12 iyul 2018 16:14
1379

Azərbaycan dövlətçiliyinə qəsd etməyə cəhd edənlər öz layiqli cəzalarını alacaqlar

İyulun 10-da respublikamızın ikinci böyük şəhəri, qədim tarixi ənənələri və müasir gözəlliyi ilə dillərdə dastan olan, qədim mədəniyyət beşiyi, 1918-ci ildə müsəlman-türk dünyasının ilk demokratik Cümhuriyyətinin paytaxtı olmuş Gəncədən ağır xəbərlər eşidildi. Belə ki, bir qrup  radikal  dini yönümlü şəxslər xarici irticaçı ağalarından aldıqları maliyyə və əmrlər ilə ulu Nizami yurdunda iğtişaşlar törətməyə cəhd etdilər. Təqdirəlayiq haldır ki, dövlətimizə, dövlətçiliyimizə bağlı olan yüz minlərlə gəncəli 200 nəfərə yaxın bu xəyanətkar-kriminal radikal dəstənin iyrənc təxribatlarının genişlənməsinə imkan vermədi. Nəinki gəncəlilər, respublikamızın bütün ictimaiyyəti dövlətçiliyimizə, təhlükəsizliyimizə, milli maraqlarımıza qarşı yönəlmiş bu təxribatçı əməlləri pisləyərək cinayətkarların ən sərt şəkildə cəzalandırılmasını tələb etdilər.

Çox təəssüf ki, bu terrorçu dini qruplaşma üzvlərinin qanunsuz hərəkətlərinin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Baş verənlərlə bağlı artıq Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İyulun 10-da Gəncə şəhərində baş verən bu ağır cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir və mütəmadi olaraq görülən işlərin gedişi barədə ölkə ictimaiyyətinə məlumat verilir.

İstər Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı keçirilən müşavirə, istərsə də Prezident İlham Əliyevin iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqi bir daha sübut etdi ki, ölkədə gedən proseslər dövlətimizin başçısının nəzarətindədir.

Şübhəsiz, Azərbaycan polisinin qətiyyəti, rəşadəti, dövlətimizə, dövlətçiliyimizə sədaqəti, pozucu qüvvələrə qarşı barışmazlığı sayəsində iyulun 10-da Gəncə şəhərində bir qrup radikal dini yönümlü şəxsdən ibarət başıpozuq dəstənin dağıdıcı və terrorçu hərəkətlərinin qarşısının alınması daim demokratik dəyər və normalara bağlı olan cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılandı. Artıq ictimaiyyətimizdə belə bir fikir formalaşıb ki, asayişin, təhlükəsizliyimizin keşiyində dayanan yüksək rütbəli polis zabitlərinin öldürülməsinin  bir neçə gün bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən sui-qəsdlə əlaqəsi var. 

Hadisələrin gedişi göstərdi ki,  bütün bunlar “arxa plan”dan idarə olunan bir prosesdir. Şübhəsiz, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilən terror aksiyası əslində ölkənin ikinci böyük şəhərində kütləvi iğtişaşlara hesablanmış bir cəhd idi. Ancaq cəmiyyətimizin dövlətimizə və dövlətçiliyimizə sədaqət nümayiş etdirərək bu iyrənc hadisəyə sərt reaksiya verməsi, “təşkilatçıları” taktikanı dəyişməyə, yeni “metodlar”la işləməyə məcbur etdi. Bu dəfə onlar ən təhlükəli kriminal şəxslərdən istifadə edərək asayişimizin və təhlükəsizliyimizin keşiyində dayanan polislərə qarşı mübarizə aparmaq üsulunu seçdilər. Məhz bu hadisələrdən dərhal  sonra sosial şəbəkələrdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı çağırışlar yayılmağa başladı. Bu cür  təhrikedici məlumatlardan birinin müəllifi olan Mahir Bayalıyev yazırdı: “Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır”. Məhz bu çirkin. əxlaqsız çağırışın dərcinin ertəsi günü Mahir Bayalıyev Ağsuda mənzil kirayələyən keçmiş həyat yoldaşı Samirə Bayalıyevi bıçaqlayıb. 

