17 iyul 2018 14:50
1226

“Cənub Qaz Dəhlizi”: enerji resurslarının şaxələndirilməsində əvəzolunmaz layihə

Bu fikirlər bu günlərdə Avroponın siyasi mərkəzi olan Brüsseldə səsləndirilib. Belə ki, Prezident İlham Əliyevin 2018-ci il iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bir daha qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Avropa İttifaqı arasında  paraflanan tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir. 

Bütün bunlarla yanaşı, beynəlxalq maliyyə təşkilatları da Avropanın enerji təhlükəsizliyinin təminatında və mənbələrinin şaxələndirilməsində mühüm rol oynayacaq bu  nəhəng layihəyə  dəstək verməkdə davam edirlər. Bu günlərdə Dünya Bankının (DB) qrupuna daxil olan İnvestisiya Təminatları üzrə çoxtərəfli agentlik (MIGA) Transanadolu qaz kəməri (TANAP) layihəsinə dəstək məqsədilə 1,1 milyard dollar həcmində zəmanət verib. MIGA-nın yaydığı bəyanatda qeyd olunub ki, 5 illik zəmanət “Cənub Qaz Dəhlizi” üçün “AKA Bank”, “Citi”, “Crédit Agricole CIB”, “ING”, “LBBW”, “Santander i Société Générale”in kreditləri üçün verilib.

Prezident İlham Əliyev mayın 29-da Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimində bildirib ki, “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək: “Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib”.

Bir müddət əvvəl ölkə başçısının siyasi iradəsi, qətiyyəti, ölkəmizin liderliyi ilə həyata keçirilən, mühüm tarixi əhəmiyyətə malik olan, xalqımızın firavan gələcəyini təmin edən, böyük bir coğrafiyada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən, XXI əsrin layihəsi adlandırılan, “Şahdəniz Mərhələ-2” çərçivəsində hasil edilən qazı Xəzər dənizindən Türkiyəyə, oradan da Avropaya nəql edəcək 3 min 500 kilometr uzunluğa malik nəhəng infrastruktur və qlobal enerji təhlükəsizliyi layihəsi olan Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP uğurla reallaşdırıldı.  Belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihənin uğurla reallaşdırılması, həyata vəsiqə alması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməklə yanaşı, ölkəmizə böyük iqtisadi gəlirlər qazandıracaq, respublikamızın sosial-iqtisadi tərəqqisinə  böyük töhfələr verəcəkdir. Bu layihənin gerçəkləşdirilməsi Azərbaycanın regionda siyasi mövqeyini möhkəmləndirməklə bərabər həm də ölkəmizə mühüm iqtisadi dividentlər qazandıracaq. Bu layihə Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək, eyni zamanda milli iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq. Ölkəmizin layihədə əməliyyatçı qismində çıxış etməsi həm iqtisadi cəhətdən, həm də nəqliyyat xərclərinin azaldılması baxımından əhəmiyyətlidir.
Bundan başqa “Cənub Qaz Dəhlizi” region ölkələrinin öz enerji resurslarının dünya bazarına çıxarması  üçün yeni imkan yaradır. Layihə dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işguzar əlaqələrin inkişafına töhfə verəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək.

Zahid Rza,

“İki sahil”