22 noyabr 2017 00:40
827

Sabah bizi “Qarabağ” ilə çətin oyun gözləyir

“Qarabağ” güclü komandadır və sabah bizi çətin oyun gözləyir. Lakin qələbə qazanıb növbəti mərhələyə vəsiqəni təmin etməyə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olan “Çelsi” klubunun baş məşqçisi Antonio Konte mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib: “Sabahkı oyunda diqqətli olmalıyıq. Bizim üçün çox vacib görüşdür. İlk oyunda böyük hesablı qələbimizdə bəxtimizin gətirdiyini deyə bilərəm. “Qarabağ” Avropanın ən güclü komandalarından olan "Atletiko Madrid" ilə heç-heçə etdi. "Roma" isə Bakıda çətin qələbə qazandı. Azərbaycanda futbolun səviyyəsi getdikcə yüksəlir. Sabah bizi çətin oyun gözləyir. "Qarabağ" ilə oyundan sonra bizi uzun səfər və Premyer Liqada "Liverpul" ilə qarşılaşma gözləyir. Komanda üçün həmişə düzgün qərarlar verməyə çalışıram. Komandamız ən azı iki sistemde oynamağı bacarmalıdır. Stadiona hansı düzülüşdə çıxmağımız oynadığımız komandalara görə dəyişir. Komandada zədəli oyunçularımız var. Şadam ki, Edin Hazzard artıq zədəsini sağaldıb”.

"Çelsi" komandasının qapıçısı Tibo Kurtua isə oyunla barədə danışaraq deyib: “Biz tam olaraq sabahki oyuna köklənmişik. İlk matçda böyük hesabla qalib gəlsək də sabah bizim üçün çətin olacaq. "Qarabağ" klubu "Roma" və "Atletiko"ya qarşı yaxşı oyun göstərdi. Rəqibimizə hörmətlə yanaşırıq. Oyundan üç xalla ayrılmaq istəyirik. Amma rəqibin “Atletiko” ilə oyununa nəzər yetirəndə kifayət qədər güclü olduğunu görürük. İlk olaraq, növbəti mərhələyə vəsiqəni təmin etmək üçün qələbə qazanmalıyıq. "Qarabağ"ın hücüm xətti çox təhlükəlidir. Komanda əlverişli şanslardan maksimum yararlanmağa çalışacaqlar”.