10 iyul 2018 17:37
1613

Regionların inkişafında yeni mərhələ

Son on dörd ildə həyata keçirilən layihələrin nəticəsi olaraq bu qənaətə gəlmək olar ki, Prezident İlham Əliyevin reallaşdırdığı sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində Azərbaycanın şəhər və kəndlərinin siması əsaslı şəkildə dəyişib. Bu gün uğurla reallaşdırılan genişmiqyaslı Dövlət proqramları nəticəsində bölgələrdə  istehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Dövlətimizin başçısının təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana qayğısı günü-gündən artır. Bütün sahələrdə müsbət dinamika davamlı xarakter alır.

Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilmiş üçüncü Dövlət Proqramının beşinci ilinin ilk yarısı yekunlaşır. Bu, bir daha onu göstərir ki, 2004-cü ildən - birinci proqram qəbul edilən vaxtdan ölkənin bütün şəhər və rayonlarının tarazlı şəkildə inkişafı üçün başlanan işlər uğurla davam etdirilir. 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının uğurla reallaşdırılması sayəsində Azərbaycanın əksər bölgələri ilə paytaxt arasında fərq minimuma enib, regionlar iqtisadi güc amilinə çevrilib.

Ölkə Prezidentinin bölgələrimizə tarixi səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, yeni yaradılan müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

Bir-birindən fərqli füsunkar təbiəti olan bölgələrimizin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Vurğulamaq lazımdır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının həyata keçirildiyi ötən 15 il ərzində bölgələrdə infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi fəallıq və xarici sərmayələrin cəlb edilməsi baxımından müasir tələblərə tam cavab verir. Ötən 15 il ərzində regionlarda ümumi məhsul istehsalı artıb. Təsadüfi deyil ki, cənab İlham Əliyevin tapşırığı ilə regionlarda yeni yolların çəkilməsinə, şəhər və kəndlərin qazlaşdırılmasına, enerji təminatının gücləndirilməsinə, o cümlədən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün böyük həcmlərdə maliyyə vəsaitləri yönəldilib.

Təsadüfi deyil ki, bu günlərdə Prezident İlham Əliyev Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 22 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Söhbət Ağdaşdan düşmüşkən bu rayonun sakinlərini Milli Məclisdə təmsil edən deputatlardan biri Cavid Osmanovla əlaqə saxladıq. Cavid Osmanov “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, dövlət başçımız cənab İlham Əliyevin diqqət və qayğısı Ağdaş rayonunda da sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsinə təkan verib: “Respublikanın digər rayonlarında geniş vüsət alan inkişaf Ağdaşdan da yan keçməyib. Son illər Ağdaş rayonunda xeyli tikinti-quruculuq, abadlıq işləri görülüb. Həyata keçirilən sosial-iqtisadi layihələr rayonun simasını dəyişdirərək gözəlləşdirib, insanların gün-güzəranı daha da yaxşılaşıb. Hər bir ağdaşlı yaxşı bilir ki, bütün bu nailiyyətlərin arxasında dövlətin, ilk növbədə Prezident İlham Əliyevin yetərli diqqət və qayğısı dayanır. Ağdaşlılar da dövlət dəstəyini böyük şükranlıq və minnətdarlıq duyğuları ilə qarşılamaqla yanaşı, daha əzmkar və işgüzar olmağa çalışırlar.

