12 iyul 2018 16:03
1294

Beynəlxalq əlaqələrimiz möhkəmlənir, ölkəmizin ərazi bütövlüyünə dəstək artır

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu əminliyə əsas verən uğurlarımızı bir daha diqqətə çatdırdı

“Münaqişənin həllinə gəldikdə isə bunun bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq.”

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin uğurları fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirən amillərdən geniş bəhs edərək bu inamı ifadə etmişdir ki, tezliklə Azərbaycanın üçrəngli bayrağı işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq. Azərbaycanın diplomatik uğurları, iqtisadi imkanları əsasında güclənən və qüdrətlənən Ordusu bu əminliyə əsas verir. “Əlbəttə ki, bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır” söyləyən ölkə Prezidenti bildirmişdir ki, paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunun göstəricisidir.

Qarşıya qoyulan bu məqsədlərə nail olmaq üçün “Biz daha güclü olmalıyıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bunun üçün güclü iqtisadiyyatın vacibliyini bildirir. İclasda cari ilin ötən dövrü üçün səsləndirilən rəqəmlərə diqqət yetirdikdə Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. 2018-ci ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz, qeyri-neft sənayesi 8,8 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir. Kənd təsərrüfatı 7,6 faiz artıb. 67 min yeni iş yeri yaradılıb. Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirlərində artım 9,3 faiz təşkil edir. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Bu gün ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. Dövlətimizin başçısı bu əminliyi ifadə edir ki, iqtisadi inkişaf davam etdiriləcək: “Əminəm ki, ilin sonuna qədər yaxşı nəticələr olacaqdır. Beləliklə, ölkəmizin dinamik inkişafı təmin edilir.”

Hər zaman vurğulandığı kimi, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. İqtisadi imkanlarımızın genişlənməsi fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmlənir, əsl söz sahibinə çevrilir. İkitərəfli çərçivədə əlaqələrini uğurla inkişaf etdirən Azərbaycanın beynəlxalq təşkilatlarda da yeri və rolu möhkəmlənir. Cari ilin mühüm uğurlarından və Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən bəhs edərkən  üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının Bakıda keçirilməsini xüsusi qeyd etməliyik. Gələn ildən Azərbaycan bu böyük mötəbər təşkilata sədrlik edəcək, ölkəmizdə Zirvə görüşü   keçiriləcək. Bu, bir daha ölkəmizə verilən dəyərin, hörmətin təzahürüdür. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qurum beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir. Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransında “Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub və bunu öz üzərində hiss edib” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu günə qədər işğalçı dövlətin törətdiyi təxribatlara, faciələrə göz yumulmasından təəssüfləndiyini bildirmişdir: “Təəssüflər olsun ki, beynəlxalq hüququn kobud şəkildə pozulması və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına baxmayaraq, bu ölkə sanksiyalara məruz qalmayıb. Münaqişənin əvvəlində Ermənistana qarşı sanksiyalar tətbiq edilsə idi, düşünürəm ki, münaqişə çoxdan öz həllini tapmış olardı. Yəni, biz münaqişənin beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipinə əsasən həllinin tərəfdarıyıq.” Təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə edilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində beynəlxalq mövqelərimiz daha da möhkəmlənir: “Ümumiyyətlə, bu istiqamətdəki fəaliyyətimizin nəticəsi ondan ibarətdir ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq. Kriminal xunta rejimi tərəfindən ötən il keçirilmiş dırnaqarası referendumu da heç kim tanımayıb. Bu, işğalçılara beynəlxalq aləm tərəfindən vurulan növbəti bir zərbədir. Bizim səylərimiz nəticəsində bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi tanınır və biz bundan sonra da bu istiqamətdə ardıcıl fəaliyyətimizi göstərməliyik. Beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox önəmlidir. Düzdür, bunun praktiki nəticələri yoxdur, torpaqlarımız hələ də işğal altındadır. Biz torpaqlarımızın bir hissəsini hərbi yolla azad etdik, ancaq bununla bərabər münaqişənin həlli üçün hüquqi baza əsas şərtdir. Bu məsələdə Azərbaycan tam üstünlüyü əldə edib və növbəti illərdə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz daha da güclənəcək.”

