KÖŞƏ

Vəli İlyasov

Mart soyqırımının cəllad təşkilatçıları

30 mart 2017 23:27
1067

Bakıda 1918-ci il martın 30-dan aprelin 2-dək davam edən soyqırımında 18 min nəfər azərbaycanlı dəhşətli işgəncə üsulları ilə qətlə yetirilmişdi. Bölgələrdə isə bu qətliam mayın 28-dək davam etmişdi. Erməni mənbələrinin 1919-cu ildə lovğalıqla verdikləri məlumatlarda bildirilirdi ki, 192 minə qədər azərbaycanlı öldürülmüşdür. Sonradan məlum oldu ki, Azərbaycan torpaqlarında dövlət yaratmaq planlarını həyata keçirməyə çalışan bir qrup vəzifəli erməni xarici müdaxiləçilərlə əlbir olaraq bu qanlı cinayəti təşkil etmişlər. 

Azərbaycanı idarə edən 26 Bakı komissarının arasında yalnız iki nəfər azərbaycanlı- Mir Həsən Vəzirov və Məşədi Əzizbəyov vardı. M.H. Vəzirov torpaq işləri , M. Əzizbəyov isə əlində heç bir səlahiyyəti olmayan quberniya komissarları idilər. Göründüyü kimi, onlar da o qədər mühüm əhəmiyyət kəsb etməyən sahələrə təyin olunmuşdular. Əsas vəzifələri isə ermənilər, ruslar və digər millətlərdən olan bolşeviklər tutmuşdular.

Bakı Sovetinin komendantı Bağdasar Avakyan, kavaler dəstəsinin komandiri Tatevos Amiryan,  “Bakı fəhləsi” qəzetinin redaktoru Arsen Əmiryan, hərbi dəniz işləri üzrə komissar Qriqori Korqanov (Korqanyan), ərzaq işləri üzrə komissar müavini Aram Kostandyan, “Bakı Şurası xəbərləri” qəzetinin redaktoru Suren Osipyan, jurnalist Armenak Boryan Bakı Sovetinin sədri Stepan Şaumyanın ən yaxın silahdaşları idilər. Eyni zamanda Bakı Soveti İcraiyyə Komitəsinin sədri Prokofi (Alyoşa) Caparidze soyqırımının təşkilində Şaumyana sədaqətlə xidmət göstərirdi.

Bununla yanaşı, digər yüksək çinli ermənilər də Stepan Şaumyana Azərbaycanın bütün bölgələrində dəstək göstərir, kəndlərimizə hücum edərək günahsız insanları qırmaqla onun planının reallaşmasına kömək edirdilər. Generallardan qulağıkəsik Andronik, İvan Baqramyan, Dro, Hamazasp, Lalayants, polkovnik Nijde və başqa yüksək çinli erməni zabitləri bölgələrdə amansız cəllad olduqlarını bədnam əməlləri ilə sübut edirdilər. Onlar Şaumyanın göstərişlərini canfəşanlıqla yerinə yetirir, “böyük Ermənistan” kimi sərsəm bir ideya uğrunda hər cür vəhşiliyə gedir və bununla da fəxr edirdilər.

Sonradan Nuru Paşanın Qafqaz Türk İslam Ordusu tərəfindən məğlub edilən Bakı komissarları “Türkmən” gəmisi ilə Həştərxana qaçarkən gəmidəki eserlər və menşeviklər üsyan qaldırıb gəminin səmtini Krasnovodska dəyişdilər. Komissarların Azərbaycanın varidatını talayıb özləri ilə xaricə aparmaq niyyətləri iflasa uğradı. Ertəsi gün, yəni 1918-ci il sentyabrın 20-də komissarlar Türkmənistanın Ağcaqum çölündə güllələndilər. 

Sovet hökuməti Bakı komissarlarından 26 nəfərin güllələndiyi barədə xəbərlər yaydı. Ancaq yaxın illərdə məlum oldu ki, “ 26 Bakı komissarı xatirə bağında”  23 nəfərin cəsədi basdırılıb. O da məlum oldu ki, Stepan Şaumyan, və Avakyan və Əmiryan Ağcaqum çölündə güllələnməyiblər. Hətta Şaumyanın Hindistanda yaşaması və orada ölməsi barədə məlumatlar da yayıldı. Anastas Mikoyanın isə salamat qalması və xilas olması bu günə qədər də müəmma olaraq qalır. Türk ordusu Bakını işğaldan azad edəndən sonra Ermənistana qaçan cəllad Hamazasp orada tutulub həbsxanaya salındı və vaxtilə zülm etdiyi erməni tərəfindən baltalanıb öldürüldü. General Andronik Ozanyan əvvəl Fransaya, oradan isə Amerikaya qaçdı.

Adları çəkilən ermənilərin hər biri ayrı-ayrılıqda dəhşətli cinayətlərə müəlliflik etmişlər. Lakin sovet hökumətinin rəhbəri “ellər atası” Vladimir Lenin onları nəinki cəzalandırdı, hətta onlardan sağ qalanları yüksək vəzifələrə irəli çəkdi. Anastas Mikoyana SSRİ-nin üç rəhbərindən biri kimi yüksək vəzifə etibar edildi. O, 1965-ci ilədək SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işlədi. Azərbaycan xalqına olmazın düşmənçiliklərini edən bu adam 1978-ci ildə 83 yaşında öz əcəli ilə öldü. 

Kremlin əzizlədiyi həmin ermənilərin övladları və nəvələri 1990-cı ilin 20 yanvarında Mixail Qorbaçovun əmri ilə Bakıda azərbaycanlıların qanlı qırğınını təşkil etdilər. Bu dəfə məqsəd Azərbaycanın Dağlıq Qarabağ regionunu elə Azərbaycan torpaqlarında yaratdıqları Ermənistana birləşdirmək məqsədi güdürdü.