KÖŞƏ

Vəli İlyasov

Azərbaycan məhsulları dünya bazarında

11 aprel 2017 23:49
2172

Azərbaycan dünya bazarında keyfiyyətli məhsulları ilə möhkəmlənməkdədir. Bu sırada qeyri-neft sektoruna aid olan məhsulların sayı getdikcə artır. Bu sektorun məhsullarının ixracı 10 faiz artıb ki, bu da fəx edilməli nailiyyətdir. Ancaq ixrac potensialımız böyükdür və ondan mümkün qədər çox istifadə olunmalıdır. Halbuki vaxt var idi ki, dünya bazarlarına müstəqil dövlət kimi, yəni öz sərvətlərimizin əsl sahibi kimi çıxmağı arzulayırdıq. Bu arzumuz isə Azərbaycan müstəqillik əldə edəndən sonra reallaşmağa başladı. Müstəqillikdən sonrakı illərdə də xarici bazarlara çıxış məsələsi həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı deyib: “Digər önəmli məsələlərdən biri qeyri-neft sektorunun istehsal etdiyi malların ixracı ilə bağlıdır. Bu da indi inkişaf edən bir istiqamətdir Həm islahatlar aparıldı, həm institusional tədbirlər görüldü, “Azəreksport” portalı yaradıldı. Azərbaycan brendi indi dünyada təbliğ edilir. Biz bir çox sərgilərdə iştirak etmişik və yenə də iştirak etməliyik. Müxtəlif ölkələrdə ticarət evləri yaradılır, ticarət-ixrac missiyaları həyata keçirilir. Müvafiq sərəncamlar verildi, vəsait ayrıldı. Xarici media vasitələrində reklam kampaniyaları aparılmalıdır ki, biz “Made in Azerbaijan” brendini tanıtdıraq”.

Yada salaq ki, Azərbaycanın xarici bazarlara çıxışı ümummilli liderimiz Heydər Əliyevi düşündürən məsələ idi. Dahi rəhbər Azərbaycanı dünyaya tanıtmaq, dostlar və tərəfdaşlar tapmaq üçün xarici ticarət əlaqələrinin yaradılmasına və möhkəmləndirilməsinə ciddi önəm verirdi. Ona görə də bu istiqamətdə lazımi tədbirlər həyata keçirildi, dünya bazarına çıxmaq üçün baza yaradıldı.

 “Əsrin müqaviləsi” imzalanandan bir neçə il sonra Azərbaycan öz nefti və qazı ilə dünya bazarına çıxdı. Həmin müqavilə ilə özünə çoxlu dost və tərəfdaş ölkə qazandı. Ulu öndər Heydər Əliyev müdrikliklə bildirirdi ki, yenicə qazanılmış siyasi müstəqilliyi əbədi etmək üçün ilk növbədə möhkəm iqtisadi müstəqilliyə nail olmaq lazımdır. Qısa müddət ərzində iqtisadi islahatlar həyata keçirildi və bu sahə sürətlə inkişaf etdirildi. Bununla bərabər, öz sərvətləri ilə Avropaya və ümumiyyətlə, dünyaya inteqrasiya Azərbaycana çox lazım idi. Nefti və təbii qazı ilə dünya bazarında yer tutan Azərbaycan qeyri-neft sektoru məhsulları ilə dünya bazarındakı mövqelərini daha da möhkəmləndirməyi prioritet kimi qarşısına qoyurdu.

Daim yenilik və inkişaf tərəfdarı olan Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafına nail olmaqla yanaşı, xarici bazarlara çıxış məsələsini diqqət mərkəzində saxlayır. Prezident qeyri-neft sahələrinin, xüsusilə kənd təsərrüfatının inkişafı nəticəsində istehsal edilən ərzaq məhsulları ilə xaricə çıxışı vacib hesab edir. Dövlətimizin başçısı bu yaxınlarda Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib ki, bu məhsulun istehsalı artdıqca həm özümüzü tam təmin edəcəyik, həm də onu baha qiymətlərlə xarici bazarda sataraq külli miqdarda xeyir götürəcəyik. Pambıq strateji məhsul sayılır və dünya bazarlarında növbə gözləmir, reallaşdırılması olduqca asandır. Çünki ondan həm müdafiə sənayesində alışdırıcı və partlayıcı maddələr hazırlanır, həm parça toxunur, həm də ərzaq və yem alınır. Ona görə də pambıq əvvəllər xammal şəklində ucuz satılırdısa indi bu məhsul yalnız emal olunduqdan sonra satılacaq. Beləliklə, ikiqat qazanc əldə olunacaqdır.

İndi ölkəmiz xarici bazarlara daha çox meyvə- tərəvəz məhsulları göndərir. Xiyar, pomidor, xurma, fındıq, badam, püstə, üzüm, nar və şirələr idxalçılar tərəfindən həvəslə alınır. Nərə balığınım qara və qırmızı kürüləri isə həm növbə gözləmir, həm də nadir mal kimi baha qiymətə satılır.

Yaxın illərdə dünya standartlarına uyğun hazırlanan Gəncə şərabları, polietilen və tekstil malları, xalçalarımız, Naxçıvanın məşhur mineral suları, çay, sitrus meyvələri, tikinti materialları və s. dünya bazarlarına çıxarılacaq.

Ölkədə müdafiə sənayesinin yaranmasından az müddət keçməsinə baxmayaraq artıq Azərbaycanın silah zavodlarının məhsulları dünya bazarında özünə yer tutmaqdadır. Pakistan, Türkiyə, İsrail və daha bir neçə ölkə Azərbaycan istehsalı olan atıcı silahları almaq üçün Müdafiə Sənayesi Nazirliyi ilə memorandum imzalayıblar.

Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısı bildirib ki, bütün görülən işlərlə bərabər, biz yeni ixrac bazarları axtarıb tapmalı və həmin bazarlara çıxışı təmin etməliyik. Ənənəvi ixrac bazarlarına isə daha geniş çeşiddə və rəqaətədavamlı keyfiyyətli məhsullar çıxarmalıyıq. İxracı daha da genişləndirmək üçün isə loqistika mərkəzlərinin yaradılması qarşıda vəzifə kimi durur. Qazaxıstanın Aktau vilayətində Azərbaycan Logistika Mərkəzi açılıb ki, bu, həm daxili istehsalı , həm də valyuta gəlirlərimizi artırmaq üçün böyük əhəmiyyət daşıyan sahədir.

Beləliklə, zaman keçdikcə Azərbaycan dünya bazarında müxtəlif növ və çeşidli mal və məhsulları ilə öz yerini möhkəmləndirir. Bu isə ona dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmaq imkanı yaradır.