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, fəaliyyətimiz nəticəsində və eyni zamanda, Avropada baş qaldıran separatizmə qarşı yaranan yeni yanaşma nəticəsində Avropa İttifaqında münaqişələrlə bağlı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin konfransında qəbul edilmiş qətnamə də ədaləti və beynəlxalq hüququ əks etdirir. Məlumdur ki,  Prezident İlham Əliyevin ötən il Brüsselə səfəri zamanı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bir daha rəsmi bəyanat verildi. Bu mövqe, Aİ-nin tərəfdaş ölkələrdəki bütün münaqişələrin həllinə vahid yanaşması 2017-ci ilin noyabrında Şərq Tərəfdaşlığının Brüssel sammitində bir daha təsdiqləndi. Avropa İttifaqının Şərq Tərəfdaşlığının bütün ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi üzrə Avropa İttifaqının öhdəliklərinin dəqiq vurğulandığı “Xarici siyasət və təhlükəsizlik haqqında qətnamə” qəbul edildi. Bununla da qurum Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələrin həllinə vahid yanaşmanı aydın nümayiş etdirdi.

Siyasi yanaşmadan sonra hərbi amil də öz rolunu oynayır. Ulu öndər Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisi dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev “Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq” söyləyərək bildirir ki, son illərdə güclü hərbi potensial yarada bilmişik. Bu potensial bu gün Azərbaycan Ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edib. Bunu beynəlxalq qurumlar və reytinqlər də təsdiqləyir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bu döyüşlər zamanı ordumuz işğal altında olan torpaqlarımızın bir hissəsini azad etmiş və o ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağının dalğalanması ilə qürur duyuruq. Qürurverici bu kimi uğurlarımız işğal altında olan bütün torpaqlarımızın azad olunacağına, Azərbaycanın daha möhtəşəm uğurlar ilə dünyanın diqqətində olacağına böyük əminlik yaradır. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır.

İşğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığı göz önündədir. Dövlətimizin başçısı iclasda Azərbaycanın uğurlarından bəhs edərək bildirmişdir: “Bu müsbət fonda baxın görün Ermənistanda nələr baş verir. 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu.”

Ermənistan bu gün heç bir maraq doğurmayan ölkədir, bunun nəticəsi olaraq  investisiya yatırılmır. Baxmayaraq ki, işgalçı dövlətin keçmiş prezidenti S.Sarkisyan Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündə Ermənistanı innovasiyalar ölkəsi kimi təqdim etmişdir.  S.Sarksyandan sonra Fransada səfərdə olan dövlətimizin başçısı İlham Əliyev Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə görüşündə Ermənistan prezidentinin səsləndirdiyi utopik fikirlərə münasibətini belə ifadə etmişdir: “ O innovasiyalar barədə danışdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan... Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin... Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar.”  Bu fakt inkaredilməzdir ki, işğalçı dövlətin büdcəsinin 70-80 faizi erməni diasporunun ayırdığı vəsaitlər hesabına formalaşır.

Keçilən yolun, əldə olunan uğurların qısa təhlili bir daha bu reallığı təsdiqləyir ki, davamlı inkişaf dövlət siyasətinin əsasını təşkil edir və bu fonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə geniş imkanlar yaranır. Mövqeyinin dəyişməz olduğunu bütün beynəlxalq təşkilatların tribunasından bəyan edən rəsmi Bakı münaqişənin həllində hərb variantının istisna edilmədiyini də bildirir. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda reallığa söykənərək səsləndirdiyi bəyanatlar xalqımızda yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına əminliyi daha da artırdı. Aprel, eyni zamanda Naxçıvan qələbələrini önə çəkən Prezident İlham Əliyev bu inamı ifadə etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Yeganə Əliyeva,

“İki sahil”