10 iyul 2018 16:09
1359

İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

Dövlət məmurlarının fəaliyyətində bu amillərin vəhdətliyinin önəmini önə çəkən   Prezident İlham Əliyev bildirir ki, Azərbaycanın bütün çətin sınaqlardan şərəflə çıxmasını və bugünkü sürətli inkişafa nail olmasını təmin edən əsas amillərdən biri xalq-iqtidar birliyinin möhkəmliyidir

      
      «Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.» Dövlətimizin başçısı İlham Əliyev bildirir ki,   ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti  bugünkü reallıqlarımıza əsas yaradıb. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən Ümummilli Lider Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi.  Məhz o dövrdə qoyulan möhkəm təməlin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 231 milyard dollardan artıqdır. 

   Yenə də xatırlatma etməyə məcburuq ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın marağında olub. Lakin bu maraq müstəqilliyimizin ilk illərində ictimai-siyasi durumun gərginliyi fonunda çox zəif görünürdü. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər, şirkətlər tərəddüd edir, qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildən sonrakı dövr artıq bu tərəddüdlərə son qoyulması ilə müşayiət olundu. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində atəşkəs sazişinin, həmin ilin sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın bugünkü reallıqlarının aydın mənzərəsini yaratdı. Artıq həmin dövrdən bizləri ayıran 23 ildən çox zamana diqqət yetirsək, əldə olunan uğurların miqyasının genişliyi bir daha bu reallığı ortaya qoyur  ki, sabitlik bütün inkişafın əsasıdır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurla baş çatması və yeni layihələrin gündəmə gətirilməsini şərtləndirməsi beynəlxalq aləmdə qazandığı etirbarlı tərəfdaş imicinin təsdiqidir.  «Əsrin müqaviləsi»nin 20 illiyi «Cənub Qaz Dəhlizi»nin təməlinin qoyulması, 23 illiyi isə «Yeni əsrin müqaviləsi»nin imzalanması, bu il XXV Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin «Cənub Qaz Dəhlizi»nin açılışı ilə  yadda qalması, ötən ay isə onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında yeri və roluna, eyni zamanda etibarlı tərəfdaş kimi qazandığı imicə bir daha aydınlıq gətirir: «Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.»

        «Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir» söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bu gün  görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki,  uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da  elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin.

     Məhz sabitlik fonunda Azərbaycan  əldə olunan uğurlara söykənərək, yeni-yeni hədəflər müəyyənləşdirir və onlara nail olmaq üçün mühüm addımlar atır. «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının  ardınca müxtəlif istiqamətləri əhatə edən, davamlı inkişafa yol açan strateji Yol xəritələrinin hazırlanması və icrası da deyilənlərin təsdiqidir. Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı dövründə  Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bu problemlərdən az itki ilə çıxmasına səbəb oldu. Ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində, maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqdadır. Azərbaycanın islahatçı ölkə kimi nüfuz qazanması da uğurlu sosial-iqtisadi göstəricilərinə əsaslanır.

   Cənab İlham Əliyev uğurlarımıza söykənərək andiçmə mərasimində bildirmişdir: «Son 15 il ərzində bu yolla gedərək biz böyük uğurlara imza atdıq, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır. Bu da inkişafımız üçün əsas şərtdir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir.»

       Dövlətimizin başçısı daim çıxışlarında  əsas diqqəti uğurlarımızın əsasında dayanan vacib amilə-xalq-iqtidar birliyinə yönəldir. Təbii ki, bu birlik irəli sürülən təşəbbüslərin yüksək dəstək qazanmasında və uğurlu icrasında əhəmiyyətli rol oynayır. Hər bir çıxışında «Hakimiyyətin yeganə mənbəyi xalqdır» söyləyən cənab İlham Əliyev bu dayağa güvəndiyini, uğurlu addımlarda stimul olduğunu xüsusi vurğulayır. Bu birliyi, həmrəyliyə əsas verən amil isə təbii ki, dövlətin siyasətinin əsasında vətəndaş amilinin dayanması təşkil edir. Xalq hər addımda özünə diqqət və qayğının şahididir.  Dünyanı bürüyən iqtisadi və maliyyə böhranı dövründə dünya dövlətlərində  sosial ödəmələr azaldığı halda, Azərbaycanda bütün sosial layihələr uğurla icra edilmiş, sosial müdafiənin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılıb. Ən əsası Azərbaycan özünü dünyaya sosial dövlət  kimi təqdim edib.

      Bir müddət öncə ölkəmizdə keçirilən  prezident seçkiləri öncəsi  istər daxildə, istərsə də xaricdə sorğu mərkəzlərinin apardıqları sorğuların nəticələrini xatırlasaq,  xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığı  bir daha öz təsdiqini tapdığının şahidi olarıq. Bu fikir beynəlxalq qurumların hesabatlarında, sorğu mərkəzlərinin keçirdikləri sorğuların nəticələrində də öz əksini tapır ki, xalqın Prezidentinə  inam və etimadının böyük olduğu ölkədə heç bir narazılıqdan söhbət gedə bilməz. Təkcə bu günlərdə  ölkənin enerji sistemində yaranan vəziyyətlə əlaqədar dövlətimizin başçısının narahtlığını, diqqət və qayğısını, keçirilən müşavirədə məmurların qarşısında qoyduğu tələbləri xatırlamaq kifayətdir. Yaradılan komissiyanın qəzanın səbəblərini araşdıracağını önə çəkən dövlətimizin başçısı İlham Əliyev «Siz, sadəcə olaraq,  utanmalısınız, xalq qarşısında, ölkə qarşısında» söyləyərək  narahatlıq yaradan məqamları diqqətə çatdırmışdır: «Bu isti havada  insanlara bu qədər  əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar, iqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz… Elə bir siçtem qurulmalı idi ki,  bir qəzaya görə ölkənin enerji sistemi çokməsin.»

   Dövlətimizin başçısı hər addımında həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını təsdiqləyir. Ölkə Prezidentinin sədrliyi ilə  Nazirlər Kabinetinin keçirilən hər iclaslarında ölkəmizin bugünkü inkişafına əsas yaradan amillərdən biri kimi  xalq-iqtidar birliyindən, sabitliyin təminatında rolundan geniş bəhs olunur, bütün dövlət məmurları qarşısında bu tələb qoyulur ki, xalqın xidmətində dayanmaq, onların qayğıları ilə maraqlanmaq və həlli istiqamətində zəruri addımları atmaq gündəlik işimiz olmalıdır. Cənab İlham Əliyevin bu tələbini bir daha xatırlatmaq istərdik: «Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!» Bu amillərin vəhdətliyi uğurların açarıdır. Bölgələr arasında sağlam rəqabətin getdiyi, irəli sürülən hər bir təşəbbüsün insanlar tərəfindən dəstəklənərək xalq-iqtidar birilyinin daha da sarsılmaz, möhkəm olduğu bir zamanda hər bir rayon rəhbərliyinin icra olunan Dövlət Proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini artırması, inkişafa, tərəqqiyə öz töhfəsini verməsi özlüyündə məsuliyyət hissini fəaliyyətində necə nümayiş etdirdiyini ortaya qoyur. Bütün hallarda məqsəd ölkənin hərtərəfli inkişafı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsidir.

Yeganə Əliyeva,

«İki sahil»