17 iyul 2018 14:58
2100

İlham Əliyev: Xalq –iqtidar birliyini heç bir qüvvə- nə xarici, nə də daxili qüvvə sarsıda bilməz

Dövlət başçımızın  respublikanın hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə  keçirdiyi iclasda söylədiyi kimi, bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz

Müstəqil dövlət kimi  dünya siyasətinə təsir imkanları artan,  qarşıda duran hədəflərə çatmaq üçün inkişaf konsepsiyasında nəzərdə tutulan strateji   vəzifələri uğurla icra edən, nəhəng, qlobal layihələrin təşəbbüskarı olmaqla Avropanın enerji, nəqliyyat  xəritəsinin yenidən tərtib edilməsində  rolu artan Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmləndikcə  bu tərəqqidən şoka düşən, qısqanan qüvvələrin xəbis niyyətləri də  artır. Bütün azadlıqların təmin edildiyi, müasir  demokratik ölkə  kimi tanınan respublikamızda keçirilən beynəlxalq   konfrans və simpoziumlarda, forumlarda iştirak edən dövlətlərin sayının artması  xalq-iqtidar birliyi sayəsində siyasi  sabitliyi ilə  fərqlənən ölkəmizin demokratiya yolu ilə inkişafının göstəricisidir. Təbii ki, uğurlarımız dostlarımızı sevindirdiyi kimi,  rəqiblərimizi, əzəli düşmənimiz erməniləri, onların havadarlarını  məyus edir.

 Son dövrdə   Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi rolu olan  neft strategiyasının uğurla davam etdirilməsinin  ölkəmizin dünyada möhkəmlənən mövqeyi kimi  dəyərləndirilməsi,   dünya ictimaiyyətinin Azərbaycana artan marağı, əməkdaşlıq əlaqələrinin genişlənməsi belə dairələrin maliyyələşdirdiyi antimilli qüvvələri,  xəyanətkarları da narahat edir. Cənub Qaz Dəhlizinin, TANAP-ın açılış mərasimlərinin böyük təntənə ilə keçirilməsi, Azərbaycanın müdafiə qüdrətinin göstəricisi olan  Silahlı Qüvvələrimizin 100 illiyi münasibətilə  təşkil olunan möhtəşəm parad təbii ki,  ermənipərəst dairələrin maliyyələşdirdiyi daxili və xarici  satqınları qıcıqlandırmaya bilməzdi.  Yəni, Azərbaycanın dinamik inkişafı, müstəqil   dövlət kimi  daxili və xarici siyasətinin dünya birliyi tərəfindən dəstəklənməsi ölkəmizdə çaşqınlıq  yaratmaq istəyən antiazərbaycan dairələri həsəd girdabında boğur.

 Adətən  daxili çirkinliklərini beynəlxalq təşkilatlarda Azərbaycana qarşı apardıqları təxribatlarla bildirən belə  naxələflər fürsət düşdükcə  ölkəmizə qarşı  pis niyyətlərini müxtəlif  üsullarla yerinə yetirməyə cəhd göstərirlər. Son günlərdə  isti iyulun hərərətinin ölkənin siyasi  həyatında da hiss olunması belə dairələrin təxribatlarının nəticəsidir.

 …Nələr baş verir? İyul ayının əvvəllərində  ölkənin əsas enerji  dayaqlarından sayılan Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində  respublikada yaranan enerji böhranı iqtisadiyyatın, məişətimizin digər sahələrində- su, nəqliyyat ilə təchizatda problemlər yarandı.  İnsan amilinə diqqəti dövlət siyasətinin əsası adlandıran Prezident  İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar  keçirilən müşavirədə  baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün lazımıi  göstərişlər verildi, məsələni araşdırmaq, günahkarları müəyyənləşdirmək üçün Dövlət Komissiyası yaradıldı, gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planının hazırlanması tapşırıldı.  Xalqın birgə dəstəyi ilə  yaranan çətinliklər qısa müddətdə  aradan qaldırıldı. Dövlət strukturları  fövqəladə şəraitdə belə  vəziyyətin normallaşması üçün qətiyyət göstərdilər.
  «Onu da qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir» söyləyən  cənab İlham Əliyevin sözləri  xalq-iqtidar birliyinin ifadəsi   olmaqla ölkədə gərginliyin  aradan qaldırılmasına da mənəvi dayaq oldu.  Məqam gözləyən düşmənlərimiz yaranan enerji böhranından istifadə edərək ölkədə sabitliyin pozulmasına cəhd göstərdilər.  Az sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı   Elmar Vəliyevə, onun köməkçilərinə qarşı silahlı  terror aktı  törədildi. Azərbaycanın ən böyük mədəniyyət mərkəzi,  ziyalılar, vətənpərvərlər  yurdu, dövlətçiliyimizə sadiq insanlar yetirən  Gəncədə baş verən, dövlətçiliyimizə qarşı tərədilən terroru ölkə ictimaiyyəti   hiddətlə qarşıladı. Hadisəni törədən cinayətkarların cəzalandırılmasına etiraz edən radikal düşüncəli qrupun keçirdiyi aksiyaların qarşısını almağa cəhd göstərən  asayiş qoruyucularına –polis xəbərdarlığına  itaətsizlik nəticəsində  yaranan qarşıdurmada polis polkovniki İlqar Balakişiyev və polis  polkovnik –leytenantı  Səməd Abbasov qətlə  yetirildilər.  Bu cinayət hadisələri, dövlət məmuruna, yüksək çinli  polislərə qarşı törədilən terrorlar ölkədə mövcud olan sabitliyə qarşı yönəlmiş təxribatlar idi.

 Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə  köməkçisi Əli Həsənov  son hadisələrə  münasibətini   «Facebook» səhifəsində geniş şərh edərək terrora qarşı mübarizədə xalqı birliyə  çağırdı. « İdeoloji təxribat deyəndə, bir məqamı da yada salmaq yerinə duşərdi. Yaxın tariximizdə  Azərbaycan əsilli xarici vətəndaşın törətdiyi ilk terror aktı Azərbaycan Dövlət Neft Akademiyası hadisəsidir. Amma həmin terror öz hədəfinə çatmamış, terror aktı, onu törədən şəxs və arxasındakı qüvvələr cəmiyyət tərəfindən birmənalı olaraq lənətlənmişdilər. Bu dəfə də  terror Azərbaycan əsilli xarici vətəndaş tərəfindən törədilib Amma qeyd etdiyim kimi, ona ictimai bəraət qazandırmaq üçün uzunmüddətli iş aparılıb. Bəzi sosial  səhifələrdə « qalxın,  digər şəhərlərdə də  bunu təkrar edin» çağırışları  terrorun yeni  dalğasına  çağırış kimi  qiymətləndirilə bilər. Çünki  bu aksiyalarda Azərbaycan vətəndaşlarının  kütləvi iştirakını təmin etmək məqsədi  güdülür.»

 Gəncə hadisələrini törədənlərin də məqsədi ölkədə  sabitliyin pozulması,  xaos və  qarşıdurma yaratmaq idi. Amma belə dairələrə cavabı iqtidarla birliyi ilə  verən Azərbaycan xalqı  cinayəti törədən Yunis Səfərov, Rəşad Böyükkişiyev, Bəkram Əliyev kimiləri lənətləyir, Azərbaycanda iğtişaşlar yaratmağa çalışanların niyyətlərinin baş tutmayacağına əmin olduqlarını bildirirlər.

 Azərbaycan xalqı birliyi ilə   ölkəmizə qarşı düşmən münasibət göstərən ermənipərəst qüvvələrə göstərdi ki,  möhkəm təmələ əsaslanan ölkəmizin sabitliyini heç bir qüvvə poza, sarsıda  bilməz.

 Terrorları dini radikalizmdən istifadə edərək törədənlər  Naradaran hadisələri zamanı da  layiq olduqları  cavabı aldılar. Nardaranda yuva quran və xarici  havadarlarından dəstək alan təxribatçılar  dövlətin gördüyü tədbirlər nəticəsində,  qanun çərçivəsində  cəzalarını aldılar.  Ölkəmizdə qarışılqlıq salmaq istəyənlər niyyətlərinə çatmadılar.

 Növbəti dəfə  Gəncədə  sabitliyi pozmağa cəhd edən radikal qüvvələr də   cəzasız qalmadı və bundan sonra da qalmayacaq. Çünki Azərbaycanın  xalq tərəfindən seçilən, siyasəti bütün dünya azərbaycanlıları tərəfindən dəstəklənən, humanist, insanlara dəyər verən,  beynəlxalq ictimaiyyət arasında böyük hörmət və nüfuza malik  cənab  İlham Əliyev kimi Prezidenti var . Eyni mərkəzdən idarə olunan, sosial şəbəkələr vasitəsilə  insanları itaətsizliyə  sövq edən qüvvələr unudurlar ki,   respublikanın ən böyük şəhərlərindən olan  Gəncə 1993-cü ildəki  Gəncə deyil.  Hadisələr zamanı dövlətin siyasətini dəstəkləyən  bütün Azərbaycan xalqı  dövlətçiliyin qorunması, müstəqilliyimizin əbədiliyi naminə  Prezident İlham Əliyevin ətrafında sıx birləşərək aprel ayının 11-də dövlət başçımıza göstərdikləri yekdil etimadı bir daha təsdiqlədilər. Xalq Azərbaycanı dünya birliyində  qüdrətli ölkələr sırasına çatdıran inkişafın davamına  tərəfdar çıxaraq antiazərbaycan qüvvələrə «yox» dedi. Müstəqillimizin əbədiliyini qoruyan, bunun üçün  ölkədə davam edən quruculuq və inkişafa, sabitliyə vətəndaşlıq mövqeyindən yanaşan,  demokratiyanın yaratdığı   söz, vicdan azadlıqdan məmnun qalan insanlar yenə də iqtidarın siyasətini dəstəklədilər. Xarici ölkələrdə «mətbəx  mühacirləri» kimi tanınan,  Azərbaycana qarşı  aksiyalarda iştirak edənlərə nifrətlərini  həmrəylikləri ilə bildirdlər.