Bundan başqa, Gəncədə iyulun 10-da baş vermiş iğtişaşlar zamanı hüquq mühafizə orqanları əməkdaşlarının qətlində şübhəli bilinən şəxslərin kriminal tərcümeyi-hala malik olmaları üzə çıxıb. O qanlı cinayəti törətməkdə şübhəli bilinənlərdən biri iki dəfə məhkumluq həyatı yaşamış Rəşad Məmmədəli oğlu Böyükkişiyev hələ 19 yaşında ikən qətl törədib və 2007-ci ildə AR CM-nin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə 7 il müddətinə həbs edilib. Həbs müddəti bitdikdən sonra Rusiya Federasiyasına gedib. Lakin orada azadlıqda çox qala bilməyib. Belə ki, həbsdən çıxdıqdan 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncədə polis zabitini qətlə yetirən digər şəxs Fərrux Qasımovun qardaşı hazırda 6 saylı islah düşərgəsində həbsdədir. 2016-cı ildə o, xuliqanlıq zəminində ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətinə həbs edilib. O da Rəşad Bayalıyev kimi  şiə məzhəbli radikal dindardır.

İndi görün sosial şəbəkələrdə insanları küçələrə tökülüşüb təxribatlar törətməyə, məmurları öldürməyə çağırış edənlər kimlərdir?

Göründüyü kimi, bu kriminal, radikal dini yönümlü başıpozuq dəstənin “kölgə” idarəçiləri, irticaçı dairələr məhz onların əli ilə əvvəlcədən hazırlanmış çağırışlarla ictimai rəyi çaşdıraraq insanlar arasında tərəddüdlər, fikir ayrılıqları yaratmaq, əhalini kütləvi qırğınlara və iğtişaşlara cəlb etməklə nəinki Gəncə şəhərində, hətta o bölgədə dağıdıcılığa və böhrana rəvac vermək niyyətlərini həyata keçirməyə cəhd edən qüvvələrin arzuları gözündə qaldı. Təhlükəsizliyimizin keşiyində dayanan rəşadətli polislərimiz öz canları bahasına qətiyyətli mövqe nümayiş etdirərək təxribatçı addımın qarşısını çevik şəkildə aldı. 2015-ci ildə Nardaranda irticaçı dairələrdən əmr və tapşırıqlar alan dini radikalların, ekstremistlərin bu dəfə də Gəncədə həyata keçirmək istədikləri planları iflasa uğradı.

Bu gün istər Gəncə Şəhər  İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş sui-qəsdçini, istərsə də iyulun 10-da elə tarixi-dini ənənələrimizin qorunduğu bu tarixi şəhərdə polislərimizi şəhid edən radikal dini yönümlü terrorçuları sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar edərək “qəhrəman” kimi təqdim etməyə çalışanlara nəinki bir azərbaycanlı, hətta insan deməyə adamın dili gəlmir.

İstər müxtəlif vaxtlarda irticaçı dairələrdən əmrlər alan radikal-kriminal dinçilər, necə deyərlər, zombiləşdirilmiş kriminal “imamlar”, istərsə də onların arxasında dayanaraq dünyanın siyasi xəritəsində öz yerini gündən-günə möhkəmləndirən dövlətimizə, dövlətçiliyimizə, ölkəmizin sürətli inkişafına qənim kəsilən qüvvələr, respublikamızın təhlükəsizliyinə, sabitliyinə, tərəqqisinə qısqanclıqla yanaşaraq xaos, anarxiya yaratmağa çalışanlar bilməlidirlər ki, milli dövlətçilik ətrafında birləşən xalqımıza, müstəqil siyasət yürüdən Azərbaycanımıza qarşı apardıqları mübarizə bumeranq effekti verərək onların özlərini məhv edəcəkdir.

Zahid Rza,

“İki sahil”