14 iyul 2018 14:32
4836

“Şərq-Qərb” nəqliyyat dəhlizi: Asiyadan Avropaya doğru...

 Bu gün regional və qlobal nəqliyyat-kommunikasiya dəhlizlərinin reallaşdırılması ilə Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir.

  Əlverişli coğrafi mövqeyə və zəngin enerji ehtiyatına malik Azərbaycan bu layihənin reallaşdırılması ilə beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilməklə yanaşı, beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirəcək, ölkəmizin iqtisadi tərəqqisi daha da sürətlənəcək, tərəfdaş ölkələr arasında siyasi mövqeyini daha da gücləndirəcək. Regionun iqtisadi inkişafına  böyük töhfələr verəcək bu nəhəng layihələr xalqlar arasındakı bağları gücləndirəcək, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər  yaradacaq.

 Hazırda ölkəmiz Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Aparılan genişmiqyaslı quruculuq işlərinin sayəsində respublikamızı qonşu ölkələrlə birləşdirən bütün magistral yollar müasirləşdirilib, ölkəmizdə altı beynəlxalq hava limanı inşa edilib, təyyarə parkı yenilənib, dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi prosesi uğurla davam etdirilir. Həmçinin 2018-ci ildə Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək, dəhlizlərin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yararlanmağa şərait yaradacaqdır. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra, “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq, Asiya ölkələri ilə Avropa arasında yüklərin çatdırılma vaxtı əhəmiyyətli dərəcədə qısalacaq.

Avropa ilə Asiyanın qovuşağında, möhtəşəm İpək Yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Ölkəmizin başçısı cənab İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri daim yüksək qiymətləndirərək bildirir ki, belə infrastrukturların qurulması Böyük İpək Yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir.

Prezident İlham Əliyev ötən il Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə  nəqliyyat sahəsində regional və ya qitə səviyyəsində əməkdaşlıq olmasa,  heç bir uğur qazanmağın mümkün olmyacağını bir daha diqqətə çatdırmışdı: “Buna görə də bizim hədəfimiz Azərbaycanı vacib regional nəqliyyat mərkəzinə çevirməkdir. “Şərq-Qərb” nəqliyyat dəhlizi tezliklə fəaliyyət göstərəcək. Bu, Xəzər dənizindən, Azərbaycandan keçən, Asiyadan Avropaya gedən bir yoldur və bu, Asiyadan Avropaya ən qısa nəqliyyat yolu olacaq. Digər bir yol isə Cənubdan Şimala, yaxud Cənubdan Qərbə doğru gedir və bu yol da Azərbaycan ərazisindən keçir və Azərbaycan buraya da sərmayə yatırıb. Bu, əlbəttə ki, bizə qeyri-neft sektorundan gələcəkdə daha çox pul qazanmaq imkanı verəcək”.

 Bu layihələrin uğurla reallaşdırılmasının nəticəsində bu ilin 9 ayı ərzində Azərbaycan və Qazaxıstan arasında dəmir yolu vasitəsilə yükdaşımaların həcmi 1,5 milyon tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 146% çoxdur. Aparılan təhlillərə və proqnozlara görə, 2020-ci ildə Şərq-Qərb istiqaməti üzrə daşınmaların 5 dəfə artacağı gözlənilir.

Zahid Rza,

“İki sahil”