KÖŞƏ

Vəli İlyasov

Erməni analardan həyəcan təbili

04 avqust 2017 23:38
1351

İşğalçı Ermənistanın terorist rəhbərliyinin qonşu Azərbaycanla hər an müharibə vəziyyətində olması, Türkiyəyə və Gürcüstana qarşı əsassız ərazi iddiaları irəli sürməsi sadə ermənilərdə hakimiyyətə qarşı olan hiddəti bir qədər də artırıb. Artıq erməni valideynlər övladlarını hakimiyyətin yersiz iddialarına qurban vermək istəmirlər. İndi Ermənistanda hamıya məlumdur ki, varlı, mənsəbli adamlar öz oğullarını hərbi xidmətdən yayındırır, onlar üçün harın həyat tərzi düzəldirlər. Bu gənclər günlərini küçələrdə bahalı avtomobillərdə “avtoşluq” etdirməklə, hay-küylü diskobarlarda və ya gecə klublarında keyf məclislərində keçirirlər. Qoşunların təmas xəttində hər gün ölən və yaralanan erməni əsgərləri  isə kasıb ailələrin övladlarıdır. Ona görə də ermənilər heç də orduda xidməti şərəf və ya vətən borcu hesab etmirlər. Onlarda belə fikir formalaşıb ki, pul, vəzifə, varidat sahibi olanlar, zəngin həyat keçirənlər hərbi xidmətdən qaçırlarsa, onda bir tikə çörəyə möhtac qalanlar nə üçün orduda zillət çəkməlidirlər.

 Belə ayrı-seçkilikləri görənlər yüksək vəzifəli dövlət məmurlarına rüşvət verərək Ermənistanı tərk edirlər. Təbii ki,  rüşvət vermək üçün külli miqdarda pul hamıda yoxdur. Ciddi narazılıq da yoxsul zümrə arasında başlayıb və orduya hər çağırışda pik həddə çatır.

 Bu günlərdə iki oğul anası Anahid Arutyunyanın səsi bütün Ermənistana yayılıb. Onun böyük oğlu iki il əvvəl Dağlıq Qarabağda həlak olub. Kiçik oğlu Sergey on səkkiz yaşını keçdiyi üçün hərbi xidmətə çağrılmalıdır. Anahid Arutyunyan aidiyyəti təşkilatlara müraciət edib ki, evdə işləyə bilən yeganə oğlunu hərbi xidmətdən azad etsinlər. O, hətta bununla bağlı  müdafiə naziri Vigen Sarkisyana yazılı müraciət də edib. Hər yerdə onu arxayın ediblər ki, oğlunu hərbi xidmətə aparmayacaqlar. Amma sonradan müdafiə nazirinin imzası ilə aldığı məktubda yazılıb ki, Sergey Arutyunyana müvəqqəti möhlət verilə bilər. Bunun ardınca hərbi komissarlıqdan gəncə hərbi xidmətə çağırış vərəqəsi göndərilib. İndi ana sözün əsl mənasında Ermənistan hökumətinə qarşı üsyan edir. Haqq-ədalətin bərpa olunması üçün hər yerə, o cümlədən prezident Serj Sarkisyana ərizə yazıb. Anahid iddia edir ki, hərbi komissarlıqda say düzəltmək üçün onun oğlunu hansısa pullu adamın oğlunun yerinə orduya göndərirlər. Bir oğlunu itirmiş ana ikinci oğlunu da itirmək istəmədiyini bildirir. O, oğulları təmas xəttində həlak olmuş əsgər analarına qoşularaq hakimiyyətdən haqq-ədalət tələb edir. Anahid və digər analar ermənistanlı gənclərin işğal olunmuş Dağlıq Qarabağa və Azərbaycanın digər ərazilərində hərbi xidmətə göndərilməsinə öz etiraz səslərini ucaldırlar. Bununla da erməni xalqı cinayətkar rəhbərlərinin təcavüzkar olduğunu və Azərbaycan torpaqlarını işğal etdiklərini birbaşa təsdiqləmiş olurlar. Ona görə də erməni analar işğal altında saxlanan Azərbaycan torpaqlarnda həlak olan  gənclərin ölümünü mənasız və şərəf gətirməyən bir ölüm kimi qəbul edirlər. Əlbəttə, şərəfsizlər elə şərəfsiz ölümə məhkumdurlar.