KÖŞƏ

Vəli İlyasov

Narkobaronlar Dağlıq Qarabağda at oynadırlar

04 avqust 2017 14:18
1313

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini  işğal edəndən sonra  təcavüzkar  ölkənin yüksək vəzifə tutan şəxsləri ərazidə narkotik bitkilərin becərilməsini və istehsalını təşkil ediblər. Bunu ona görə deyirik ki,  “ağ ölüm” - uyuşdurucu  maddə istehsalı və bununla bağlı  digər işlər Ermənistanda dövlət səviyyəsində aparılır. Yəni, hər hansı narkotik  alverçisi burada icazəsiz sərbəst “fəaliyyət” göstərə, qısaca desək, bu biznesə baş soxa  bilməz.

Ermənistan mətbuatından sızan məlumatlarda bildirilir ki, Dağlıq Qarabağ ərazisindən Şərq ölkələrinə üç beynəlxalq marşrutla narkotik maddələr göndərilir. Həmin marşrutlar BMT-nin hesabatlarında hələlik öz əksini tapmasa da beynəlxalq mətbuatın gündəmində yer alıb.

Ermənistan  mətbuatı yazır ki, ölkədə ağır sosial vəziyyətlə əlaqədar narkotik  maddələrin dövriyyəsi və insan alveri geniş vüsət alıb.   Belə çirkin “iqtisadiyyatı”  çiçəkləndirmək məqsədilə Ermənistan rəhbərləri xarici ölkələrdən narkobaronları Dağlıq Qarabağa dəvət edirlər. Ermənistanda transmilli cinayətə, yəni narkotik bitkilərin becərilməsinə, istehsalına, saxlanmasına, daşınmasına,  alverinə və pornobiznesə ölkənin baş prokuroru və daha bir neçə yüksək çinli şəxsi  başçılıq edir. Erməni hərbi politoloqlarının açıqlamalarında bildirilir ki, bu işdə Müdafiə Nazirliyinin yüksək çinli zabitləri, generallar və ordunun baş qərargahının rəhbərləri də  şərik qismində iştirak edirlər. Məsələn, keçmiş müdafiə naziri Seyran Ohanyan və başqaları narkotik vasitələr  alverindən milyonlar qazanmışlar.

Adı çəkilən şəxslər və onların əlaltıları utanmadan  bizim halal torpaqlarımızdan öz ata-babalarının torpağı kimi istifadə edir, bir vaxtlar taxıl, yonca, tərəvəz əkdiyimiz sahələri indi narkotik plantasiyalarına çevirərək murdarlayırlar. Narkotik bitkilərin plantasiyalarında qul kimi işlədilən sadə ermənilərə cüzi əməkhaqqı - “tula payı”  verilir, milyonlar isə dediyimiz kimi, cinayətkar əməllərə başçılıq edənlərin ciblərinə axır.

Ermənilərin belə  çirkin işlərdən pul qazanmaqdan əlavə başqa bir planları da var. Onlar düşünürlər ki, bəzi ölkələri narkotik alveri ilə şirnikləndirmək və həmin dövlətlərin köməyi ilə işğalı uzun müddət davam etdirə bilərlər.  Ermənilər həmin ölkələrdə təbliğat aparırlar ki, Azərbaycan torpaqları işğaldan azad edən kimi narkotiklə  bağlı fəaliyyəti qadağan edəcək və ortaqlar külli miqdarda asan qazancdan məhrum olacaqlar. Məkrli erməni strateqləri belə hesab edirlər ki, narkobiznes məsələlərini qabartmaqla beynəlxalq ictimaiyyətin diqqətini  Dağlıq Qarabağın və Azərbaycanın digər torpaqlarının işğalı məsələsindən yayındıra  bilərlər. Elə burada da onlar yanılırlar. Unudurlar ki, BMT-nin dörd qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq  təşkilatların qərarları var. Həmin qətnamələrdə və qərarlarda Ermənistandan tələb olunur ki, öz silahlı qüvvələrini qeyd-şərtsiz  Azərbaycan torpaqlarından çıxarsın. Bundan  başqa, Azərbaycan informasiya “müharibə”sində  Ermənistanı tamamilə üstələyib. Dünya Dağlıq Qarabağ həqiqətlərini yaxşı bilir, işğalçını da tanıyır, işğala məruz qalanı da.  Haqq-ədalət zəfər çalacaq, torpaqlarımız işğaldan azad ediləcək.  Gec və ya tez bu,  baş verəcək. O zaman şübhəsiz,  Dağlıq Qarabağ narkobaronlardan da təmizlənəcək.