25 sentyabr 2018 20:00
1835

IJF prezidenti görülən işləri yüksək qiymətləndirib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasında olub

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer cüdo üzrə Azərbaycan milli komandalarının Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasını ziyarət edib.

Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, ali cüdo qurumunun rəhbəri ACF prezidenti Rövnəq Abdullayev və vitse-prezident Sadıq Sadıqovla birgə idman qurğusu ilə tanış olub. Ziyarət zamanı M.Vizerə təlim-məşq bazasında Azərbaycanın yeniyetmə, gənclər və əsas yığmalarının hazırlıq keçdiyi barədə məlumat verilib.

IJF prezidenti görülən işləri yüksək qiymətləndirib və müasir tələblərə cavab verən bazanın cüdoçuların sərəncamına verilməsinə görə ACF rəhbərliyinə təşəkkür edib. O, bazanın Azərbaycanda cüdonun inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, təlim-məşq bazası 2017-ci ilin noyabrında istifadəyə verilib.