 Azərbaycanın tolerantlıq, multikulturalizm  ənənələrinə sadiqliyi dövlət siyasətinin  əsasını təşkil etdiyindən  ölkəmizdə   bütün millətlərə  dini mənsubiyyətlərə görə  fərq qoyulmur. Ölkəmizdə yaşayan, milliyyətindən asılı olmayaraq  hər bir azərbaycanlı  adət – ənənələrinin qorunmasında, yaşadılmasında  sərbəstdir. Əksinə dini radikalizmdən istifadə edərək belə terrorları törədənlərin əməlləri  mərhəmət,  sülh prinsiplərini təbliğ edən İslam dininə qarşı   cinayətdir. Ölkəmizdə  «İslam Həmrəyliyi ili»nin elan olunması,  dini və tarixi abidələrə diqqətin artırılması,  Bakının İslam Mədəniyətinin Paytaxtı elan olunması (2009-cu il) , 2018-ci ildə  Naxçıvanın bu ada layiq görülməsi,  Azərbaycanın tolerantlıq və multikultural  təcrübəsinin dünyada  təbliğ olunması ölkəmizdə din-dövlət münasibətlərinin sağlam prinsiplərə əsaslandığını göstərir. Bu baxımdan tam əminliklə deyə bilərik ki, terroru törədən cinayətkarlar və onların havadarları İslam aləmindən, islami dəyərlərdən xəbərsizdirlər. « Bizim müstəqillik tariximizdə  ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilmişdir, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki,  Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə  bu barədə  öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq- iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq –iqtidar birliyini heç bir qüvvə- nə xarici, nə də daxili qüvvə sarsıda bilməz.»

 Prezident İlham Əliyevin respublikanın hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə  keçirdiyi iclasda söylədiyi bu fikirlər bütün Azərbaycan xalqının ümumi rəyinin ifadəsidir. Çünki Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə   qorunur.   Dünya dövlətləri arasında iqtisadi inkişaf  baxımından   yüksək pillərdə yer alan,  siyasi, diplomatik,  hərbi potensialı  artan respublikamızın sivilizasiyalararası dialoq  mərkəzi, qitələrarası körpü kimi tanınması sübut edir ki,  Azərbaycan  dünyada az-az rast gəlinən nadir, sabit  ölkələrdəndir.   Bunu gözü götürməyən qüvvələrin ölkəmizə olan düşmən münasibəti  siyasi  qısqanclıqdan qaynaqlanır. İllərdən bər ermənipərəst dairələrin apardıqları təxribatların nəticəsiz qalması da  göstərir ki, beynəlxalq aləmdə  siyasəti dəstəklənən Azərbaycana qarşı   kampaniyalar,  müxtəlif xarici mərkəzlər tərəfindən idarə olunan «qara piar»lar    səmərəsizdir. « Bizim siyasi iradəmizə  heç bir qüvvə  təsir edə  bilməz. Bizi tutduğumuz yoldan heç  kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə  sübut edib Kim ki,  bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub, Əvvəllər də  belə olub,  bu gün də belədir, bundan sonra da belə olacaq» söyləyən dövlət başçımızın bildirdiyi kimi Azərbaycan xalqı  sülh , əmin-amanlıq, təhlükəsizlik şəraitində  yaşayıb, yaradır, qurur. İnkişafımıza, sabitliyimizə əngəl olmaq istəyənlər isə  məsuliyyətdən boyun qaçıra bilməyəcək, cəzasız qalmayacaqlar. Onların son addımları da göstərir ki,  terrorçular əməllərinə görə  məhkəmə, ədalət, qanun qarşısında cavab verəcəklər. Həmişə olduğu kimi, Azərbaycan dövləti bu dəfə də gücünü,  qüdrətini, terrora qarşı mübarizədə  dəyişilməz əzmini göstərəcək. Qarayaxma kampaniyasının «öncülləri»,  AXCP sədri Əli Kərimli, «Milli Şura»nın kağız üzərində rəhbəri Cəmil Həsənli başda olmaqla özgə qapılarında dilənən,  Azərbaycanın milli maraqlarını  satan  antiazərbaycan  «demokrat məxluqların», üzüdönüklərin, vətənsizlərin-  Orduxan Teymurxanın, Tural Sadıqlının, Emin Millinin,  Vidadi İsgəndərlinin nəsibi Azərbaycan xalqının qəzəbi, lənətidir. 

«2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil. Xüsusilə biz ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə fikir versək görərik ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr o qədər də çox deyil. Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır» söyləyən cənab İlham Əliyev dəfələrlə bildirib ki,  kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir. Dövlət siyasətimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti qazanılan uğurların əsas səbəbidir.

 Xuraman İsmayılqızı,

«İki sahil»