13 iyul 2018 22:52
2422

Terrorçu Rəşad Böyükkişiyevin müsəlman qəbiristanlığında dəfn edilməsi yolverilməzdir

 İyulun 10-da bir qrup  radikal  dini yönümlü şəxslər xarici irticaçı ağalarından aldıqları maliyyə və əmrlər əsasında respublikamızın ikinci böyük şəhəri olan  Gəncədə iğtişaşalar törətməyə cəhd etdilər. Ancaq dövlətimizə, dövlətçiliyimizə bağlı olan yüz minlərlə gəncəli 200 nəfərə yaxın bu xəyanətkar-kriminal radikal dəstənin iyrənc təxribatlarının genişlənməsinə imkan vermədi.  Ancaq çox təəssüf ki, bu terrorçu dini qruplaşma üzvlərinin qanunsuz hərəkətlərinin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Respublikamızın hüquq-mühafizə orqanları tərəfindən radikal dini yönümlü terrorçular tərəfindən törədilmiş bu qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində artıq polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib. Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri-Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb. Qanlı cinayətin fəal iştirakçılarından olan 11 nəfər həbs olunub.

Dünən  Prezident İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bildirib ki, cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək: “Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənalı olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi. Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq”.

Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, Azərbaycanın müstəqillik tarixində ölkəmizə qarşı bir neçə dəfə silahlı təxribatlar, terror aktları, törədilib, dövlət çevrilişlərinə cəhd olub. Lakin onların biri də baş tutmayıb. Çünki ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi var: “Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz. Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”.

Ulu Nizami yurdu olan Gəncə sakinləri, eləcə də respublikamızın bütün ictimaiyyəti dövlətiçiliyimizə, təhlükəsizliyimizə, milli maraqlarımıza qarşı yönəlmiş bu təxribatçı əməlləri pisləyərək cinayətkarların ən sərt şəkildə cəzalandırılmasını tələb etməklə bir daha dövlətimizin, dövlətçiliyimizin, ölkə rəhbərliyinin yanında olduqlarını qətiyyətlə nümaiyş etdirdilər. Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar birmənalı olaraq bəyan etdilər ki, bu terrorçu əməllərin arxasında uğurlarımızı, Azərbaycanın müstəqil siyasət yeritməsini, respublikamzın gündən-günə inkişaf etməsini gözü götürməyənlər, ona qısqanclıqla yanaşanlar, xarici düşmənlərimiz dayanır.

Ölkəmizin başçısı 2018-ci il  iyulun 13-də respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda vurğuladı ki, son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmayıb: “Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi”.

İstər xarici düşmənlərimiz istərsə də onlara maşalıq edən bəzi yerli satqınlar, beyni yuyulmuş radikal dini yönümlü  şəxslər-zombiləşmişlər  bilməlidirlər ki, gündən-günə inkişaf edən, necə deyərlər, nizamı pozulmuş çağdaş dünyamızda sabitlik adası olan, sarsılmaz xalq-iqtidar birliyinin bərqərar olduğu Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr heç vaxt məqsədlərinə çatmayacaqlar.

İyulun 13-dəki iclasda dövlətimizin rəhbəri bunu bir daha vurğuladı ki, bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Həmin qanlı cinayətlərin, terror aktlarının əsas məqsədi bundan ibarətdir: “Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir. Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Yəni, bir daha demək istəyirəm ki, bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənali olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi”.

Dünən Prezident İlham Əliyev 2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş polis polkovniki İlqar Məmməd oğlu Balakişiyevi və polis polkovnik-leytenanatı Səməd Yunis oğlu Abbasovu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdi.

Bəli, dövlətçiliyimizə, təhlükəsizliyimizə, milli maraqlarımıza qarşı yönəlmiş bu təxribatçı əməllərin qarşısını alarkən şəhid olan rəşadətli polis əməkdaşları polis polkovniki  İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov daim xalqımızın qəlbində yaşayacaqdır.

Dövlətimizə, dövlətçiliyimizə, firavan həyatımıza, sabitliyimizə, milli maraqlarımıza qənim kəsilən xarici düşmənlərimizin əlində alətə çevrilən xəyanətkarlar isə daim xalqımız tərəfindən lənətlənəcəkdir. Onların axirət dünyasında yeri də cəhənnəmdir. Məhz buna görə də bu gün cəmiyyətimiz iyulun 10-da qədim və tarixi Gəncə şəhərində iki polis əməkdaşının qətlində şübhəli bilinən və iyulun 13-də keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən yerində məhv edilən, İslam əxlaqından, sevgisindən, şəfqətindən, ədalətindən, təvazökarlığından, fədakarlığından mərhum olan radikal terrorçu Rəşad Böyükkişiyevin dini adət ənənələrə uyğun olaraq müsəlman qəbiristanlığında dəfn edilməsini yolverilməz hesab edir. Bəli, xəyanətkarın, terrorçunun, özünü şeytana təslim edənlərin aqibəti belə olmalıdır.

Zahid Rza,

“İki sahil”