20 oktyabr 2018 21:17
2266

Gimnastlarımız dünya birinciliyinin mükafatları uğrunda mübarizə aparacaqlar

Gimnastika üzrə Azərbaycan yığması Dohada keçiriləcək dünya çempionatında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, idman gimnastikası üzrə komandamızın tərkibinə Murad Ağarzayev, Timur Bayramov, Darya Morozova, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova daxildirlər.
Azərbaycan yığması mundial ərəfəsində Dohada podium məşqləri keçirəcək.
Yarışlar “Doha Sports City” kompleksinə daxil olan, dünyanın ən iri qapalı idman qurğularından biri - “Aspire Dome” arenasında təşkil ediləcək. 43-cü dünya çempionatı reytinq üzrə keçirilir. 24 ən yaxşı komanda 2019-cu il dünya birinciliyinə vəsiqə qazanacaq ki, bu yarışma da “Tokio-2020” Olimpiya Oyunları üçün reytinq göstəricilərini müəyyən edəcək.
Çempionata oktyabrın 25-də start veriləcək.
Gimnastlar 42 medal dəsti uğrunda mübarizə aparacaqlar. Bunlardan 6-sı qadın, 8-i isə kişi gimnastikası növləri üçün nəzərdə tutulub. Qırx dörd il ərzində ilk dəfə olaraq, gimnastika üzrə dünya çempionatının qızıl, gümüş və bürünc medallarının sahibləri Olimpiadaya 4 növ üzrə komanda vəsiqələri qazanacaqlar.
İlkin məlumata görə, yarışlarda 84 milli yığma iştirak edəcək. Artıq 664 nəfər, o cümlədən 312 qadın və 352 kişi idmançı qeydiyyatdan keçib.
2018-ci il dünya çempionatı oktyabrın 25-dən noyabrın 3-dək davam edəcək. İlk iki gün kişi və qadın gimnastların seçmə yarışları keçiriləcək. Komandaların final yarışları oktyabrın 29-30-na planlaşdırılıb, daha sonra – oktyabrın 31-i və noyabrın 1-də mütləq birinciliyin final oyunları təşkil olunacaq.