KÖŞƏ

Vəli İlyasov

Müxaliflərin “siyasi mühacir” saxtakarlıqları Avropada ifşa olunur

06 iyul 2017 16:54
3448

Siyasi partiya vəsiqəsi və “siyasi mühacir” arayışları ilə Avropa ölkələrinə şəxsi məqsədləri  üçün üz tutan  azərbaycanlılar sığınacaq aldıqları dövlətlərdə ciddi problemlərlə rastlaşıblar. Belə ki, siyasi statusla Avropaya gedənlərin sənədlərinin düzgün olub-olmaması məqsədilə monitorinqlərin başlandığı bildirilir. Bu barədə mətbuatda yayılan ilkin məlumatlarda bildirilir ki, mühacirlərin sənədlərində saxtakarlıqlar aşkarlanıb. AXCP-nin üzvü olan Nadir Məmmədov bir neçə gün əvvəl yaşadığı Almaniyadan deportasiya olunub. Bu ölkədən sığınacaq istəyən Nadir Məmmədova yerli məhkəmə rədd cavabı verib. Alman məhkəməsi onun sənədlərinin saxta olduğunu təsdiq edib.

Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə Avropaya gedənlərdən biri barədə isə cinayət işi açılıb. Elnur Aydın oğlu Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 maddəsi ilə şübhəli şəxs qismində istintaqa cəlb edilib. Bildirilir ki, yaşadığı ölkənin məhkəmə orqanı müsavatçının sənədlərinin saxta olduğunu aşkarlayaraq digər ölkəyə deportasiya edilməsinə qərar verib. Təəccüblüdür ki, Müsavat Partiyası da onun sənədlərinin saxta olduğunu təsdiqləyib. Xatırladaq ki, Elnur Mirzəyevlə bərabər bu ilin yanvar ayında Hollandiyaya getmiş “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev də deportasiya olunub. Hollandiya məhkəməsi ona  bu ölkədə yaşamağa icazə verməyib.

Dağıdıcı müxalifət partiyalarının “siyasi mühacir” biznesinin ifşasına aid digər faktlar da var və həmin faktlarda Əli Kərimlinin başçılıq etdiyi AXCP-nin adı başqa qurumlardan daha çox hallanır. Atalar yerində deyiblər: “Od olmayan yerdən tüstü çıxmaz.”

Əli Kərimlinin “siyasi mühacir” alveri ilə məşğul olan kiçik bir şəbəkəsinin olduğu məlumdur. Oğlu Türkelin və özünə yaxın bildiyi bir neçə nəfərin bu məqsədlə Fransanın Strasburq şəhərində lövbər saldığı da çoxdan məlumdur. Əli Kərimliyə böyük pullar qazandıran bu işdə Cəmil Həsənlinin rəhbəri olduğu “Milli Şura” ona fəal kömək göstərir. Digər müxalifət partiyaları şuranı öz  birlikləri  kimi tanımasalar da yalnız AXCP onun yanından çəkilmir.

Əli Kərimli bilir ki, onun çağırışı ilə meydana gələn yoxdur, ona görə də “Milli Şura”dan istifadə etməyə çalışır. Onun köməyi ilə piket xarakterli yığıncaqlar keçirir və xaricə qazanca getmək istəyənlər gəlib orada şəkil çəkdirirlər ki, lazım olanda “müxalifətçi” olduqlarını sübut edə bilsinlər. Bu əməliyyatdan sonra Əli Kərimlinin “bazarı” açılır. Verilən hər saxta arayışın qiyməti 2-3 min avro ətrafında dəyişir.

Artıq Avropada Əli Kərimlinin saxta müxalifətçiləri bir-birinin ardınca  ifşa olunur və həmin şəxslər ölkələrdən deportasiya olunurlar. Odur ki, indi Əli Kərimlinin “qanı qaradır.” “Mühacir biznesi” sürətlə çökür və onun bazarı bağlanır. Necə deyərlər,  ayaq tutan yalanları daha yerimir.

Vəli İlyasov