın tanınmış ictimai xadimlərindən biri olan alim  Sona  Vəliyeva, nəhayət, 1999-cu ildə “Kaspi”nin nəşrini bərpa edərək müstəqil Azərbaycanın demokratik mətbuatına böyük töhfə vermiş oldu. Yeni “Kaspi” qısa müddətdə Azərbaycan milli mətbuatının bayraqdarlarından birinə çevrildi. Bu qəzet indi Azərbaycan ziyalılarının və geniş ictimaiyyətin maraq göstərdiyi mətbu orqanlardan  biridir. “Kaspi”  Azərbaycanın dinamik inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli, gənclər arasında  hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsi və digər məsələləri öz səhifələrində əks etdirir. Üç əsrin kəşməkəşli hadisələrinin şahidi olmuş “Kaspi” qəzeti sələfinin mübariz yolunu uğurla və  şərəflə davam etdirir.