Son illər ərzində rayonumuzda müxtəlif obyekt və müəssisələr tikilərək istifadəyə verilib. Habil Əliyev adına musiqi məktəbi, Olimpiya İdman kompleksi, Mərkəzi Rayon Xəstəxanasının yeni binası, əzəmətli və müasir üslubda tikilərək istifadəyə verilən Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı üçün yeni inzibati binalar, Qarışıq Yem Emalı fabriki, Meyvə Emalı zavodu, Ləki dəmir yolu vağzalının yeni binası, Bayraq Meydanı və digərləri görülmüş misilsiz işlərə nümunədir. Son 15 ilə yaxın dövr ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına uyğun olaraq dövlət büdcəsi və Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonda 17 yeni məktəb tikilib, 7 məktəbdə əlavə sinif otaqları inşa edilib, 7 ümumtəhsil məktəbi əsaslı təmir olunub, bütövlükdə isə 8 min nəfərdən artıq şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. 2017-ci ildən başlayaraq  rayonun  Yenikənd, Pirəyir, Dovudlu, Qumlaq, Aşağı Zeynəddin kəndlərinin hər birində olmaqla, 5 modul tipli yeni məktəbin quraşdırılmasına  başlanılıb. Ağdaş rayonunun 74 yaşayış məntəqəsindən 53-ü qazlaşdırılıb, 17400 abonent təbii qazla təmin olunub. Bütün bunlarla yanaşı 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin daha da yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə 100 milyon manat vəsait ayrılıb. Həmin layihənin tərkib hissəsi olaraq 2018-ci ildə rayonun Aşağı Nemətabad kəndində 165 abonentin təbii qazla təmin edilməsi işlərinə başlanılıb. Rayonu kəndləri ilə birləşdirən Ləki-Pirəzə-Xınaxlı, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, Nehrəxəlil-Tofiqi-Şəmsabad, Ağcaqovaq-Ərəbşəki-Eymur  avtomobil yolları yenidən qurulur. Bundan başqa uzunluğu 43 km, Ağdaş rayonu ərazisindən keçən hissəsi 23 km olan Ləki-Qəbələ dəmiryolu xəttinin inşasına başlanılıb.”

Milli Məclisin deputatı “Qeyri-neft sektorunun əsas hədəflərdən biri olan kənd təsərrüfatının inkişafını necə dəyərləndirirsiz” sualına cavabında qeyd edib ki, 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində aqrar sektorda daha böyük həcmlərdə istehsal imkanlarının yaradılmasına hesablanan çoxsaylı layihələr həyata keçirilib: “Kənd təsərrüfatının inkişafı dövlətin aqrar siyasətinin əsas prioritetlərindən biridir. Aqrar sahənin inkişafı ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqlar, göstərişlər bu sahə ilə məşğul olanlara stimul verir. Son illərdə regionlarda, o cümlədən Ağdaşda müasir kənd təsərrüfatı subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir. Perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq. Hazırda ölkə ərazisində aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı da daim diqqət mərkəzində saxlanılır. Ağdaş rayonunda kənd təsərrüfatının pambıqçılıq, taxılçılıq, baramaçılıq, çəltikçilik, meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafı üçün görülən işlər uğurla davam etdirilir. Ağdaşda taxıl biçini yekunlaşmaq üzrədir. Rayonda 10482 hektarı arpa, 3748 hektarı buğda olmaqla 14230 hektar sahədə taxıl əkilib ki, bu da ötən illə müqayisədə 2231 hektar çoxdur. Sahələrdə taxıl biçininə gündəlik 18-20 kombayn cəlb edilib. Gün ərzində orta hesabla 270-330 hektar sahədə taxıl biçilir. Hər hektara düşən məhsuldarlıq arpa üzrə 24 sentner, buğda üzrə 23 sentner təşkil edir. Aqrar sahənin bir hissəsi olan meyvəçilik rayonda inkişaf etməkdədir. Hazırda rayonda 2962,9 hektar meyvə bağı mövcuddur. Həmin meyvə bağlarından 2093  hektarı bar verən bağlardır. 2017-ci ildə bağlardan 23987,6 ton məhsul istehsal olunub ki, bu da ümumilikdə 114,6 sentner təşkil edir. Bu ildə yüksək məhsul götürülməsi gözlənilir. Ağdaş rayonunda  bütün meyvə növlərindən əkilir. Əsasən  alça, nar, xurma, heyva, gilas, gavalı, ərik bağları üstünlük təşkil edir. Qeyd edim ki, bəzi meyvələrin yığımına başlanıb və davam etdirilir. Hazırda rayon üzrə 173 fermer 3200 hektar pambıq əkininə yararlı torpaq sahələrində əkin üçün müqavilə bağlanılıb.”

C.Osmanov rayonun sənaye sektorunda görülən işlərdən də bəhs edib: “Rayonda yeni sənaye sahələrində - Ağdaş Meyvə Emalı zavodunda və Yem Emalı fabrikində istehsal prosesinə başlanılıb, Biyan istehsalı və emalı müəssisəsində tikinti quraşdırma işləri yekunlaşmaq üzrədir. Sahibkarlar tərəfindən rayonda 50-dən çox xidmət və istehsal sahəsi yaradılıb.”

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaq. Sadalanan faktlara əsasən əminliklə bildirmək olar ki, ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində Ağdaş rayonu öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Böyük uğurlar, uca zirvələr hələ qabaqdadır.

Orxan Vahidoğlu, “İki sahil”

Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.